Uşağınızı özünüz kimi yox, özü kimi tərbiyə edin

600

İnsan şəxsiyyətinin 30-40 faizi genlərdən gələn, 60-70 faizi isə sonradan əldə edilən xüsusiyyətlərə görə formalaşır. Buna görə də, bəzi insanlar genetik strukturlarının təsiri ilə “introvert”, bəzi insanlar isə “ekstrovert” olurlar (yeri gəlmişkən deyək ki, introvertlər başqaları ilə ünsiyyətdən qaçan, müstəqil fəaliyyət göstərməyi xoşlayan, ekstrovertlər isə başqaları ilə ünsiyyətə meyilli olan, kollektiv fəaliyyət göstərməyi sevən insanlardır). İntrovert insanı ekstrovert, ekstrovert insanı introvert insana çevirmək isə insanın genetik strukturuna ziddir. Üstəlik, bu, insanın özünə inamının azalması deməkdir. Buna görə də, ata-analar uşaqlarının genetik keyfiyyətlərini müəyyən etməli və nə olursa-olsun, onlarla münasibətdə bu keyfiyyətləri nəzərə almalıdırlar. Digər tərəfdən, ata-analar uşaqlarında görmək istədikləri xüsusiyyətləri sanki onlara təlqin edirlər. Halbuki uşaqlarının genetik xüsusiyyətləri və ya şəxsiyyət imkanları onların tələblərinə uyğun olmaya bilər. Ata-analarının tələblərinə cavab verməyən uşaqlar bu vəziyyətlərinə görə təzyiqə (və ya tənqidə) məruz qaldıqda isə özünə inamlarını daha da itirməyə başlayırlar. Hətta bəzi hallada bu vəziyyət ağır depressiyalara qədər gətirib çıxarır. Ona görə də, bu cür məsələlərdə təkcə ziyanın yarısından yox, harasından qayıtsanız, xeyirdir. İnsan psixologiyası elastikdir və bəzən asanlıqla olmasa da, yeni vəziyyətlərə adaptasiya ola bilir. Buna görə də, həm uşağın, həm də ata-ananın istəyi ilə (üstəlik, uşağın hansı yaşda olmasından asılı olmayaraq) bu cür problemləri aradan qaldırmaq olar.