Utanılası işlər

0
443

Adam vətəndaşı olduğu ölkədən utanarmı?

Əlbəttə, yox! Ən azı ona görə ki, məktəbdə Abbas Səhhətin “Vətənimdir” şeirini əzbərləyib müəllimindən “5”, olmasa 4, heç olmazsa, “beliqırıq” da olsa, “3” alıb:

Vətənin sevməyən insan olmaz,

Olsa, ol kəsdə vicdan olmaz!

Bax belə!

Amma vətəndə baş verənlərdən utanmaq olar. Məsələn:

1. Vətənimizin paytaxtı Bakıda küçələri gəzərkən Azərbaycan dilində nə bir mağaza, nə bir restoran, nə bir yeməkxana, hətta nə bir çayxana, pivəxana görmədiyinə utanmaq. Hamısı yad dildədir. İstədim bir-ikisinin adını yazam, qorxdum. Çünki bunlar elə adamların obyektləridir (bəli, bəli, müəssisəsi yox, məhz obyekti!) ki, onların adını çəkəni adsız qoyarlar!

Hələ “dükan” sözü! Gül kimi “market” sözü var: market, mini-market, super-market, hiper-market. Gör nə gözəl səslənir! Yoxsa “dükan?” Onda gərək deyək kiçik-dükan, yekə-dükan, nəhəng-dükan, nə bilim, nə dükan. Adamın əti tökülür!

Bir də “bazarlıq”! Bu nə sözdür ə? İndi “şopinq” ola-ola “bazarlıq” deyərlər? Adam utanır!

2. Bir də baxırsan, biri özü üçün bir internet səhifəsi açıb. Adını oxuyub zənn edirsən ki, ingilis, amerikalı vətəndaşa məxsusdur, sonra məlum olur ki, bizimkilərdəndir. Qardaş, sənin bu təqdim etdiyin xidmətlər ingilis üçün, amerikalı üçün, ümumiyyətlə, Bakıdan kənar üçün deyil, o zaman adı niyə əcnəbicədir?

3. Vətənimizin qadın cinsindən olan vətəndaşlarının adlarını eşidəndə lap çaşıb qalırsan: İradə yerinə İra, Nəzakət yerinə Naza, Sevinc yerinə Seva, Tahirə yerinə Taya, Lalə əvəzinə Lala, Rəhilə yerinə Raya… Əgər qoyduğunuz addan utanacaqdınızsa, o zaman niyə bu adları qoyurdunuz?

4. Bir də bunun əksi var. Adam çuşka dili olan ana dilində bir kəlmə də danışmır, uşağını da danışdırmır və təbii ki, uşaq da çuşkaca bilmir. Amma adı çuşkacadır. Anam, atam, sən ki bu çuşka dilindən utanırsan, onu bəyənmirsən, adını niyə çuşka xalqın adından qoymusan? Utanmırsan?

Bəli, onlar uşaqlarının, özlərinin adlarından utanırlar, biri də qalxıb onların utandıqlarından utanır! Utan, canın çıxsın, o qədər utan ki!

5. Onu deyirəm də! Hələ bir də var öz vətənində ana dilində danışmaqdan utananlar olduğunu görüb utanmaq! Buna ikidərəcəli utanmaq deyirlər. Çünki ana dilində danışmaq ikiqat ayıbdır – çuşkalıqdır.

Yeri gəlmişkən, siz “çuşka” sözünün mənasını bilirsiz? Mən bilirəm. Rusca, danışıq dilində “donuz,” kriminal jarqon olaraq isə “çmo,” yəni murdar, ən aşağı səviyyəli, hər kəsin alçalda biləcəyi adam. Gördünüz, bizim ana dilimizdə danışmaq nə demək imiş? Kim donuz olmaq istər ki? Heç kim. Elə buna görə də, rusca danışanları alqışlamaq lazımdır. Bu da azdır, təcili surətdə, vaxt itirmədən ana dilimizdən imtina edib, rusca danışmalıyıq. Amma işdir, birdən, Allah göstərməsin, bu “çuşka” dili olan ana dilimizdə danışmağa məcbur olsaq, onda da rusdilli vətəndaşlarımızı təqlid edib, sözlərin sonundakı incə saitləri qalınlaşdıraq. Məsələn, “internet” əvəzinə, “internıt”, “prezident” əvəzinə”prezıdınt”, “sədrliy”i əvəzinə “sədrlıyı”, bir sözlə, söz sonunda qarşımıza çıxan nə qədər incə sait varsa, hamısını “ı” kimi de, o zaman, heç olmazsa, tam “çuşka” olmayacaqsan, “çuşka na çetvert,” yəni dörddə bir çuşka olacaqsan. Bu da hesabdır! Amma yarım çuşka səviyyəsinə qalxmaq istəyirsənsə, o zaman zəhmət çəkib bir cümlədə sözlərin yarısını rusca deyəcəksən. Məsələn, dünən o frayeri gördüm. Ujas, çestnoe slovo, adam bir priçoska eləyib, umreş!

6. Hələ bir də ən böyük utanmaq olan rüsvayçılıq var, bilirsiniz nədir?Allah heç kəsə göstərməsin, iraq olsun, iraq olsun, biri səndən soruşa ki, uşağı məktəbdə hansı sektora qoymusan? Cavab verməli olasan ki, azsektora.

Yer ayrılsa, yerə girsən, bundan yaxşıdır. Göy gurlasa, ildırım çaxıb səni vursa, bundan yaxşıdır. Üstündən tank, tank olmasa, heç olmazsa, “KamAZ” keçsə, bundan yaxşıdır. Bir sözlə, ölüb yerə girmək bundan yaxşıdır. Necə yəni azsektora? Daha de ki, çuşka səndən yaxşı imiş ki! İstəyirsinizsə, vaxtınız vardırsa, yesli ya vas ne nadoel, bu bəndlərin sayını artıra bilərəm: 7, 8, 9, ….. 18, …. 115… Ancaq yox, Nizami babamızdan oxumuşdum ki:

Sözün də su kimi lətafəti var,

Hər sözü az demək, daha xoş olar.

Görəsən Nizaminin bu beytini ruscaya çevirsəm, necə olar? Bir yoxlayım görüm:

Voda toje imeet myaqkost i delikatnost, kak slovo,

Pryatno proiznesti yeqo kak mojno reje, a ne çaşe.

Vay dədə! Nizami babamız dirilib bu tərcüməni oxusa, təzədən ölər. Ey, tı, get öz işinin dalısıyca, çuşkarik neşastnıy!