“Üstümə iRasim gəlir”

625

Futbol üzrə millimizin müdafiəçisi Rasim bəy Ramaldanovun (”Xəzər Lənkəran”) Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya və Xorvatiya yığmalarına qarşı oyunöncəsi verdiyi müsahibə diqqətimi çəkdi. O, həmin müsahibəsində deyib ki, bəs biz İtaliya və Xorvatiyaya gəzməyə getmirik: “Bizi çox güclü mübarizə gözləyir. Palermo və Osiyekdə xal qazanmaq istəyirik. Çalışacağıq nəyimiz var, orada göstərək və təbii ki, həm İtaliya, həm də Xorvatiya ilə matçlardan Bakıya xalla qayıdaq”. Çox gözəl sözlərdir, elə deyilmi? Allah ağzınızdan eşitsin, Rasim bəy. Amma unutmayın ki, sizdən hərəkət olmasa, qurbanı olduğumdan bərəkət olası deyil. İndi də izn verin keçək əsas mətləbə.

Ay azarkeşlər, bilmirəm, fikir vermisiniz, ya yox. Son vaxtlar futbolçularımız oyunöncəsi məhz bu tipli açıqlamalar verməklə məşğuldurlar. Özü də həmin açıqlamalarda “gəzməyə getmirik” ifadəsindən daha çox istifadə olunur. Balam, axı sizə kim deyir ki, gəzməyə gedirsiniz?.. Elə isə bəs niyə “qarğa, məndə qoz var” deyimini həmişə camaatın yadına salmağa çalışırsınız? Olmaya bununla özünüzü sığortalamağa çalışırsınız? Olmaya qorxursunuz camaat sizə deyə ki, heç futbol oynamağa da getmirsiniz axı. Rasim bəy, mən millimizin göstərdiyi nəticələrə əsasən camaatın bu fikri ilə yüz faiz razıyam. Sizə görə camaatdan ayrı düşəsi deyiləm ki? Bir də kimsə sizin gəzməyinizin əleyhinə deyil axı. Həmişə gəzməkdə… Amma unutmayın ki, yaxşı nəticə göstərsəniz, camaat sizi əlinin içində gəzdirər. Bəlkə mən yanlış düşünürəm, hə?

Bəli, son illər millimizin baş məşqçisi Berti Foqts uğur qazanmaq üçün “ciddi” çalışır. İnsafən, onun işinə mane olan da yoxdur. Hətta iş o yerə çatıb ki, adi bir incikliyə görə, o, kimi istəsə komandadan uzaqlaşdırır. Yəqin eşitmisiniz də, o, bu dəfə yığmaya beynəlxalq arenada təcrübəsi olan nə Mahir Şükürovu cəlb edib, nə də Vaqif Cavadovu. Yeri gəlmişkən, şəxsən mən bu kimi dəyişikliklərin əleyhinə deyiləm. Amma oyunçular dəyişsə də, milli komandamızın oyunu dəyişmir axı? Necə deyərlər, köhnə hamam, köhnə tas olur da… Fikrimcə, daha belə sınaqlara son vermək lazımdır. Yəqin deyəcəksiniz ki, qaqaş, elə isə bəs sənin təklifin nədir? Deyim də… Məncə, Bert Foqtsu dəyişməklə sınaq aparmaq pis olmaz. İstəyirsiniz, bir sınaqdan keçirin, baxın… Deyəsən, mövzudan uzaqlaşdım axı. Amma bir o qədər də yox…

Hə, Rasim bəy həm də ərz edib ki, camaat, narahat olmayın, çalışacağıq orada nəyimiz var göstərək. Qurbanın olum, ay Rasim bəy, heç olmasa, bu dəfə əcnəbilərə nəyimiz varsa, onu göstərməyin. Onsuz da, sənə qədər əcnəbilərə nəyimiz varsa, göstəriblər, nəticədə biabır olmuşuq. Odur ki, bir də tər töküb həmin şeyləri göstərməyə ehtiyac yoxdur. Həmin şeylərdən söz açıb təkrarçılığa yol vermək istəmirəm. Sadəcə, demək istəyirəm ki, babat oyun nümayiş etdirib üzümüzü ağ edin, Vətənə xalla qayıdın. Vallah, bu bizə kifayətdir. Təki rəqib qarşısında xal-xal olmayın. Yəqin deyəcəksiniz ki, bu sözlərlə zarafatyana xal vurmağın yetər… Vallah, mən də elə bu fikirdə idim. Lakin birdən-birə “Bəxt üzüyü” filmindəki bir epizod yadıma düşdü. Məncə, bir abzas da ondan xal vursam, pis olmaz. Bir də onu yazmasam, ürəyim partlayar e… Zənnimcə, oxu atıb yayı gizlətdiyimə görə, siz də məndən inciyərsiniz… Odur ki, deyirəm: bəli, oynamaq, rəqibə müqavimət göstərmək lazımdır. Özü də elə oynamaq lazımdır ki, İtaliyanın və Xorvatiyanın futbolçularından kimsə deməsin ki, ayə, qoymayın, üstümə iRasim gəlir… Yeri gəlmişkən, onlar bu ifadəni digər oyunçularımız barədə də deyə bilərlər. Sadəcə, bu yazıda sizinlə danışdığım, həm də lap yerinə düşdüyü üçün adınızı çəkdim.

Qvami Məhəbbətoğlu