Uşaq futbolu məşqçisi qayğısızlıqdan gileylənir: Bizə “Qarabağ”ın yarısı qədər qayğı göstərilsə, “Barselona”nı udarıq”

0
510

Bu günlərdə telekanallarımızdan birində AFFA-nın keçirdiyi uşaq futbol çempionatından bəhs edən bir xəbər diqqətimi çəkdi. Xəbərdə pley-of mərhələsində üz-üzə gəlmiş Biləsuvar rayonunda məskunlaşmış Cəbrayıl məktəbliləri ilə futbolumuzun fəxri Ağdamın “Qarabağ” klubunun uşaq komandası arasındakı görüşdən danışılırdı. İlk görüş hər kəsin təəccübünə səbəb olsa da, Cəbrayılın “Xudafərin” komandasının 2:1 qələbəsi ilə başa çatmışdı. Amma cavab görüşündə bir top üstünlüyü ilə qalib gələn ağdamlılar növbəti tura adlaya bilmişdilər. “Xudafərin”li uşaqların bu uğurunun altındakı gerşəkləri öyrənmək üçün Biləsuvar rayonundakı məcburi köçkün çəhərciklərinə üz tutduq, komandanın rəhbəri və məşqçisi Nazim Fətullayevlə görüşüb söhbətləşdik.

– Nazim müəllim, etiraf edək ki, komandanızın pley-of mərhələsinə çıxması və hətta ilk görüşdə “Qarabağ”lı yaşıdlarını məğlub etməsi sizin üçün əsl uğur sayılmalıdır və sizi təbrik edirik.
– Sağ olun, bəli, təsdiq edirik ki, o yerə qədər irəliləmək bizim üçün uğurdur və ümidvarıq ki, gələcəkdə daha böyük nailiyyətlərə imza atmaq imkanlarımız var. Onu da deyim ki, AFFA-nın keçirdiyi uşaq futbol çempionatı 2005-ci ildən davam edir, amma biz cəmi ikinci ildir ki, bu yarışa qatılırıq. Pley-of bütün regionlardan qalib çıxmış 16 komandanın yarışdığı turnirdir, bir növ ölkə çempionatı kimi. Biz də elə ilk addımda ən güclü ilə üz-üzə gəldik. Doğrudur, ilk görüş bizim qələbəmizlə başa çatdı, amma ikinci görüşdə uşaqlarımızın, elə bil ki, həvəsi ölmüşdü. Hətta oyun başlamazdan əvvəl nə qədər çalışsaq da, onlardakı yorğunluğu, əzginliyi, ölmüş həvəsi aradan qaldıra bilmədik.
Bilirsinizmi uşaq futbolu çox həssasdır, adi bir hadisədən hər şey alt-ist ola bilir. Yaxşı olardı ki, biz də rəqiblərimiz kimi bir gün əvvəldən şəhərə gəlib yaxşı istirahət edək, uşaqlarımız yerlə, geyimlə, yeməklə təmin olunsunlar. Yəni ortadakı fərqlər o dərəcədə nəzərə çarpmasın ki, doğmalıq-ögeylik kimi anlaşılsın. Uşaqlar öz aralarında deyirlər ki, biz başqa ölkədən gəlməmişik ki, biz də bu millətin balalarıyıq da. Niyə hansısa komandaya hər cür qayğı var, amma bizim üzümüzə baxan yoxdur? Biz bilirik ki, futbolda çox şey elə bu təminat, maddiyyat məsələsi ilə həll olunur. Amma uşaq qəlbi bu həqiqətləri qəbul eləyə bilmir, o, safdır, hər şeydə ədalət axtarır. Ona görə də bəzən ən asan bildiyin oyunda belə hər şey alt-üst olur.

“Hər şeyə dözürük”
– Bu yarışda neçə komanda ilə təmsil olundunuz və uşaqları yarışa necə hazırlayırsınız?
– Bütün yaş qrupları ilə, yəni beş komanda ilə təmsil olunduq, amma əsas ümidimiz 13 yaşlılara idi. Onlar da pley-ofa çıxmaqla ümidlərimizi doğrultdular. Uşaqların hazırlanmasına gəldikdə onu deyim ki, digər məşqçi Yasif Göyüşovla birlikdə əlimizdən gələni əsirgəmirik. Bura elə yerdir ki, mütləq uşaqları hansısa faydalı işə cəlb etməlisən. Çünki gedəcək bir yeri, çıxacaq bir məkanı yoxdur, ona görə də belə yerdə uşağın zərərli vərdişlərə meyillənməsi çox asandır. Əslində bizim məqsədimiz balalarımızı hər cür çirkabdan uzaq tutmaqdır. İnanın ki, Yasif müəllimin atasından qalmış maşını ilə qapı-qapı dolaşır, ümid verən uşaqları toplayır, futbola həvəsləndiririk. Bir çox hallarda uşaq özü oynamaq istəsə də, valideynin etirazı ilə qarşılaşırıq. Burada 11 qəsəbə var, hər qəsəbəyə maşın sürmək, uşaqları evlərindən almaq, sonra da aparıb vermək təhvil heç də asan iş deyil. Amma hər şeyə dözürük. Qısa müddətdə yaxşı hazırlaşdıq və zona yarışlarından qalib çıxıb pley-ofa vəsiqə qazandıq.
– Zona yarışalrından qalib çıxmaq çətin olmadı ki?
– Əlbəttə, çətin oldu. Bizim mübarizə apardığımız Mərkəzi Aran zonasında yarışlar iki şəhərdə keçirilirdi: İmişlidə və Ağsuda. Biz İmişlidə Füzuli, Beyləqan, Saatlı, Sabirabad, İmişli, Xocavənd rayonlarından olan 11 komanda ilə yarışaraq, növbəti mərhələyə adladıq və Ağsuda keçirilən ikinci mərhələdə daha güclü oyun nümayiş etdirərək pley-ofa çıxdıq. Təsəvvür edin ki, biz bir qrupun üçüncüsü olaraq Ağsuya gəlmişdik və burada yerli komanda ilə meydana çıxdıq. Hər kəs Ağsu komandasını favorit hesab elədiyi halda, biz daha gözəl oyun nümayiş etdirərək qalib gəldik. Uşaqlarımızda həvəs, ruh yüksəkliyi vardı.

bilesuvar3 copyUşaqlar “Qarabağ”ın
avtobusunu görəndə…
– İlk oyunda “Qarabağ”a qalib gəlməyiniz çoxlarını təəccübləndirdi, amma cavab matçında uşaqlarınız istədiyiniz oyunu göstərə bilmədilər. Səbəbini nə ilə izah edirsiniz?
– Yenə deyirəm: uşaq qəlbi həssas olur. Bir azca qayğı görən kimi həvəslənir. Və görəndə ki, qarşı tərəf daha çox sevilir, daha çox qayğı görür, küsür. Təsəvvür edin ki, səhər yola çıxıb yorğun-arğın Bakıya, oradan da stadiona gəlirsən və bir də görürsən ki, rəqib komanda dünya standartında avtobusla, tam təmin olunmuş halda gəlir. Elə “Qarabağ”ın avtobusunu görəndə bizim uşaqların əl-qolu boşaldı. “Qarabağ”ın uşaqları tam təmin olunmuş halda meydana çıxırlar, bizimkilər isə ilk dəfə idi ki, butsi geyirdilər. Təminat məsələsində miqayisə olunmayacaq qədər fərq var. Tam səmimi deyirəm ki, “Qarabağ”a göstərilən qayğının yarısı bizə göstərilsə, “Barselona”nı da udarıq.

“Milliyə layiq oyunçularımız var”
– Ümid verən uşaqlarınız varmı?
– Çox təpərli, bacarıqlı uşaqlarımız var. Məsələn, bizim bir qapıçımız var ki, gələcəkdə Azərbaycan millisinin qapısını qorumağa layiqdir. Hər xətdə gözəl oyunçularımız var, amma qayğı göstərə, həvəsləndirə bilmirik. Ona görə də bir müddət sonra uşaq çəkilib gedir və biz bir şey edə bilimirik. Qayğı lazımdır ki, onu əldə tuta, yetişdirə biləsən. Hər şeydən əvvəl, uşaqları oyunlara aparıb-gətirmək üçün bizə nəqliyyat lazımdır. Uşaqların sağlamlığı, qidalanması bizim üçün ən mühüm məsələlərdir. Bu gün ölkəmizdə uşaq futbolunun inkişafına xüsusi diqqət var. Biz də istəyirik ki, uşaqlarımız bu diqqətdən kənarda qalmasınlar. İnanıram ki, yaxşı futbolçu yetişdirə bilsək, gələcəkdə Azərbaycan futbolunun şərəfini qorumağa layiq uşaqlarımız var.
Təsəvvür edin ki, biz bəzən ən yaxşı oyunçularımızı imkanlı komandalara təklif edirik alıb oynatsınlar, yetişdirsinlər. Nə fərqi var? Azərbaycanımız üçündür, bizdə imkan yoxdur, qoy orada oynasın, orada yetişsin.

“Soyunub-geyinmə
otağımız yoxdur”
– Nazim müəllim, yəqin ki, problemləriniz çoxdur və elə bu problemlərlə yaşayan komandalarınız hazırda növbəti yarışlara hazırlaşırlar?
– Elədir. Bizim üçün əsas olan odur ki, balalarımızın sağlamlığı üçün çalışaq. Problemlər çoxdur, sağ olsun yardım edən dostlar, uşaqlara idman geyimi, ayaqqabı almaq üçün çırpınırıq. Normal meydançamız belə yoxdur. Göydən yağış düşən kimi meydanın bir tərəfi göl olur, gərək gözləyək ki, qurusun. Paltar dəyişmək üçün balaca bir otağımız yoxdur. İllərdən bəridir meydançamızı heç olmasa dəmir setka ilə dövrələmək istəyirik ki, yaşıllaşdıraq, eləyə bilmirik. Haraya baxsan, hamısı maddiyyata dayanır ki, o da bizdə yoxdur. İmkanımız yoxdur ki, oyunlarımızı lentə alaq, sonra səhvlərimizi müzakirə edək. Quraşdırma iki qapı dizəldə bilmişik, ora-bura gəzdirə-gəzdirə məşqlər keçirik. Problem çoxdur, amma hazırda uşaqlarımızın əhvali-ruhiyyəsi də yüksəkdir. Ümid edirik ki, rayon rəhbərliyimiz bizə yardım göstərəcək və biz növbəti yarışlarda daha böyük uğurlar əldə edəcəyik.
– Sizə uğurlar arzulayırıq. İnanırıq ki, gələn mövsümdə daha böyük nailiyyətlər əldə edəcəksiniz.
– Sizin bu gəlişiniz və maraqlanmağınız uşaqlarımızda maraq oyadacaq və onlar inanacaqlar ki, heç də diqqətdən kənarda deyillər.
– Göstərdiyiniz fədakarlıq və səmimi söhbət üçün sizə təşəkkür edir və xatırlatmağı özümizə borc bilirik ki, ən böyük uğurlar hər zaman fədakarlıqla əldə edilmişdir. Bu gün siz, həqiqətən də, xalq üçün, sabahımız üçün çalışan fədakarlarsınız. Mən bu sözü ona görə deyirəm ki, siz daha inamlı, daha qətiyyətli olasınız və daha çox çalışasınız.
– Siz sağ olun ki, bizi yad edirsiniz.
Söhbətləşdi: Yasin İsmayıllı