Üzərində valideyn təzyiqi hiss edən yeniyetmələr intihar etməkdən çəkinmirlər

0
628

Nərmin Haqverdiyeva
Hər bir valideyn övladının yaxşı təhsil almasını və gələcəkdə özünə yaxşı karyera qurmasını istəyir. Ancaq bəzən valideynlərin bu istəyi tələbə çevrilir. Övladı ilə düzgün münasibət qura bilməyən, uşağın psixologiyasını nəzərə almayan valideynlərin bu tələbi bəzən uşaqlar üzərində yükə çevrilir. Bu yükdən xilas olmaq üçün çarəni universitetə qəbul olmaqda görən gənclər də uğursuzluğa düçar olduqları zaman intihar etməkdən belə çəkinmirlər. Hər il ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlananda “Ali məktəbə qəbul ola bilmədiyi üçün intihar etdi” kimi xəbərlərlə rastlaşırıq. Bu kimi hallar təkcə Azərbaycanda deyil, bütün ölkələrdə var. Bir neçə gün öncə də Çinin Sinxuan əyalətində 2 gənc imtahandan zəif qiymət aldıqları üçün valideynlərinin təzyiqlərindən qorxaraq özlərini 5-ci mərtəbədən aşağı atıblar. Bəs, görəsən, bu halların baş verməməsi üçün nə etmək lazımdır. Bununla bağlı mütəxəssislərimiz nə məsləhət görürlər?
“Valideynlərinin tələbatını ödəyə bilməyən abituriyent uğursuz olur və intihara cəhd edir”
Psixoloq Narınc Rüstəmova “Zaman-Azərbaycan” qəzetinə müsahibəsi zamanı bildirdi ki, qəbul imtahanları ərəfəsində gənclərin intihar halları, evdən qaçması, intihara cəhd etməsi, ailədaxili münasibətlərin korlanması kimi bir çox problemlərlə üzləşirik: “Bu əsasən yeniyetmə uşaqlarda özünü göstərir. Üzərində valideyn təzyiqi hiss edən yeniyetmələr intihar etməkdən çəkinmirlər. Bu kimi halların olmaması üçün yaxşı olardı ki, mövzu ilə bağlı maarifləndirmə işləri aparılsın. Çünki təəssüf ki, bizdə abituriyent dönəmi 17, 18 yaşlarına təsadüf edir. Avropada isə bu yaş daha çoxdur. Məsələn, qonşu Türkiyədə 30, 35 yaşlı abituriyentlər normal qarşılanır. Ancaq bizdə uşaq məktəbi bitirən kimi hökmən hazırlıqlara, kurslara getməlidir və 1 il belə itirmədən universitetə qəbul olmalıdır. Bu yaşda çox şeyi yaxşı dərk edə bilməyən abituriyentlər ixtisas seçimində də səhvlərə yol verirlər. İntihar halları ən çox ailə təzyiqi olan, üzərinə həddən artıq məsuliyyət yüklənən uşaqlarda olur. Davamlı olaraq valideynlərin uşağa qarşı istəkləri, tələbləri artır. Uşaq da o tələbatları ödəyə bilmədiyi, uğursuzluqla üzləşdiyi zaman özünə inamı itir və intihara cəhd göstərir. Bunun üçün də ailəyə çox böyük məsuliyyət düşür. Təbii ki, övladının ali məktəbə daxil olması hər bir ailə üçün sevincdir. Ancaq yaxşı olardı ki, bu, valideynin məqsədi kimi önə qoyulmasın. Yəni uşaqlara “mən istəyirəm”, “olmalıdır”, “biz utanarıq”, “camaat nə deyər” deyə təzyiq etməməlidirlər. Çox vaxt valideyn bunu edir. İmtahanlara bir ay qalmış valideyn görür ki, uşaq sınaqlardan az bal toplayır, başlayır ki, “biz səndən heç bir şey istəmirik”, “narahat deyilik” deməyə. Təbii ki abituriyent də uşaq deyil, bunların hamısını başa düşür”.
“Valideynlər çalışsınlar ki, tələbatlarını uşağın potensialına uyğun olaraq hazırlasınlar”
Abituriyentlərə sakitləşdirici dərmanlardan uzaq durmalarını məsləhət görən N. Rüstəmova bildirdi: Artıq imtahanlara az qalıb. Yaxşı olardı ki, uşaqlar imtahana 3, 4 gün qalmış dərs oxumasınlar. Daha çox böyüklərlə zaman keçirsinlər, böyüklərin xeyir-duasını alsınlar. Yəni uşaq bir az dərs mühitindən uzaq olsun. Rahat olsun. Bu onlara psixoloji cəhətdən çox yaxşı təsir edir. Valideynlər uşaqlarını son ana kimi oxutmaq qərarında olmasınlar. Bu daha çox yüklənmə yaradır. Daha çox təbiət qoynunda zaman keçirməyə üstünlük versinlər, yuxusunu tənzimləsinlər. Çünki abituriyentlər gecə saatlarına qədər dərs oxuduqlarına görə onlarda yuxu problemi olur. Sakitləşdirici dərmanlardan (korvalol, valeryan) uzaq dursunlar. Bu uşaqlarda gərginliyi azaltmaq yerinə, daha da artırır. Uşaq düşünür ki, mən xəstəyəm, problemin var deyə mənə dərman verirlər. Hətta bəzən uşaqlar bunun dozasını çox artırır. Fikirləşir ki, dərman 1 ədəd içdiyi zaman yüngül təsir edirsə, 3 ədəd qəbul etdiyi zaman daha yaxşı təsir göstərəcək. Valideynlər çalışsınlar ki, tələbatlarını uşağın potensialına uyğun olaraq hazırlasınlar. Yəni hər uşaq supermen olmaq, 500, 600 bal toplamaq məcburiyyətində deyil. Valideyn birinci növbədə uşağın müəllimləri ilə əlaqə saxlamalıdır. Uşağın sınaqları və göstərdiyi nəticə arasında uyğunlaşdırma olmalıdır”.
“Uşağa fənn hazırlığı ilə yanaşı, psixoloji hazırlıq da lazımdır”
Uşağa fənn hazırlığı ilə yanaşı, psixoloji hazırlığın da lazım olduğunu deyən N. Rüstəmova psixoloji hazırlığın imtahana bir həftə qalmış başlandığını deyir: “Psixoloji hazırlığa bir həftə əvvəl yox, ən azı 3 ay qabaqcadan başlanılmalıdır. Bizdə psixoloji hazırlıq çox vaxt ikinci planda qalır. Elə olur ki, uşaq fənləri çox yaxşı bilir, sınaqlarda uğurlu da olur. Ancaq qəbul imtahanında onu göstərə bilmir. Müəllimin proqnozu 450, 500-dur. Ancaq uşaq 200 bal toplayır. Bu da psixoloji hazırlığın vacibliyini bir daha göstərir. Ona görə də valideynlər istər imtahanın keyfiyyətinin yaxşı olması üçün, istərsə də ondan sonra gözlənilən hər hansı hadisəyə qarşı hazırlıqlı olmaq üçün övladlarına psixoloji yardım göstərməlidir. Bu, motivasiya deyil. Motivasiyanı ana da verə bilir. Psixoloq təlim prosesini tənzimləyir. Uşağa zamanı necə bölməsini, idarə etməsini öyrədir. Yaxşı olardı ki, imtahanın keçiriləcəyi məkan ilə abituriyent gedib əvvəlcədən tanış olsun. Fikir verin, çox zaman intihar halları imtahanın keçirildiyi məkanda edilir. Çünki uşaq yeni bir mühitdə yeni bir həyata addım atır və bu onu çox gərgin edir. Bu da imtahanda uşağın öz potensialını üzə çıxarmasına mənfi təsir edir”.
“Uğursuzluqları ilə barışmayan gənclər intihara cəhd edirlər”
Təhsil üzrə ekspert Əjdər Ağayev hesab edir ki, abituriyentin intihara cəhd etməsinin bir neçə səbəbləri var: “Bunun bir çox səbəbi ola bilər. Sosial problemlər, ailədaxili problemlər, iradənin zəif olması, valideynlərin təzyiqi və s. İradəsi zəif olan yeniyetmələr valideynlərinin onlardan gözlədiklərini yerinə yetirə bilmədikləri zaman depressiyaya düşürlər. Bu da onların imtahanlarda uğursuz olmasına səbəb olur. Valideynlərin uşağa “mütləq qəbul olmalısan”, “hazırlıqlarına bu qədər pul xərcləmişəm”, “pulu batırma” kimi sözlər söyləməsi uşaqların valideyn qarşısında xəcalət çəkməsinə səbəb olur. Nəticədə, uğursuzluqları ilə barışmayan gənclər intihara cəhd edirlər. Uğursuzluqların digər səbəblərindən biri də orta məktəbdə lazımınca alınmayan təlim-tərbiyədir. Bəzən də kiminləsə rəqabət aparan gənc uğursuz olduğu zaman bunu qəbul edə bilmir və intihar edir”.