“Üzeyir bəy hərdən yuxuma gəlir”

0
468

Səadət Qarabağlı… O, ölkəmizdə musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, dahi Azərbaycan bəstəkarı, dünya şöhrətli sənətkar Üzeyir Hacıbəylinin yorulmaz və cəfakeş tədqiqatçılarındandır. İndiyədək Üzeyir Hacıbəylinin həyatı, yaradıcılıq irsi, publisistikası, felyetonları, müasirləri və ailəsi haqqında kifayət qədər mükəmməl yazılarla çıxış edib. Səadət xanım, üstəlik, “Üzeyir bəy Hacıbəyovun publisitikasında musiqi məsələləri”, “Şöhrət tacı”, “Üzeyirbaycan”, “Üzeyir bəy Hacıbəyov və Molla Nəsrəddin” kitablarının müəllifi, “Üzeyir Hacıbəyov ensiklopediyası”nın həmmüəlliflərindəndir. Eyni zamanda U. Hacıbəylinin “Aşıqsayağı”, “Arazbari” musiqi əsərlərini nəşr etdirib. Daim axtarışda olan Səadət Qarabağlı dahi bəstəkarın anadan olmasının 120 illiyinə hədiyyə olaraq vaxtilə onu yaxından tanıyan insanların lent yazılarını toplayaraq “Ustadi xatırlarkən” adlı disk (SD) də hazırlayıb. Buraya Uzeyir bəyin tələbələrindən – Covdət Hacıyevin, Hacı Xanməmmədovun, Məmməd Cavadovun, Şəfiqə Axundovanın, Ədilə Hüseynzadənin, Hökumə Nəcəfovanın, Ruqiyə Rzayevanin, musiqisunas Əminə Eldarovanın, tanınmis rəqqasə Əminə Dilbazinin xatirələri daxil edilib. Bu mənada, demək olar ki, Üzeyir bəy irsini onun kimi araşdıran ikinci bir şəxs yoxdur desək, yanılmarıq. 1979-cu ildə görkəmli bəstəkarın ev-muzeyində işə başlamış, 1999-cu ildən 2005-ci ilədək muzeyin direktoru kimi fəaliyyət göstərmiş Səadət xanım artıq 11 ildir ki, bu müqəddəs məkandan ayrılıb. Daha doğrusu, ayırıblar. Hələ bu azmış kimi Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil olunmuş heç bir tədbirə nədənsə dəvət olunmur, bu və ya digər mərasimdə onun xidmətləri anılmır, direktoruluğu bir yana qalsın, heç üzeyirbəyşünasların sırasında adı belə çəkilmir. Baxmayaraq ki, Səadət xanım nəinki ölkəmizdə, hətta respublikamızdan kənarda da üzeyirbəyşünas kimi tanınır. Eşitdiyimə görə, hazırda Akademik Milli Dram Teatrının Musiqi hissə müdiri vəzifəsində çalışan Səadət xanım artıq 11 ildir ki, Uzeyir bəyin ev-muzeyinə üz tutmur. Bu və ya digər suallarla Səadət Qarabağlıya müraciət etdik. O, nədənsə suallarımıza cavab verməkdən imtina etməyə cəhd gostərdi. Az sonra dərindən ah çəkərək qismən də olsa, onları cavablandırmağa özündə cəsarət tapdı.

“Daxmanın bülbülü uçub getdi”

O, bizimlə söhbətində, həqiqətən də, 11 ildir bir zamanlar can-başla çalışdığı Üzeyir Hacıbəylinin ev-muzeyini ziyarət etmədiyini soylədi: “Amma bu heç də o demək deyil ki, mən o, böyük sənətkarı unutmuşam. Yeri gəlmişkən, elə indi də Üzeyir bəylə bağlı araşdırmalar aparıram. Bir sözlə, Uzeyir bəyin ruhu həmişə mənimlədir. Mənə qol-qanad verən, işlərimi qaydasına salan elə onun ruhudur”.

Haşiyə: Səadət xanımın bu ruh söhbəti təxminən on il əvvəl Üzeyir Hacıbəylinin ev-muzeyində qarşılaşdığım bəstəkar, Xalq artisti Musa Mirzəyevin həyat yoldaşı, Əməkdar jurnalist Svetlana Mirzəyeva ilə olan söhbəti yadıma saldı: “Yəqin S. S. Axundovun “Qaraca qız”nı xatırlayırsınız. Həmin əsər bu sözlərlə başa çatır: “Daxmanın bülbülü uçub getdi, – deyə Piri baba göz yaşı tökdü”. Mənə elə gəlir ki, Səadət xanım muzeydən getdi, Üzeyir bəyin ruhu da onunla getdi. Burada qalan yalnız Üzeyir bəyin əşyaları oldu”.

”Mənim ona olan sevgim rəhmətliyə əyandır”

Mən o zaman Svetlana xanımın bu sözlərinin fərqinə varmamışdım. Amma sonradan həmin muzeyə yolum düşəndə Svetlana xanımın bu fikrində haqlı olduğu qənaətinə gəldim. “Bir sözlə mən Üzeyir bəylə yaşayıram, ömrümün sonunadək o mənimlə olacaq, o mənim kredomdur”, – sözləri ilə söhbətini davam etdirən Səadət xanım Qarabağlı daha sonra dedi: “Üzeyir bəy hərdən yuxuma gəlir, mənə öz doğma balası kimi tövsiyələrini verir. Bir neçə gün öncə isə o, mənə bir baglama konfet verib dedi ki, bunu evə, uşaqlara apar. Görünür, mənim ona olan sevgim rəhmətliyə əyandır”. Yeri gəlmişkən, sənətsevərlər Səadət xanımı həm də Uzeyir bəyin mənəvi qızı adlandirirlar.

Haşiyə: Səadət xanımın uşaqlıq illəri özü də bilmədən Üzeyir bəy Hacıbəyli ilə bağlı olub. Belə ki, 1-ci sinifdə təhsil aldığı zaman Bakıda 1 nömrəli musiqi məktəbində onun müəllimi Üzeyir bəyin tələbəsi, məshur caz ustası Vaqif Mustafazadənin anası – Zivər Əliyeva olub. Füzuli rayonunda isə Üzeyir bəyin digər tələbəsi Məmməd Cavadovdan dərs alıb.


Şəkildə: soldan Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Nərgiz Xəlilova, Rüfət Xəlilov (Ramazan Xəlilovun övladları), dünya şöhrətli müğənnimiz Müslüm Maqomayev, Səadət Qarabağlı və Ü. Hacıbəylinin ev-muzeyinin sabiq direktoru, “Şöhrət” ordenli Ramazan Xəlilov


“Bu barədə düşünməyə dəyər”

Müsahibələrinizin birində deyirsiniz ki, “hələ tələbə ikən günlərin bir günü Ramazan Xəlilov (ev-muzeyinin direktoru) məndən soruşdu ki, bu muzeydə işləmək istəyərsiniz? Cavab verdim ki, bəli, böyük məmnuniyyətlə”. Elə isə yenidən belə bir təklif olsa, qəbul edərsinizmi?” sualına isə həmsöhbətimiz belə cavab verdi: “Əslində muzeyə bir də qayıtmaq istəməzdim. Lakin Uzeyir bəyə görə bu barədə dusunməyə dəyər”. Bəli, həqiqətən də, bu barədə düşünməyə dəyər.

Bir zamanlar Səadət xanımın rəyi belə alınmadan o, Üzeryir Hacıbəylinin ev-muzeyinə direktor təyin edilib. Öz işi ilə az bir zamanda hər kəsin hörmətini qazanıb. Lakin 2000-ci ildə Mədəniyyət naziri və icra hakimiyyətinin başçısının da iştirakı ilə keçirilən muzeyin 25 illik yubileyində qaldırdığı problem – “Muzey əldən gedir və əsaslı təmir lazımdır” sözləri sonradan onun fəaliyyətinə əngəl yaradır. Belə ki, onlardan bir səs çıxmadığını görən Səadət xanım az sonra təmir məsələsi ilə bağlı ölkə başçısına müraciət edir. Onun bu cəsarətli addımi bəzi məmurların xoşuna gəlmir və 2005-ci ildə ona başqa muzeydə işləməyi təklif edirlər. Lakin Səadət xanım: “Mən muzeyşünas yox, Üzeyirbəyşünasam” deyərək bu təklifi birmənalı rədd edir və ərizə yazıb istefa verir. Bu söhbətdən bir neçə gün sonra, yəni 2005-ci il fevralın sonunda cənab Prezidentin Üzeyir Hacıbəylinin ev-muzeyinin əsaslı təmir olunması ilə bağlı sərəncamı mətbuatda dərc olunur. Elə bu faktın özü göstərir ki, görünür, bəzi məmurlar bu sərəncamın Səadət xanımın adı ilə bağlı olacağından ehtiyatlanaraq belə bir addım atıblar. … Amma inanırıq ki, gec də olsa, haqq, ədalət qələbə çalacaq.

Qvami Məhəbbətoğlu