Uşağa dərmanı şirniyyat adı ilə vermək doğru deyil

591
Uşaq zəhərlənmələrinin qarşısını almaq üçün mütəxəssislər valideynlərə dərmanları etibarlı yerdə saxlamağı məsləhət görürlər. 
Çünki mütəxəssislər uşaqların daha çox böyüklərin istifadə etdiyi dərmanları qəbul etdikləri üçün zəhərləndiklərini bildirirlər. Bunun qarşısını almaq üçün dərmanları açıq yerlərdə deyil, bağlı yerlərdə, hətta qıfıllı şkaflarda saxlamaq lazımdır. Bundan başqa, valideynlər uşağa dərmanı daha asan qəbul etsin deyə şirniyyat adı ilə verirlər. Bu isə çox səhv addımdır. Çünki uşaq sonradan dərman qutusunu görəndə onun şirniyyat olduğunu zənn edə, həm özü, həm də kiçik bacı-qardaşı qəbul edə bilər. Yaxşı olar ki, dərman verərkən ona düzünü deyəsiniz. Dərmanları uşağın gözü qarşısında içmək, onlara gecə qaranlıqda dərman vermək də doğru deyil. Dərmanın “qəbul saatı” uşağın “yuxu saatı” ilə üst-üstə düşürsə, “qəbul saatı”nı bir neçə saat irəli çəkmək problem olmaz. Çünki qaranlıqda dərmanlar qarışdıra, yaxud səhv verilə bilər. İstifadə tarixi keçmiş dərmanları atarkən də, uşağın götürə bilməyəcəyi yerə atmaq lazımdır. Dərmanları kimyəvi maddələrlə eyni yerdə saxlamaq olmaz. Məsələn, böcək dərmanı ilə öskürək siropunu eyni rəfə qoymaqla onları qarışdırma bilərsiniz. Bunun nə kimi ağır fəsadlar törədəcəyini isə yəqin ki, izah etməyə ehtiyac yoxdur.

Əgər uşağınızda gözlənilməz yuxu, qusmalar, balanssızlıq, danışığında qüsur (daha çox da kəkələmə) müşahidə edirsinizsə, bu, zəhərlənmənin əlamətləri ola bilər. Belə olduqda vaxt itirmədən xəstəxanaya müraciət etmək məsləhətdir.