Ustad dərslərində iştirak edəcək

Prezident təqaüdçüsü, gənc violen ifaçısı Elvin Xoca Qəniyev Avstriyanın Zalsburq şəhərində ustad dərslərində iştirak edəcək
Hazırda Türkiyənin Ankara şəhərində yaşayan gənc istedadlı violen ifaçısı, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü Elvin Xoca Qənyev 2015-ci ilin 10-22 avqust tarixində Avstriyanın Zalsburq şəhərində keçiriləcək professor Zahar Bronun ustad dərslərində iştirak etməyə dəvət almışdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq E. Xoca Qəniyevin professor Z.Bronun ustad dərslərində iştirakı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmin olunacaqdır.
Elvin Xoca Qəniyev kiçik yaşlarından onlarla beynəlxalq festival və müsabiqədə uğurla iştirak etmişdir. O, K.Lipinski və Q.Venyavski adına gənc violen ifaçılarının XI beynəlxalq müsabiqəsinin (Polşa), P.İ.Çaykovski adına gəncmusiqiçilərin beynəlxalq müsabiqəsinin (İsveçrə), “Klassik irs” (Rusiya), “Madrid gecələri” (İspaniya) kimi nüfuzlu beynəlxalq müsabiqələrin laureatıdır. 2010-cu ildə İtaliyada keçirilmiş gənc musiqiçilərin beynəlxalq müsabiqəsində qələbəsindən sonra E.Xoca Qəniyev Roma Papası tərəfindən Ordenlə təltif olunmuşdur. Gənc musiqiçi 2015-ci ilin oktyabr ayında ABŞ-ın Nyu-York şəhərində Karneqi-hall salonunda konsertdə və 2016-cı ildə Polşada beynəlxalq müsabiqədə iştirak etməyə hazırlaşır.