Uruqvay son dəqiqədə sevindi

462

İyunun 15-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ikinci gününə “A” qrupunda yer alan Misir və Uruqvay millilərinin qarşılaşması ilə start verilib. “Yekaterinburq Arena”da oynanılan görüş Uruqvay yığmasının minimal hesablı qələbəsi ilə başa çatıb.

Misir millisinin əsas qol silahı Məhəmməd Salahın zədə üzündən meydana çıxmaması bu komandanın oyununa təsir göstərib. Belə ki, əsasən müdafiəyə üstünlük verən komanda rəqibini əks-hücumlarda yaxalamağa çalışıb.

Komandaların qarşılıqlı səylərinə baxmayaraq, ilk hissə qolsuz heç-heçə ilə başa çatıb.

Uruqvay millisinin tarixində ən çox qol vuran iki futbolçu – Luis Suares (51) və Edinson Kavani (42) bir neçə əlverişli imkandan istifadə edə bilməyiblər. Lakin buna baxmayaraq, matçın son dəqiqələrində hücumların sayını daha da artıran Uruqvay yığması istəyinə nail olub. Oyunun 89-cu dəqiqəsində Uruqvay millisinin sağ cinahdan yerinə yetirdiyi cərimə zərbəsindən sonra hava ötürməsini başla “doqquzluğa” göndərən müdafiəçi Xose Ximenez komandasına vacib qələbə qazandırıb – 1:0.

Bu qrupun və çempionatın ilk oyununda ev sahibi Rusiya yığması Səudiyyə Ərəbistanı millisini 5:0 hesabı ilə məğlub edib.

Beləliklə, ilk turdan sonra “A” qrupuna 3 xalla Rusiya millisi başçılıq edir. Uruqvay yığması rusiyalılarla eyni xalı toplasa da, top fərqinə görə ikinci sıradadır. Aktivlərində xal olmayan Misir üçüncü, Səudiyyə Ərəbistanı isə sonuncu pillədədir.

İkinci turda Uruqvay Səudiyyə Ərəbistanı, Misir isə Rusiya ilə qarşılaşacaq.

Xatırladaq ki, iki dəfə dünya çempionu olan Uruqvay yığması (1930 və 1950) indiyədək 12 mundialda çıxış edib.

Misir yığması isə 1934-cü və 1990-cı illərdəki mundiallardan sonra üçüncü dəfədir dünya çempionatlarında iştirak hüququ qazanıb.

Dünya çempionatı

Qrup mərhələsi, I tur

15 iyun

 

A qrupu

Misir – Uruqvay – 0:1

Qol: Ximenez, 90

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Yekaterinburq, Mərkəzi arena

 

Misir: 23. Məhəmməd Əlşənavi (q), 2. Əli Qabr, 6. Əhməd Heqazi, 7. Əhməd Fəthi (k), 8. Tarek Hamed (5. Morsi, 50), 9. Maruan Möhsen (11. Kahraba, 63), 13. Məhəmməd Əbdül-Şəfi, 17. Məhəmməd əl-Nenni, 19. Abdulla Səid, 21. Mahmud Hassan “Trezeqe”, 22. Amr Varda (14. Ramadan Subhi, 82)

Ehtiyat oyunçular: 1. Essam El-Hadari, 3. Əhməd əl-Məhəmmədi, 4. Ömər Qaber, 5. Sem Morsi, 10. Məhəmməd Salah, 11. Mahmud Kəhraba, 12. Ayman Əşrəf, 14. Ramadan Subhi, 15. Mahmud Həmdi, 16. Şərif Əkrəmi, 18. Mahmud Fadlalla “Şikabala”, 20. Saad Samir

Baş məşqçi: Hektor Kuper

 

Uruqvay: 1. Fernando Muslera, 2. Xose Himenes, 3. Dieqo Qodin (k), 4. Qilermo Varela, 6. Rodriqo Bentankur, 8. Naitan Nandes (5. Sançez, 58), 9. Luis Suares, 10. Corcian De Arraskaeta (7. Rodrigez, 59), 15. Matias Vesino, 21. Edinson Kavani, 22. Martin Kaseres

Ehtiyat oyunçular: 5. Karlos Sançes, 7. Kristian Rodriqes, 11. Kristian Stuani, 12. Martin Kampanya, 13. Qaston Silva, 14. Lukas Torreyra, 16. Maksi Pereyra, 17. Dieqo Laksalt, 18. Maksi Qomes, 19. Sebastyan Koates, 20. Xonatan Urretaviskayya, 23. Martin Silva

Baş məşqçi: Oskar Tabares

 

Turnir cədvəli

1. Rusiya 1 1 0 0 5:0 3
2. Uruqvay 1 1 0 0 1:0 3
3. Misir 1 0 0 1 0:1 0
4. Səudiyyə Ərəbistanı 1 0 0 1 0:5 0