Uşaq ölümləri niyə azalmır?

Son illərdə Azərbaycanda uşaq ölümlərinin qabağının alınması istiqamətində həyata keçirilən tədbirlərə baxmayaraq problem hələ də qalmaqda davam edir. Ölkəmizdə uşaq ölümləri ilə bağlı statistik rəqəmləri heç də ürəkaçan hesab etmək olmaz. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2013-cü ildə Azərbaycanda 1 yaşına qədər ölən uşaqların sayı 1862 nəfər olub. Bu isə inkişaf etmiş ölkələrlə müqayisədə xeyli çoxdur.
Ölkəmizdə uşaq ölümlərinin azalmamasının səbəblərindən biri də, zənnimizcə, hamiləlik dövründə düzgün və təmiz qidalanmama, müalicənin düzgün aparılmaması ilə bağlıdır. Buraya hamilə qadının hamiləlik dövründə aldığı müxtəlif psixoloji zərbələri də əlavə edəndə uşaq ölümləri ilə bağlı xoşagəlməz bir mənzərə alınır. Təsadüfi deyil ki, 1 yaşına qədər uşaqlar arasında ölümə ən çox infeksiyon və parazitar, sinir sistemi, tənəffüs orqanları, anadangəlmə anomaliyalar səbəb olub. Yenə də burada iki amil – həkimlər tərəfindən düzgün müalicənin aparılmaması və ekoloji baxımdan təmiz qidalanmama önəmli rol oynayır. Uşaq ölümlərində ekoloji baxımından düzgün qidalanmamanın nə qədər böyük rol oynadığının isə zənnimizcə, sübuta ehtiyacı yoxdur. Yadımdadır, Bakıda yaşayan yaxın qohumlarımdan birinin övladı dünyaya xəstə gəlmişdi. Qohumum uzun müddət onu müalicə etdirməli oldu, necə deyərlər, daim bir ayağı həkimlərdə qaldı. Sonda məlum oldu ki, uşağın xəstə doğulmasına səbəb həkim tərəfindən düzgün təyin edilməyən müalicə və bu çərçivədə də həyat yoldaşı tərəfindən qəbul edilən dərmanlar, həmçinin gündəlik həyatımızda istifadə etdiyimiz və əksər hallarda mənşəyi məlum olmayan heyvan və bitki mənşəli yağlar olub. Bundan sonra qohumum evdə yalnız ekoloji baxımdan təmiz qidalardan istifadəyə üstünlük verdi. Nəticədə ikinci uşaq dünyaya olduqca sağlam gəldi. Bununla bağlı bir ağrılı məsələyə də toxunmaq istəyirəm. Bu da hamilə qadınlara bəzi həkimlər tərəfindən əksər hallarda düşünülmüş şəkildə çoxsaylı müalicənin tətbiqidir. Bəzi həkimlər tərəfindən şəxsi maraqların təmininə xidmət edən belə “müalicələr” isə gələcək nəslin məhvinin əsasının qoyur. Bu cür lüzumsuz “müalicələr” doğulan uşaqlarda ölüm hallarına və müxtəlif xəstəliklərə yol açır. Bununla bağlı yenə də çox düşündürücü bir fakta diqqəti cəlb etmək yerinə düşər. Belə ki, kənd yerləri ilə müqayisədə şəhərlərdə hamilə qadınlara yüksək səviyyədə xidmət göstərilməsinə baxmayaraq, yeni doğulan uşaqlar arasında ölüm halları daha çoxdur. Statistik rəqəmlərə görə, ötən il ölkədə 1 yaşa qədər ölən uşaqların 1459-u şəhərlərdə, 403-ü isə kənd yerlərində qeydə alınıb. Halbuki 1958-ci ildən başlayaraq 2006-cı ilədək ölkədə körpə ölümü şəhər yerlərində kənd yerlərinə nisbətən daha aşağı olub. Məntiqi baxımdan şəhərdə tibbi xidmət yüksək səviyyədə olduğuna görə ölüm halları kənd yerləri ilə müqayisədə daha aşağı olmalıdır. Amma əksinə olub. Təsəvvür edin ki, şəhər yerlərində doğulan uşaqlar arasında ölüm halları kənd yerlərindəkindən 4 dəfə çoxdur. Bunun səbəbi şübhəsiz ki, kənd yerlərində ekoloji baxımından təmiz qidalanma və hamilə qadınların həkimə daha az müraciət etməsi ilə bağlıdır. Yəni şəhərdə uşaq ölümlərinin artmasının səbəblərindən biri də bəzi həkimlərin öz işinə qeyri-peşəkar yanaşması ilə bağlıdır. Zənnimizcə, bu faktdan nəticə çıxarılmalı, hamilə qadınlara düzgün olmayan müalicələrin tətbiqinin qarşısı alınmalı, eyni zamanda onların ekoloji baxımından düzgün qidalanmaları təmin edilməlidir. Əks halda gələcəyimiz olan uşaqlar arasında ölüm hallarının qarşısını almaq çətin olacaq. Əziz Mustafa