Uşaq tərbiyəsi hamiləlik dövrü ilə başlayır

978

Əslində bu müddəti evlilik ərəfəsinə qədər də uzatmaq olar. Başqa sözlə, tərəflər həyat yoldaşı seçərkən evlənmək istədikləri şəxsi gələcək ata və ya ana kimi də qəbul etməli və planlarını buna görə qurmalıdırlar. Təbii ki, bunun üçün tərəflər bu məsələ ilə bağlı müəyyən biliyə də sahib olmalıdırlar. Ancaq bütün bunlara baxmayaraq, tərəflər istər evləndikdən, istərsə də valideyn olduqdan sonra müxtəlif problemlərlə qarşılaşırlar. Bu problemlər həll olunmadıqda isə təkcə ailə səadətində yox, uşaq tərbiyəsində də ciddi maneələrlə üz-üzə qalırlar. Xüsusilə, uşaq tərbiyəsində yol verilən hər hansı bir səhv gələcəkdə valideynlərə çox ciddi zəhmət və vaxt bahasına başa gəlir. Buna görə də valideynlər işə səhvsiz başlamalı və bunun həm ailə səadətinə, həm də uşaq tərbiyəsinə müsbət təsir göstərdiyini unutmamalıdırlar. Məsələyə bu prizmadan baxdıqda, “uşaq tərbiyəsi hamiləlik dövrü ilə başlayır” fikrinin reallığa daha yaxın olduğunu demək olar.

Hamiləlik və ana psixologiyası
Ana və uşaq arasında ilk “ünsiyyət” uşağın ana bətninə düşməsi ilə eyni vaxtda başlayır. Ana artıq bətnində bir uşaq gəzdirdiyini dərk edir və onda öz uşağı ilə bağlı hisslər formalaşır. Bu hisslər nə qədər müsbət olsa, uşağın inkişafı və hamiləlik prosesi də o qədər müsbət olar. Buna görə də hamiləlik prosesində uşaq tərbiyəsinin əsas mərhələlərindən biri də ana psixologiyasıdır.
Hamiləlik qarmaqarışıq
hisslər deməkdir
Bətnində uşaq gəzdirmək və hər şeydən əvvəl bunu hiss etmək bir qadın üçün ən mühüm məqamlardan biridir. Xüsusilə, əgər bu, ananın ilk hamiləliyidirsə, bu hissləri sözlə ifadə etmək, demək olar ki, qeyri-mümkündür. Yəni ana bir tərəfdən sevinir, bir tərəfdən həyəcanlanır, bir tərəfdən “hər şey yaxşı olacaq” deyir, bir tərəfdən qorxur. Bəzən onu gələcəklə bağlı qayğılar, bəzən fiziki görünüşü narahat edir. Bir sözlə ana özünün də məna verməkdə çətinlik çəkdiyi qarmaqarışıq hisslər yaşayır. Ancaq bütün bunlara baxmayaraq, ananın bu cür hisslər yaşaması təbiidir. Yəni bətnində gəzdirdiyi uşaq ananın bədənində dəyişikliklərə səbəb olduğu kimi, ruhunda da dəyişikliklərə səbəb olur. Burada əsas məsələ ananın yaşadığı bu qarmaqarışıq hisslərə necə reaksiya göstərməsidir.
İstər ananın hamiləlik hadisəsini necə qəbul etməsi, istərsə də yaxın ətrafında olan adamların (məsələn, həyat yoldaşı kimi) anaya qarşı necə münasibət göstərməsi hamiləlik prosesində mühüm rol oynayır. Təbii ki, bizim burada ifadə etmək istədiyimiz əsas məsələ psixoloji məsələdir. Bununla yanaşı, ananın bioloji mənada yaşadığı hisslər də çox vacibdir. Buna görə də ana periodik olaraq həkim nəzarətində olmalıdır. Digər tərəfdən, orqanizmdəki hormonal dəyişikliklərin də ananın psixoloji vəziyyətinə birbaşa təsir göstərdiyini unutmaq olmaz.

Nə etməli?..
– Yuxarıda da ifadə etdiyimiz kimi, hamiləlik prosesində ana hər şeydən əvvəl fiziki sağlamlığına diqqət yetirməli və periodik olaraq zəruri müayinələrdən keçməlidir.
– Hamiləlik ilk baxışdan yalnız ana ilə bağlı bir hadisə kimi görünsə də, atanın da bu prosesdə öz yeri olmalıdır. Belə ki, ata həm həyat yoldaşına lazım olan köməyi göstərməli, həm də uşaq tərbiyəsi və ya uşaqla ünsiyyət kimi məsələlərdə müəyyən biliyə malik olmalıdır.
– Digər tərəfdən, tərəflər həmişə bir-biriləri ilə ünsiyyətdə olmalı və hisslərini bir-biriləri ilə bölüşməlidirlər. Bu, həm tərəflərin uşaq məsələsində daha da yaxınlaşmalarına səbəb olar, həm də ailə səadətinin möhkəmlənməsinə müsbət təsir göstərər. Təbii ki, bütün bunların uşağa müsbət təsirini də unutmaq olmaz.
– Xüsusilə, ana psixoloji gərginliklərdən uzaq olmalıdır. Çünki anada baş verən ən kiçik bir gərginlik (məsələn, həyəcan və ya stress kimi) uşağa mənfi təsir göstərir. Təbii ki, bu, gələcəkdə uşağın tərbiyə prosesində də özünü göstərir.
– Bütün bunlarla yanaşı, ana bətnindəki uşaqla danışmalı, kitab oxumalı və musiqiyə qulaq asmasına şərait yaratmalıdır. Bu, ana və uşaq arasındakı ünsiyyəti möhkəmləndirməklə yanaşı, uşağın psixoloji inkişafı üçün də çox vacibdir. Eyni hərəkətləri atalar da etməlidirlər.
– Digər tərəfdən, ana istər uşağa qulluq, istərsə də uşağın inkişaf prosesi ilə bağlı müəyyən biliyə malik olmalıdır. Çünki bu, ilk növbədə, ananın özünəinamının artması üçün lazımdır. Eyni zamanda ana uşaq psixologiyası ilə də bağlı müəyyən biliyə malik olmalı, lazım gəlsə, bu sahə ilə bağlı kurslarda iştirak etməlidir.