Uşaqlar üçün də bir “ata modeli” olmalıdır

0
722

İstər ata, istərsə də, ana uşağın şəxsiyyət kimi formalaşmasında iki əsas amildir. Ancaq cəmiyyətimizdə “yük” daha çox ananın üzərinə düşür və ata təbii olaraq “oyundan kənarda” qalır. Əlbəttə ki, bu problemin meydana gəlməsində atanın da rolu az deyil. Çünki ata özünü ailədə “tərbiyəçidən” çox “təsərrüfatçı” kimi görür. Başqa sözlə, atanıın əsas vəzifəsi uşaqlarını tərbiyə etmək yox, uşaqlarının ehtiyaclarını təmin etməkdir. Təbii ki, ata və uşaq arasında normal ünsiyyət olmadıqda ortaya müxtəlif problemlər çıxır.
Elə isə, bu problemlər hansılardır və nə vaxt özünü göstərir? Ən böyük problemlərrdən biri təbii ki, uşaqda özünəinamın olmamasıdır. Çünki ata istər inam məsələsində, istər digər məsələlərdə evdə əsas nümunədir. Başqa sözlə, uşağın həm özünə, həm də ətrafına olan inamı ilə atası ilə ünsiyyəti arasında əlaqə böyükdür. Buna görə də, ata uşağına daha çox vaxt ayırmalı, onun dərsləri ilə daha çox maraqlanmalı və ona inandığını daha çox hiss etdirməlidir. Özünə qapalı olan və ya özünü ifadə edə bilməyən uşaqların böyük əksəriyyəti ataları ilə normal ünsiyyətləri olmayan uşaqlardır. Digər tərəfdən, bu problem özünü uşaqlıq dövründə göstərə biləcəyi kimi, yeniyetməlik və gənclik dövründə də göstərə bilər.
Ancaq atanın heç olmaması (ölüm, ayrılıq və başqa səbəblərlə bağlı) uşağa bu qədər təsir göstərmir. Ancaq bu o uşağın “ata modelinə” ehtiyacının olmaması demək deyil. Buna görə də, o uşaqlar üçün də bir “ata modeli” olmalı və adi halda atanın üzərinə düşən vəzifə bu “ata modeli”nin üzərinə düşməlidir (əmi, dayı, böyük qardaş və s. kimi) Təbii ki, bu, uşağın yuxarıda qeyd etdiyimiz mərhələləri daha asan keçməsi üçün də çox vacibdir…
Bir sözlə, atalar vəziyyətin nə qədər ciddi olduğunu unutmamalı və “Necə olsa, anası maraqlanır” – deyə düşünməməlidirlər. Unutmayın, uşaqlarınızın sizə ehtiyacı var…