“Üzən” komandalarımız da olacaq

474
An employee at a money changer counts USD 100 bills in Manila on October 25, 2012. AFP PHOTO/NOEL CELIS

İndi “üzən” manatdan şikayət etməyən yoxdur. Hətta iş o yerə çatıb ki, demək olar, bütün müəssisələr, iş adamları belə onun üzməyindən üzülürlər. Manatımız isə hələ də üzməyindədir. Onun “okean”ın hansı dərinliyində dayanacağı hələ də bəlli deyil. Amma bəlli olan o ki, belə üzməyi ilə manatımızın “Ginnesin rekordlar kitabı”na düşəcəyi şübhəsizdir. Bu mənasız girişdən sonra əsas mətləbə keçməmişdən öncə onu da deyim ki, əslində üzən bizik. Yəni başımıza gələnlər əslində manatın devalvasiyası deyil, bizim devalvasiyamızdır. Odur ki, elə bu səbəbdən əksəriyyət yüz ölçüb bir biçir ki, istər öz, istərsə də çalışdığı kollektivin puluna qənaət etsin. Yəqin, bəziləri deyəcək ki, balam, bu nə sayıqlayır, manatın üzməyinin idmana nə dəxli var? Amma belələri unudur ki, üzgüçülük də idmanın əsas növlərindən biridir. Elə mən də məsələyə bu aspektdən yanaşmağa çalışdım.
Nə isə, gələk mətləbə. Bəli, hazırda bəzi futbol komandalarımız (“Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə”, “Sumqayıt”) təlim-məşq toplantıları adı ilə Antalayada toplaşıblar. (Bəri başdan onlara uğurlar diləyək ki, sonradan başımız ağrımasın). Əsas məqsəd də həmin məkanda mövsümün növbəti oyunlarına daha mükəmməl hazırlaşmaq, həm də müxtəlif komandalarla yoxlama oyunları keçirməklə öz nöqsanlarını aşkar etməyə çalışmaqdır. Nə deyirik, işləri avand, rəqibləri zəif, özləri güclü olsun.
Şəxsən mənə görə, öz nöqsanını görmək və onu aradan qaldırmaq üçün çox uzağa getməyə əsla ehtiyac yoxdur. Özü də ilin-günün bu çağında… Yəni manatın üzdüyü, klubları üzdüyü bir dönəmdə… Bayaq dedim, yenə deyirəm, indi qənaət sabaha yatırılmış investisiya olmalıdır. Nə yaxşı ki, futbol aləmimizdə belə düşünənlər var: onlardan birincisi, məncə, “Kəpəz”in baş məşqçisi Şahin Diniyevdir.
Bəli, o bəzi həmkarları kimi, manatın üzməyini görüb Antalyanı seçmədi. Dedi ki, təlim-məşq toplanışını Antalyada yox, Yevlaxda keçirəcəyəm. Dünyanın bir sıra təlim-məşq toplantılarının məkanlarını görən bir şəxs kimi ərz etdi ki, bəs Yevlaxda gedəcəyimiz ölkələrdən geri qalmayan şərait var, belə olan təqdirdə niyə ondan yararlanmayaq? Üstəlik, bildirdi ki, belə bir məkandan imtina etmək əsla düzgün deyil. Bu sözləri ilə həm də Yevlaxı reklam edən Şahin Diniyev öz klubunu əlavə xərclərdən sığortaladı. Yeri gəlmişkən, hər kəs yaxşı bilir ki, belə təlim-məşq proseslərinin, bizim Məşədi İbadın sözü olmasın, bir anbar xərci var ki, sonradan o özünü bu və ya digər şəkildə göstərəcək. Şahin müəllim fikrincə, bu həm də vaxt itkisindən başqa bir şey deyil. Düz sözə nə deyəsən. Odur ki, mən də heç nə demirəm. Bircə onu deyə bilərəm ki, halal olsun öz belə düşünən baş məşqçiyə…
Məgər digər komandalarımız da Şahin Diniyev kimi düşünə bilməzdilərmi? Əlbəttə, düşünə bilərdilər. Sadəcə, düşünmək belə istəmədilər. Amma sabah futbolçularına əmək haqqı verə bilməyəndə aləm dəyəcək bir-birinə… Məsələn, götürək “İnter”i. Bu mövsümdə “İnter” dəfələrlə maliyyə problemi ilə gündəmə gəlmədimi? Hətta komandanın bəzi oyunçuları oyunları boykot etmək çağırışları ilə rəhbərliyi hədələmədimi? İmkansızlıq ucbatında bu klub yüksək maaşa çıxış edən futbolçuları ilə yollarını ayırmadımı? Bəs elə isə filan qədər xərc müqabilində təlim-məşq toplantısı üçün Antalyaya gedəndə niyə bir kimsə səsini çıxarmadı? Nə qədər qəribə olsa da, AFFA-nın hesabına maliyyələşən “Sumqayıt” AFFA rəsmisinin “kənar layihələr ləğv olunacaq” açıqlamasından sonra belə daşı ətəyindən tökmədi və gediş-gəliş pulunu oyunçuların boynuna qoymaqla Antalyaya yollandı. Görünür, oyunçuların da könlünə Antalya düşübmüş…
Yenə deyirəm, mənim fikrimcə, ilin-günün bu çağında belə bir səfərə çıxmaq, daha doğrusu, təlim-məşq toplanışına hansısa ölkəyə pənah aparmaq özü bir riskdir. Bu risk onların da manat kimi “üzməsi” ilə nəticələnməsə yaxşıdır. Amma onlar manatdan fərqli olaraq, çox uzağa gedə bilməyəcəklər. Kim bilir bu sözlərimə görə məni qınayanlar da olacaq. Qoy qınasınlar… Bəs görəsən sabah “İnter”ə, “Zirə”yə, “Sumqayıt”a Peşəkar Futbol Fedarasiyasının pezidenti Ramil Musayev desə ki, balam, danışanda: “Pul yoxdur”, – deyib ağlayırsınız, amma sorağınız Antalyadan gəlir, elə isə bəs AFFA-ya olan borcunuzu niyə vermirsiniz? Axı sizin hər birinizin bu quruma kifayət qədər borcu var…