Uşağım inadkardır, nə edim?

1038
Elnur Rüstəmov: “2 yaşından 4 yaşınadək olan uşaqlarda rast gəlinən inadkarlıq normaldır. Bu zaman valideynlər uşağın bu davranışını normal qarşılamalı və heç bir müdaxilə etməməlidirlər”.
“Uşaq qoxusu cənnət qoxusudur”, – deyir İslam Peyğəmbəri Hz. Məhəmməd. Övlad sevgisi hər sevgidən üstündür. Onları sağlam və xoşbəxt görmək bütün valideynlərin arzusudur. Uşaqları da xoşbəxt etməyin yolu onların istəklərini yerinə yetirməkdən keçir. Lakin nəzərə alsaq ki, çox vaxt uşaqların sonsuz istəkləri qarşısında valideynlər aciz qalır, bax əsl “qiyamət” onda başlayır. Mağazada oyuncaq istəyi yerinə yetirilməyən uşağın aramsız ağlaması, evə gələn qonağın yanında bir vaxtlar icazə verilməyən nəyisə xatırlayıb, həmin istək üzərində israr etməsi kimi halları yəqin ki, bir çox valideynlər yaşayıblar. Onu razı salmaq üçün əlinizdən gələni edirsiniz və ən sakit halınızla ona vəziyyəti izah etməyə çalışsanız belə dediyindən dönməyən bir uşaqla qarşı-qarşıyasınız.Bəs uşaqlarda müxtəlif yaşda rast gəlinən bu inadkarlığın səbəbi nədir? Ən əsası uşaqların bu davranışı normaldırmı?  Uşağın inadkarlığı qarşısında  valideynin mövqeyi necə olmalıdır?

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov bildirdi ki, son zamanlarda uşaqlarda inadkalıq potologiya kimi dəyərləndirilir. O, bu prosesin hiperaktiv uşaqlarda daha çox rast gəlindiyini bildirdi: “Evdə hər hansı əşyanı götürüb verməmək və ya çöldə valideynlə gəzməyə gedərkən gördüyü oyuncağı israrla istəməsi onun inadkarlığından xəbər verir. Bu hal uşaqda psixoloji gərginliyin olduğunu göstərir. Çox yaxşı olardı ki, valideynlər uşaq psixologiyası sahəsində məlumatlansınlar və onlarla necə davranacaqlarını öyrənsinlər. Azyaşlı, hələ danışa bilməyən uşaqlarda davranış terapeyası aparılır. Burada mükafat və cəza sistemi nəzərdə tutulur. Valideynlər bunu düzgün yerinə yetirdikdə uşaqda inadkarlığı qismən də olsa aradan qaldırmaq mümkün olur. Lakin valideyn uşağın bu cür davranışları qarşısında düzgün mövqe sərgiləmədikdə vəziyyət daha da gərginləşir. Artıq valideyn uşaqla gəzməyə çıxmaq istəmir, onun cəmiyyət içərisindəki davranışlarından narahat olur. Bu da ailədaxili münasibətlərin pozulmasına səbəb olur”. İnadkarlığın qarşısı düzgün şəkildə alınmadıqda uşaqda aqressiyanın artdığını vurğulayan E. Rüstəmov valideynlərin belə hallarda psixoloqa müraciət etməsinin mütləq olduğunu qeyd etdi.

 “2 yaşından 4 yaşınadək olan uşaqlarda rast gəlinən inadkarlıq normaldır”

Mütəxəssisin sözlərinə görə, 2 yaşından 4 yaşınadək olan uşaqlarda rast gəlinən inadkarlıq normaldır. Bu dövr uşaqların sosial mühitə adaptasiya prosesi və özünü cəmiyyətə qəbul etdirmə cəhdləri olur. Bu zaman valideynlər uşağın bu davranışını normal qarşılamalı və heç bir müdaxilə etməməlidir. Çünki uşaq cəmiyyətdə özünü bir fərd olaraq təsdiqləməli, “mən” duyğusunu dərk etməlidir. Əks halda, bu xüsusiyyət  sonrakı yaş dövrlərində özünü daha pis formada göstərir və  daha ağır psixoloji hallara yol açır. Qeyd olunan yaş dövrlərində uşağın müvəqqəti sağlam inadkarlığı lazımi səviyyədə yaşamasına şərait yaradılmadıqda bu, davranış pozuqluğuna yol açır. Çox vaxt uşaqların israrlı davranışlarının qarşısını almaq istəyən valideynlər səhvə yol verirlər. Belə olduqda isə uşaqların nəzərindən valideyn avtoritar bir güc kimi formalaşır və onlara tabe olmağı rədd edir. “Atan kimi höcətsən”, “bu inadkarlıqda bibinə oxşamısan” kimi bənzətmələrə yol verməmək, onların bu davranışı sərgiləmələrinə icazə vermək  daha məqsədə uyğundur.

 Aqressiyanı şəfqətə çevirə bilmək…

Unutmamaq lazımdır ki, uşaq da bir fərddir və onun şəxsiyyət kimi formalaşması məhz bu yaşlarda formalaşmağa başlayır. İsrarla istədiyi şeyi əldə edə bilməyən uşaq aqressivlik nümayiş etdirir. Ona “sənin əsəbiləşməyə haqqın yoxdur” kimi ifadələr işlətmək və tabe olmasını gözləmək yanlışdır. Nəzərə almaq lazımdır ki, uşaqlarda bu duyğular var, özü də artıqlaması ilə. Belə olduqda uşaq özünü valideyn qarşısında gücsüz hiss edir. Bu da, öz növbəsində, hisslərini gizlətmək, özünü ifadə etməkdə acizlik, cəmiyyətdən özünütəcrid etməsinə yol açır. Və ya daha da inadlaşaraq valideynə tabe olmamaqla “azadlığı”nı elan edir. Belə hallarda valideyn uşaqla uzlaşmağı seçməlidir. Belə ki, valideynlər “gəl səninlə razılaşaq, mən bəzən qaydalar qoyacağam və sən də tabe olmaq istəmədiyin vaxtlar əsəbiləşə bilərsən, lakin bir-birimizi incitməmək şərti ilə” kimi ifadələrlə arqessiyanı şəfqətə çevirə bilər.

“Uşağın hər istəyini yerinə yetirmək onlarda doyumsuzluq yaradır”

Uşağın hər istəyini yerinə yetirmək onlarda doyumsuzluq yaradır. Valideynlər onlara müəyyən qaydalar tətbiq etməlidirlər. Lakin bunlar ifrat dərəcədə olmamalı, yəni hər məsələ qayda halına salınmamalıdır. Qaydaları müəyyənləşdirərkən uşağın da fikrini nəzərə almaq və təkliflərini dinləmək önəmlidir. Hətta bəzi hallarda qoyulan qaydaları yumşaltmaq da müsbət nəticələr gətirə bilir. Məsələn, yemək süfrədə yeyilməlidir deyə bir qayda var və elə həmin vaxt televizorda uşağınızın ən çox sevdiyi cizgi filmi verilir. Ona səbəbini izah etdikdən sonra, sadəcə, həmin gün üçün yeməyi TV qarşısında yeməsinə icazə verilə bilər. Bu addım uşağın qaydalara qarşı neqativ düşüncəsini aradan qaldırmaqda mühüm rol oynayır. Burada əsas məqam uşaqların da bir şəxsiyyət olduğunu bilmək və buna hörmət etməkdən ibarətdir. Uşaqlarımızın davranışı onlara göstərdiyimiz hörmət ölçüsündədir. Bəzən uşaqlarımızın bir fərd olduğu onun da hisslərinin, düşüncələrinin olduğunu unuduruq. Bir anlığa özümüzü onların yerinə qoyaq. Biri fikrimizi soruşmadan, istəklərimizi nəzərə almadan, onun dediklərinə tabe olmağımızı istəsə reaksiyamız necə olar?

Xəyalə Sadıqova