“Üzən” yoxsa, “üzdürülən” manat

0
657

Bildiyimiz kimi, uzun illər idi manat dollar qarşısında “əyilmirdi”. Hətta son illər dolların manata nisbətdə cüzi də olsa ucuzlaşdığını görürdük.

Ancaq ötən ilin ikinci yarısından sonra hər şey tərsinə dönməyə başladı. 2015-ci il başlayar-başlamaz milli valyutamız dollardan ilk “zərbəsini” aldı. 36%-lik ucuzlaşmanın kifayət qədər yüksək olduğunu nəzərə alaraq hər kəs belə fikirləşirdi ki, bu il dollar daha manata “yaxın gəlməyəcək”. Ancaq necə deyərlər “sən saydığını say, gör Mərkəzi Bank nə sayır”. Manat ilin sona çatmasına sayılı günlər qaldığı bir vaxtda dollardan ikinci “zərbəni” də aldı. Bu dəfə “zərbə” daha güclü oldu. Manat dollar qarşısında 47% ucuzlaşdı. Beləliklə 2015-ci ilin tamamlanmayan günlərini nəzərə almasaq manat bu il ərzində dollar qarşısında təxminən 2 dəfə ucuzlaşdı. Deyilənə görə, nə Avropa məkanında, nə də MDB məkanında heç bir ölkənin milli valyutası dolların qarşısında belə geriləməyib. Dünəndən başlayaraq manatın belə ağır “zərbə” almasında əsas günahkarın kim olduğu barədə müzakirələr başlayıb. İttihamları ümumiləşdirəndə belə görünür ki, əsas günahkar Mərkəzi Bankdır. Mənə görə, bu məsələdə ən az günahı olan Mərkəzi Bankdır. Mərkəzi Bank bu məsələdə birbaşa iştirakı olmadığı halda özünü “hədəfə” çevirib. Halbuki manatın dollar qarşısında “diz çökməsində” əsas günahkar ölkə iqtisadiyyatına cavabdeh olan digər qurumlardır. Heç kim onlardan tələb etmir ki, Azərbaycan iqtisadiyyatını ABŞ iqtisadiyyatından güclü etsinlər. Ancaq Qazaxıstanın, Gürcüstanın, Ermənistanın milli valyutaları dollar qarşısında manatdan daha çox “dözümlülük” nümayiş etdirirsə, bunun günahkarı Mərkəzi Bank deyil, həmin qurumlardır. Manat niyə dəyərdən düşdü bilirsiniz? Çünki büdcə gəlirlərində neftin payını azaltmadılar. İllərdir deyilir… Ancaq cavabdeh olan şəxslər özlərini əziyyətə salmaq istəmədilər. Özlərini əziyyətə salıb büdcə üçün yeni gəlir mənbələri tapmaq əvəzinə Neft Fonduna yığılan vəsaitləri “əritməklə” məşğul oldular. Ətrafımızda Ümumdünya Ticarət Təşkilatına üzv olmayan qalmayıb. Bir Rusiya qalmışdı, onlar da üzv oldular. Biz niyə üzv olmuruq? Çox bəsit həqiqətləri niyə başa düşmək və qəbul etmək istəmirik? Gömrük qaydalarını sadələşdirmədən, inhisarı ləğv etmədən, düzgün və ədalətli vergi sistemi tətbiq etmədən manatı qorumaq mümkün deyil. Ayda 300 manat alan müəllim gəlirinin 1/3-ni gəlir vergisi və məcburi sosial sığorta adı ilə büdcəyə ödəyir. Ancaq ayda 100 min manat qazanan müğənnilər büdcəyə 1 qəpik belə ödəmirlər. Necə olur ki, günlük dövriyyəsi 50-100 manat olan balaca bir dükana kassa aparatı qoyulur, ancaq günlük dövriyyəsi 10-15 min manat olan şadlıq evi “nəzarətdən kənar” saxlanılır? Bütün bunların nəticəsində bir qrup insan büdcəyə getməli olan vəsaitləri ciblərinə “axıtdılar”. İndi də neftin qiyməti düşən kimi, ABŞ-da uçot faiz dərəcəsi qaldırılan kimi həmin şəxslər valyuta dəyişmə məntəqələrinə axın edirlər. Valyuta dəyişmə məntəqələrində bir gündə 100 milyon dollar satılıb. İlin əvvəlindən bugünə kimi 10 milyarddan çox dollar alınıb. Kim alır bu qədər dolları? Ayda 300-500 manat əmək haqqı alan müəllim, həkim, jurnalist və digərləri bu qədər dolları ala bilməz. Bunu ancaq büdcəyə çatacaq vəsaitləri mənimsəyənlər ala bilər? İndi deyin görək, Mərkəzi Bank nə etməlidir? Ölkənin olan-qalan valyuta ehtiyatının son sentinə kimi satılmasını seyr etməlidi?

ALLAHVERDİ CƏFƏROV