“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

604

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib. Tədbirdə DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva, eləcə də Mərkəzin şagird və müəllim kollektivi, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva uşaq hüquqlarının müdafiəsinin və uşaqların milli-mənəvi ruhda tərbiyə edilməsinin əhəmiyyətindən danışıb, “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən bu tədbirlərin dövlət qurumları, qeyri-hökumət təşkilatları və icmaların uşaq hüquqları sahəsində səmərəli əməkdaşlığının bariz nümunəsi olduğunu qeyd edib.

Tədbirdə “Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda çıxış edən DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov dövlətin uşaq hüquqlaqrının müdafiəsi sahəsində atdığı addımlardan, uşaqların sağlam şəkildə yetişdirilməsi üçün yaradılan şəraitdən söhbət açaraq bildirilib ki, bu sahədə dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilir. O, həmçinin uşaq hüquqlarının müdafiəsinə dövlət tərəfindən verilən təminat və bununla bağlı qəbul edilmiş bir sıra mühüm qanunlar və dövlət proqramları barədə məlumat verib. Natiq, həmçinin uşaqların zərərli vərdişlərdən, eləcə də dini radikalizm meyillərindən qorunması yolları barədə ətraflı danışıb.

 

Daha sonra çıxış edən Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Ülviyyə Kərimova Mərkəzin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib və çıxışını uşaqların iştirakı ilə diskussiya şəklində davam etdirib.

Tədbir zamanı Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin müxtəlif dərnək üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib, həmçinin şagirdlər şeirlər söyləyiblər.

Esmira Hidayətova, Mingəçevir