Uşaq evinin balaca sakinlərinin böyük arzuları

73

 

Bu gün 15 may Beynəlxalq Ailə Günüdür. Ailənin xöşbəxtliyi onların övladlarıdır. Bu gün ailələr öz övladları ilə birgə bəlkə də bu bayramı qeyd edirlər. Kimlərsə övlad acısına görə göz yaşı tökdüyü halda, kiminsə övladı valideyni onu atdığına görə göz yaşı tökür. Mövzumuz atılmış uşaqlarla bağlıdır.

Bayram günündə Mingəçevirdəki Uşaq Nevroloji Sanatoriyasının balaca fidanları ilə görüşdük. İçəri daxil olanda hiss olunur ki, buradakı 22 uşağın qayğısı ilə lazımi qaydada  məşğul olunur, onlar hər cür şəraitlə təmin ediliblər. Onların bircə valideyn həsrətləri var. Bu onların çöhrələrindən aydın seçilirdi. Sanki kimlərsə onları ziyarət edəndə solğun çöhrələr işıqlanır. Onların bir neçəsi ilə həmsöhbət olduq. İlk olaraq 16 yaşlı serebral iflic xəstəliyindən əziyyət çəkən Qismət Əliyevin yanında olduq. Danışa bilməsə də bir adam görəndə istəyir ki, onun yanından ayrılmayasan. Qismətin valideyinləri heç bilinmir kimlərdir, Qismət doğulanda onu başqa bir ailə  övladlığa götürüb və sonda məlum olub ki, Qismət serebral iflic xəstəsidir. 16 ildir ki, həmin ailə də Qisməti  bu soyuq divarların arasına atıb gediblər. Artıq Qismətin 17 yaşı olacaq. Bəs görəsən onun sonrakı taleyi necə olacaq?

Şirin çöhrəli 8 yaşlı Nuray da valideynlərinin onu buradan aparmasını istəyir. Nuray deyir ki, o, həkim olmaq istəyir, ona görə də dərslərini yaxş oxuyur. İki qardaş- ata-ana himayəsində məhrum olmuş Arzu və Cavanşirin arzuları daha böyükdür. Onlar həri ikisi də deyir ki, böyüyəndə əsgər olmaq istəyirlər. Amma atalarından ötrü darıxdıqlarını da dedilər. Arzu anasının öldüyünü deyir, amma atasına bir sualı var. O, atasından onu niyə atdığını soruşmaq istəyir.

Onu da qeyd edək ki, sanatoriyada  22 uşaqdan bir neçəsi müxtəlif xəstəlikdən əziyyət çəkir. Digərləri isə salam təfəkkürlü, düşüncəli uşaqlardır. Dayə Nərminə xanım Muradova deyir ki, belə savadlı, sağlam düşüncəli uşaqlar burada çox olub. Lakin onlar valideyn məsuliyyətsizliyinin qurbanları olurlar: ”Onların dərsləri ilə məşğul oluruq, vaxtında yeməkləri verilir, əyin-başları təmizlənir, yuyundurulur, ümumiyyətlə biz onlara öz övladlarımızdan da artıq baxırıq. Amma onlara nə qədər yaxş baxsaq da, yenə də onların qəlbləri kövrəkdir. Çalışırıq ki, onlara valideynsizliklərini hiss etdirməyək”.

Aldığımız məlumata görə uşaq evinin iki bacı olan sakinləri – Fatma və Sevinc 7-4 yaşlarında olan qızlardır. Ata-anaları tufeyli həyat sürən şəhər sakinləridir. Onların bir övladları da Gəncə uşaq evinə verilib.

Esmira Hidayətova, Mingəçevir