Üstündən BMP keçmiş Nazim kişinin ürəkdağlayan hekayəti FOTO

514

Yəqin ki, 20 Yanvarla bağlı nümayiş etdirilən televiziya verilişlərində, yaxud da fotolarda əzik-üzük hala salınmış sarı rəngli “Zaparojets” markalı maşını görmüsünüz. Sən demə, Я 37-22 AQ seriyalı həmin minik maşını indiyədək qorunub saxlanılır. Həmin avtomobili bu günə qədər saxlayan isə onun sahibi, Qanlı Yanvar gecəsi üzərindən BMP keçmiş o maşının içindən, özünün dediyi kimi, Allahın köməkliyi ilə sağ-salamat çıxmış, həmçinin 14 yaşlı İlqar İbrahimovun şəhidliyinin şahidi olmuş Nazim Məhəmmədəli oğlu Ələkbərovdur. Bu günlərdə 61 yaşlı II qrup əlil Nazim kişi ilə görüşüb ona bir neçə sualla müraciət etdik.

Hazırda Yasamalda yaşadığı evin mansarında yerləşdirdiyi həmin əzik-üzük avtomobildən söz açan müsahibimiz bildirdi ki, bu, o Qanlı gecədə Sovet qoşunlarının tanklarının, BMP-lərinin (döyüş maşınlarının) tırtılları altına salınmış texnikalardan birinin nümunəsidir: “O gecənin dəhşətlərini bir daha yaşamaq üçün artıq mənim aləmimdə eksponata çevrilmiş bu maşına baxmaq kifayətdir. Nə yazıq ki, Sovet qoşunlarının vəhşiliklərinə tuş gəlmiş digər belə avtomobillər saxlanılmadı. Bir neçə gün içində hərbçilər tanklar tərəfindən əzilmiş, gülləbaran edilmiş həmin  maşınları küçələrdən yığışdırıb, əgər belə demək mümkünsə, “yerbəyer” etdilər, daha doğrusu, “metallom”a verdilər. Bu da səbəbsiz deyildi: Sovet ordusu törətdiyi cinayətlərin, vəhşiliklərin izini itirmək istəyirdi. Bu işlərin başında isə o zaman Bakının hərbi komendantı olmuş general Dubinyak dururdu.

Hətta o günlərdə  deyirdilər ki,  guya onları yığıb muzey təşkil edəcəklər. Amma bu, camaatı sakitləşdirmək məqsədi ilə yayılan şayiədən başqa bir şey deyildi. Belə avtomobillərin sayı isə çox idi. O zamanın məlumatına görə, 20 Yanvarda 80 avtomaşın, o cümlədən təcili yardım avtomobilləri məhv edilmişdi. Hazırda onların heç biri ortada yoxdur. Bu mənada mənim “Zaparojets”im həmin qanlı-qadalı günlərin, səhv etmirəmsə, yeganə eksponatıdır. Başqa sözlə desəm, “canlı” şahididir”.

O zamanlar “Azərməişətreklam”da iş icraçısı və tərtibatçı-rəssam vəzifəsində çalışan Nazim kişinin dediyinə görə, Rusiyadan gəlmiş müstəntiqlər onu ekstremist adlandırmaqla, üstəlik İlqar İbrahimovun ölümündə  günahlandırmaqla yanaşı, izi itirmək məqsədi ilə bir neçə dəfə cəhd əzik-üzük olmuş “Zaparojets”i ondan almağa göstəriblər. Lakin Nazim kişi öz halal zəhməti, üstəlik, borc-xərclə aldığı maşınından elə bu vəziyyətdə  istifadə edəcəyini və digər faktları  əsas gətirərək qapısına gələnləri əliboş qaytarmağı bacarıb. Bununla da öz istəyinə çatıb.

O ki qaldı həmin “Zaparojets”i evinə necə gətirməyinə…Bildirdiyinə görə, həmin gecə yaralandığından bir neçə gün özündə olmayıb. Əzik-üzük olmuş “Zaparojets” isə elə yanvarın 20-də qardaşları, dostları, məhəllə sakinləri tərəfindən gətirilərək həyətindəki qarajda yerləşdirilıb. Bir neçə gündən sonra yuxarı dairələrdən gəlib-gedənlərin artdığını görən Nazim kişinin yaxınları maşının yerini dəyişiblər. Daha doğrusu, qonşu həyətlərin birində yerləşdiriblər.

Hadisədən bir neçə gün sonra xəstəxanada əzilmiş sinəsinə, ciyərinə, eləcə də zədələnmiş ayağına görə bir aydan çox müalicə olunduğunu bildirən Nazim kişinin dediyinə görə, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra həmin eksponatı qarajının üstünə qoydurub. Evinin tikintisi başa çatdırılan kimi isə o illərin “canlı” şahidini evinin lap yuxarı başında – mansarında yerləşdirib.

Nazim kişi, həmçinin bildirdi ki, son günlər bu eksponata maraq artıb: “İnandırım sizi, eşidənlər, bilənlər mənə və yaxınlarıma müraciət edərək 20 Yanvarın bu “canlı” şahidini görmək istədiklərini bildirirlər. Biz də məmuniyyətlə onlara öz ünvanımızı nişan veririk. Onu görənlər 20 Yanvarla bağlı daha  müfəssəl məlumat aldıqlarını söyləyirlər. Mənim bu maşından sağ-salamat çıxmağımı isə möçüzə kimi dəyərləndirirlər”.

Nazim kişi qeyd etdi ki, hazırda “Zaparojets”in yerləşdirildiyi məkanı öz daxili imkanları hesabına muzeyə cevirmək niyyətindədir. Artıq bu istiqamətdə işlərə də başlayıb. Belə ki, o, bir rəssam-tərtibatçı kimi muzeyin cizgilərini cızıb. Dediyinə görə, təşkil edəcəyi muzeydə həmin “Zaparojets”lə bərabər, toplayacağı digər əşyalar da nümayiş olunacaq. Bundan başqa, Nazim Ələkbərov 20 Yanvar faciəsinin miqyasını özündə əks etdirən o dəhşətli səslərdən də istifadə etmək niyyətindədir: “Qoy gələcək nəsillər əyani şəkildə görsünlər ki, onların ölkəsi  hansı fəlakətləri dəf edərək öz müstəqilliyinə qovuşub.  Fikrimcə, o dövrdə baş verənləri gələcək nəsillərin əyani şəkildə görmələri daha yaxşıdır. Sovet qoşunlarının təcavüzünə məruz qalmiş “Zaparojets”i tarixi bir sənəd kimi saxlamağımla fəxr edirəm”. O günlərin acısını yaşayan Nazim kişi, həmçinin Azərbaycanın müstəqilliyi uğrunda imperiya ordusuna qarşı dayanan əliyalın insanların sırasında olduğuna görə qürur hissi keçirdiyini söylədi.

İlqarı xilas etmək mümkün olmadı

Nazim Ələkbərov daha sonra həmin gecə yaşadığı, şahidi olduğu dəhşətlərdən müfəssəl söz açdı: “Yanvarın 19-u təxminən saat 12-nin yarısında “Zaparojets”imlə yenidən 20 Yanvar (o zaman XI Qızıl Ordu) tərəfə getmək istədim. Məhəlləmizin uşaqları – Pərviz, Zakir, İlqar dedilər ki, bəs evdən icazə almışıq, bizi də özünlə apar. Əgər bilsəydim ki, belə bir hadisə olacaq, heç birini aparmazdım.

… O zamankı “Qələbə” kinoteatrının yanından üzüaşağı gedəndə atışma səsləri eşidildi. Buna məhəl qoymadan yoluma davam etdim. Məndən irəlidə və arxada da maşınlar gedirdi. Nəqliyyat Nazirliyinin yanına çatanda qabaqda 2 dənə BMP peyda oldu və atəş aça-aça gəlməyə başladılar. Camaat pərən-pərən düşdü; hərə bir tərəfə qaçmağa başladı. Dördyola çatanda gördüm ki, bir “KamAZ” gəlir. Elə bu zaman BMP-lər yerlərində ani manevr edərək, “KamAZ”a tərəf döndülər və onu atəşə tutdular. “Kamaz”ın sürücüsü maşının yük hissəsini qaldırdı ki, güllələr dəyməsin və sürəti artıraraq 20 Yanvar tərəfə qalxdı. BMP-lər də onun arxasınca…

Tbilisi prospektindən 3-cü mikrorayona dönən yoldakı işıqforda BMP-lərin ikisi də dayandı. Mən onlarla hardasa 35-40 metr məsafədə idim. Güzgüdən baxıb gördüm ki,  salonu adamlarla dolu “RAF” da mənim arxamca gəlir. Geri dönməyə yer yox idi. Bu anda BMP-lərdən biri indiki “20 Yanvar” meydanına tərəf istiqamət aldı, o biri BMP isə öz oxu ətrafında dönüb yandırıcı güllələr ata-ata mənim maşınım tərəfə gəlməyə başladı. Güllələr maşına dəyirdi, amma buna inana bilmirdim. Yəni düşünmürdüm ki, bizi vurmağa çalışırlar. Maşının sürətini azaldıb salondakı uşaqlara – Zakirə, Pərvizə, İlqara dedim ki, siz düşün. Onlar özlərini maşından yerə atdılar. Qarşıdan təqribən 45 dərəcə bucaq altında gələn BMP-nin mənə yaxınlaşmasına 4-5 metr qalmış vahiməm daha da artdı. Buna baxmayaraq, qazı basıb maşınımı ona tərəf sürdüm. Birdən hansısa bir qüvvənin qollarımı bərk-bərk sıxdığını hiss etdim. Ürəyim sanki dayandı. Əvvəlcə qara kölgə, sonra isə tırtılların işıltısını gördüm. Mühərrikin uğultusu, tırtılların səsi göz qapaqlarıma üstün gələ bilmədi. Bədənim birdən-birə qıc oldu. Buna rəğmən, baş verənlərə baxmağa çalışırdım. Hətta BMP-nin arxamca gələn “RAF”-ı necə əzdiyi indi də yadımdadır. BMP onu əzərkən yaxınlıqdakı elektrik dirəyinə dəydi və qisa qapanma nəticəsində məftillərin bir neçəsi maşının üstünə düşdü. “Tez durmaq lazımdır, cərəyan məni vuracaq” deyə düşündüm. Yerimdən qalxmaq istədim, amma sağ ayağm dəmirə ilişdiyəndən tərpənə bilmədim.  Hər şeydən əlimi üzdüm. Elə bu an ilişmiş ayağımın kiminsə götürüb oturacağın üstünə qoyduğunu hiss etdim. Bu O idi – Allah dediyimiz ilahi qüvvə. Bədənimin bütün əzaları eyni vaxtda hərəkətə gəldi və maşından birtəhər çıxdım. Üzərindən BMP keçmiş maşınımdan yerə düşən kimi mənimlə gəlmiş uşaqları axtarmağa başladım. Zakirlə İlqarı  sağ-salamat görəndə, Pərvizin isə evlərinə tərəf qaçması xəbərini alanda bir qədər özümə gəlməyə başladım. Sən demə, onlar xoşbəxtlikdən maşından düşən kimi uzaqlaşaraq gizlənə biliblər. Uzun sözün qısası… Üz-gözüm qan içində olsa da, bədənimdəki yaralar isti idi deyə, heç nə hiss eləmirdim. Ətraf tamam qaranlıq idi. BMP-lər projektorla işıq salır, hara gəldi güllə yağdırırdılar. Hərə bir tərəfə qaçırdı. Biz də qaçmağa başladıq. Zakirlə İlqar qabaqda, mən də onların arxasınca. Elə bu vaxt Zakirin səsini eşitdim. Dedi ki, bəs, ay Nazim əmi, İlqarı vurdular. Yanlarına çatanda gördüm ki, İlqar yerdədi. Amma hələ ölməmişdi, nəfəsi gəlirdi. Bu vaxt bizə qara “QAZ-24” yaxınlaşdı. İlqarı maşına mindirdik, mən və Zakir də əyləşdik. Ayağından yaralanmış sürücü ara yollarla maşını sürüb, bizi “Semaşko”ya çatdırdı. Amma həkimlərin səylərinə baxmayaraq, İlqarı xilas etmək mümkün olmadı. Şəhidlər xiyabanında uyuyan 14 yaşlı İlqar İbrahimov həmin o İlqardır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”