ÜST: “Xərçəng xəstəliyi aşağı və orta gəlirli ölkələrdə daha da artacaq”

0
411

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər, o cümlədən ürək-damar xəstəlikləri və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15%-dək artacağı gözlənilir. Məlumata əsasən, 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaqdır. Həmin halların 4/5 hissəsi Azərbaycanın da daxil olduğu aşağı və orta gəliri olan ölkələrdə baş verəcəkdir”. Səhiyyə Nazirliyinin yaydığı məlumatda belə deyilir. Nazirlik ÜST-ə istinadən bildirir ki, Avropada 2012-ci ildə 4 milyon yeni xərçəng halı qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm ildə 5 milyona çatacaqdır.

Səhiyyə Nazirliyi Azərbaycanda tez-tez rast gəlinən xərçəng xəstəlikləri kimi ağciyər xərçəngini, yoğun bağırsaq xərçəngini, süd vəzi xərçəngini, uşaqlıq boynu xərçəngini və prostat vəzi xərçəngini vurğulayır.

“Çox gəlirli ölkələrdə bu
sahədə oturuşmuş bir anlayış var”
Milli Onkologiya Mərkəzinin proqnozunda da yeni xərçəng xəstəliklərinin qeydə alınacağı ölkələr sırasında aşağı və orta gəliri olan ölkələr (Azərbaycan da daxildir) xüsusi qeyd olunur.
Bəs ÜST niyə məhz aşağı və orta gəlirli ölkələri xüsusi vurğulayır? Bir ölkənin aşağı və orta gəlirli olmasının xərçəng xəstəliyi ilə nə əlaqəsi ola bilər?
Həkim-qastroenteroloq, endoskopist Habil Hüseynov “zaman.az”a açıqlamasında mövzunu belə şərh etdi: “Ümumdünya Səhiyyə Təşkilatı xəstəliklərlə bağlı proqnoz və açıqlama verərkən bu məqamları da nəzərə alır və təbii ki, bu normaldır. Məsələn, çox gəlirli ölkələrdə bu sahədə oturuşmuş bir anlayış var. Belə ki, orada insanlar 40-50 yaşlarından sonra ildə bir dəfə “çek up” müayinəsindən keçirlər. Bura mədə-bağırsaq müayinəsi, ultrasəs müayinəsi də daxildir. Bu yolla xərçəng xəstəliyi önlənir, ilkin mərhələdə aşkarlanır və təbii ki, müalicə olunur. Çox gəlirli ölkələrdə bu cür müayinələr, proqramlar təşkil edilir. Ancaq az gəlirli, zəif inkişaf etmiş ölkələrdə, geridə qalmış ölkələrdə praktik olaraq bu tətbiq edilmir. Dolayısilə bu tip ölkələrdə xərçəng xəstəliyinin yayılma riski, xərçəngdən ölüm halları ehtimalı sözsüz ki, daha yüksəkdir və belə də olacaq”.

“Az inkişaf etmiş
ölkələrin zəif cəhətləri”
Habil Hüseynov məsələnin ikinci tərəfini isə sənayenin inkişafına bağlayır: “Bildiyimiz kimi, xərçəngin etimologiyasında sənayenin, xüsusilə də bəzi kanserogen maddələrin sintezi məsələsi gündəmdədir. Bu gün nəfəs aldığımız hava, istifadə olunan tütün məhsulları, geyindiyimiz sintetik materialların böyük çoxluğu tələbatlara cavab vermədiyi üçün kanserogen sayılır. Ona görə də inkişaf etmiş ölkələrdə bu məsələlərə xüsusilə diqqət yetirilir. Yəni məhsullar həmin ölkələrdə xüsusi qurumlar tərəfindən yoxlanılır və ondan sonra istifadəyə buraxılır. Bundan başqa, uşaq oyuncaqlarında kanserogen maddələrin olması da vurğulanır. Bunların çoxu təbii vasitələr deyil, kanserogen maddələrdir. Keçmişdə insanlar daha çox təbii vasitələrdən istifadə edirdilər, yaxın gələcəkdə isə sintetik vasitələrdən daha çox istifadə ediləcəyi bildirilir. Azgəlirli, az inkişaf etmiş ölkələrdə isə bu məsələlərə diqqət arzuolunan səviyyədə olmur. Buna bağlı olaraq da xərçəngdən ölüm hallarının artma ehtimalı yüksəlir”.

“Çek-up” müayinəsi olmalıdır
Müsahibimiz tərkibində konservant saxlayan qidalardan istifadəyə də diqqət çəkdi: “Bu gün konservantlar haqqında fikirlər birmənalı deyil. Müxtəlif məhsullar var ki, onların kanserogen olma ehtimalı inkar edilmir. Qızardılmış qidalardan istifadə, “fast food”lar və digər zərərli qidalar xəstəliyin etimologiyası sırasında qeyd olunur”.
H. Hüseynov azgəlirli ölkələrdə bu kimi məsələlərə nəzarətin zəif olmasını da xüsusi vurğuladı: “Kanserogen qablarda suların daşınması və istifadə olunması, atmosfer kirliliyi də bu səbəblər sırasındadır”.
Həmsöhbətimizin sözlərinə görə, xərçəng xəstəliyinin erkən mərhələdə aşkarlanmasında təkcə analizlər çox da əhəmiyyət daşımır, “çek-up” müayinəsi olmalıdır: “Onkoloji “çek up”dan söhbət gedirsə, orada mütləq kompüter tomoqrafiyası, ultrasəs müayinəsi, müəyyən qan analizləri, endoskopik müayinələr şərtdir. Bunlar olmasa, onkoloji müayinələr tamamlanmamış sayılır. Əsas faktorlar bunlardır”.

Nicat İntiqam