Ürəyə batan tikan və ya tolerantlığın iki üzü

634

Biz müxtəlif dinlərdə bir Allaha dua edirik və dualarımızın mahiyyəti də eynidir. Lakin zəmanəmizdə insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlər də tapılır. Odur ki, biz bu gün insanlıqdan kənar və ağlasığmaz faktlarla da üzləşirik. Elə düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, soyqırımı, müharibələr buna bariz nümunədir.  Bəli, XXI əsr qloballaşma və inteqrasiya prosesinin sürətlənməsi nəticəsində (yeri gəlmişkən, insana hörmətdən, tolerantlıqdan başqa, hər şey qloballaşır. Bu, ziddiyyət yaradır) dünyanın geosiyasi arenasında əhəmiyyətli dəyişikliklərin baş verməsi ilə xarakterizə olunur. Qloballaşma şəraitində ümumbəşəri dəyər kimi müxtəlifliyin qorunması məqsədilə mədəniyyətlər və dinlər arasında dialoqun qurulması, tolerantlıq və dözümlülük ənənələrinin inkişafı olduqca vacibdir. Tolerantlıq müxtəlif və zəngin dünya mədəniyyətinin, fərdiliyin təzahür tərzi və özünüifadə formasının qəbul edilməsi, doğru şəkildə anlaşılması və ona hörmət göstərilməsi deməkdir. Tolerantlıq müxtəliflikdən doğan harmoniyadır. Bu yalnız mənəvi borc deyil, həm də siyasi və hüquqi tələbatdır. Tolerantlıq sülhün əldə edilməsini mümkünləşdirən və müharibə mədəniyyətini sülh mədəniyyəti ilə əvəzləyən xeyirxahlıqdır. Buna önəm verməliyik. Birgə yaşayış qaçılmazdır və buna praqmatik mövqedən yanaşmalıyıq. Mövzu ilə bağlı bu və ya digər suallarla Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi, şair-publisist, tərcüməçi, Azərbaycan Müəllimlər İnstitutu Quba Filialının müəllimi Rahib Sədullayevə müraciət etdik (O, dövri mətbuatda Rahib Alpanlı imzası ilə çıxış edir). Beləliklə, budəfəki həmsöhbətimiz Rahib Sədullayevdir.

– Rahib müəllim, bu gün dünyanın ən çox danışdığı mövzulardan biri tolerant münasibətdir. Bu münasibət fərqli irqləri, dilləri, dinləri mədəniyyətləri anlayışla qarşılamaq və onlarla uzlaşma yolları axtarmaq kimi izah olunur. Amma hər birimizə məlumdur ki, İslam dini hələ gəldiyi ilk dövrlərdən bəri bütün insanları Allahın əsəri kimi sevməyi və qarşı tərəflə iqrindən asılı olmayaraq xoş davranmağı əmr edir. Amma nə qədər acı olsa da etiraf etməliyik ki, ØØØİslam aləmində tolerantlıqla bir araya sığmayan münasibətlərə şahid oluruq. Bunun səbəbi nədir?

– El arasında belə bir misal var: “Gedər güllə yarası, getməz söz yarası”. Son zamanlar elə bil ki, insanlarımız bir az səbirsiz olublar. Ən adi şey üstündə qanqaraçılıq olur, tərəflər bir-birini başa düşmək istəmirlər. Nə olub bizə, nəyimiz çatmır axı? Mövlana Həzrətləri “Məsnəvi”sində yazır: “Bir adamın ayağına tikan batınca ayağını dizi üstünə qoyur, iynənin ucu ilə tikanın başını arayır-arayır, tapmadıqda tikanın batdığı yeri dodağı ilə isladır. Ayağa batan tikanı tapmaq bu qədər çətindirsə, ürəyə batan tikan haqqında nə demək olar? Cavabını sən ver!” Bu sözlərin dəyərini ölçməyin mümkün olmadığı hər bir ağıllı adama gün kimi aydındır. Üstəlik, bu sözlər sivil dünyanı qəflət yuxusundan oyatmaq üçün ən təsirli dərmandır. Müasir elmi-texniki inkişafın səviyyəsi dünya əhalisinin böyük əksəriyyətini ayaqlarına tikan batmasından qoruya bilsə də, təəssüf ki, bu çoxluğun ürəklərini qorumaqda acizliyini nümayiş etdirməkdə davam edir. İnsanlığın ürəyini yaralayanlar bu sağalmaz yaranın çarəsi kimi oz siyasi sözlüklərinə “tolerantlıq” (yəni dözümlülük) kəlməsini yazıb, özlərinə məxsus məharətlə yaralananlardan da onu yaşamalarını tələb etməkdədirlər. Bu münasibət, ən uzağı, başqasının ölüsü adama yatmış kimi görünür məsəli və yaxud “adımı qoyum sana, qal yana-yana” deyimi ilə sinonim ola bilir.

– Rahib müəllim, bəlkə, tolerantlıq müasir dünya tərəfindən yaxşı başa düşülmur? Bəlkə, bu kimi problemləri elə bunda axtarmaq lazımdır?

– Qəribə burasıdır ki, əsl tolerantlığın tarixi insanlıq tarixi qədər qədim olsa da, hər şeyi istədiyi kimi adlandırmaqda mahir olan sivil dünya onu da insanlara yeni bir anlayış, yaşam norması kimi təqdim etməyə çalışır. Çalışmaq bir yana, tolerantlığın nə olduğunu, onun mükəmməl bir nümunəsini göstərməkdənsə, dözülməz problemlərlə üzləşənləri tolerant olmağa çağırırlar. Çox uzağa getməyək, insanlığın İftixar Tablosu, Həzrəti Məhəmməd (s.a.s) insanlıq adına hər şeydə olduğu kimi, tolerantlıqda da zəngin, təkrarolunmaz nümunələr bəxş etmişdir. Mübarək şəxsinə edilən heç bir hörmətsizliyə, həqarətə sərt cavab verməyən, kimliyindən asılı olmayaraq, ona olmazın cəza verənlərin hamısını bağışlayan Peyğəmbərimizin tolerantlığa dair yaşayaraq göstərdiyi çoxsaylı nümunələrindən birinə bir daha şahid olaq. Ənənəyə görə, hər kəs bağ-bağçasında yetişən təzə nübarı Allahın Rəsuluna (s.a.s) gətirər, O da həmin nübarı ətrafında əyləşənlərlə bölüşdürərdi. Bu səhər bir nəfər kasıb adam bağının nübarını gətirmişdi İnsanlığın Tacı Peyğəmbərimizə (s.a.s). Rəsulullah (s.a.s) hədiyyəni qəbul etdi, dadına baxdı və ətrafındakılara təklif etmədən yeməyə davam etdi. Onlardan biri acizanə tərzdə dedi: “Ey Qadir Allahın Peyğəmbəri, o nübarı heç kəsə təklif etmədən yeməyiniz Sizi seyr edənlərin haqlarına toxunmadımı?” Rəsulullah (s.a.s) nübarı gətirən adam gedəndən sonra dedi: “Adamın gətirdiyi nübar hələ yetişməmişdi. Ondan sizlərə də versəydim, hər halda, biriniz onun yetişmədiyini deyərək, o adamı məyus edəcəkdiniz. Onun qəlbini qırmamaq üçün damağım nübarın acılığını qəbul etdi”. Peyğəmbərimiz (s.a.s) məhz öz sadə həyat tərzi, hər kəsə qarşı nəzakətli olub, hörmət bəsləməsi ilə İslam bayrağını zəfərbər edə bilmişdi. Nə qədər qəribə olsa da, tolerantlıq müasir dünya tərəfindən o dövrdə olduğu mənası ilə başa düşülmur və alqışlanmır.

“Yaşa və qoy yaşasınlar”

– Səhv etmiriksə, bu sovet dönəmindəki dinc yaşama çağırışına daha çox bənzəyir…

– Bəli, ötən əsrin “soyuq müharibə” illərində siyasi terminologiyada tez-tez səslənən “coexistence or no existence” (dinc, yanaşı yaşama, yoxsa məhv olma) ideyası bu gün daha ciddi görünür. Qısa və aydın ifadələrlə əks olunan bu ideyanı inkişaf etdirib həyata keçirmək üçün uzun, ardıcıl, qlobal fəaliyyət lazımdır. Bu işə dünyanın hər yerində uşaqların ailə və məktəb tərbiyəsindən başlamadıqca, onun insanlığın əsas borcu, vəzifəsi olmayınca uğurlardan danışmaq mümkün deyil.

Dövrümüzün ictimai-siyasi mənzərəsi baxımından bu işin həm də “qurdun quzu ilə dostluğu” qədər müşkül olması hamımıza məlumdur. Lakin insan Allahın ona bəxş etdiyi ağıl, təmkin, sevgi kimi nemətlərdən istifadə edərək dinc, yanaşı yaşama ideyasına yaşamaq hüququ qazandıra bilər. Əks təqdirdə, insan özü öz yaşamaq hüququnu məhv edəcək.

Bəşər tarixi boyunca dünyanın bütün ağıllı insanları sülh, əmin-amanlıq içərisində yaşamağı insanlığın təhlükəsizliyi üçün birinci amil hesab etmiş, rəngindən, irqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər kəsi bir-birini başa düşməyə, güzəştə getməyə çağırmış, fəaliyyətlərinin əsas hissəsini bu nəcib məqsədin reallaşmasına sərf etmişlər. Müdrik insanların bu barədə ortaq fikirləri olduqca çoxdur.

– Bəlkə onlardan bir neçəsini xatırladasınız?

– Viktor Hüqo tolerantlığı “ən yaxşı din” adlandıraraq, bu gün tolerantlığa ən ağır zərbələrdən biri olan dini ayrı-seçkiliyə xəcalət verir. Burada İslam fobiyası yaradıb dinimizə, Peyğəmbərimizə (s.a.s) küfr yağdırmaqdan yorulmayanlar Hudutların Gandisi adlandırılan, nüfuzlu Peştun siyasi lideri, Abdulgaffar Hanın (1890-1988) dediklərinə qulaq versələr, bəlkə, utanarlar: “Məhəmməd Peyğəmbər (s.a.s) bu dünyaya gəldi və bizə bunları öyrətdi: müsəlman o kəsdir ki, o, dili və əməli ilə heç kəsi incitməsin, Allahın yaratdıqlarının xeyri və xoşbəxtliyi üçün çalışsın. İnam Allaha inanmaq, öz insan qardaşlarını sevmək deməkdir”.

Dühası ilə insanlıq tarixinə böyük töhfələr vermiş Albert Eynşteyn insanlığın vəzifəsini belə şərh edir: “Vəzifəmiz bütün varlıqları və təbiəti qucaqlamaq üçün şəfqət dairəmizi genişləndirərək özümüzü bu həbsxanadan azad etmək olmalıdır”.

İnsanlığın parçalanmasının qaranlıq gələcəyini Martin L. King də ürək yanğısı ilə ifadə etmişdir: “Müxtəlif gəmilərdə gəlsək də, indi hamımız bir qayıqdayıq”.

Tolerantlıq həm də başqalarının normal, əmin-amanlıq içərisində, aydın səma altında yaşamaları üçün çalışmaqdır. Bir Şotlandiya atalar sözündə deyilir: “Yaşa və qoy yaşasınlar”.

“Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir və bu, ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilib. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün hər cür şərait təmin edilib. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına malikdirlər. Məhz elə bu kimi amillərə görə məmləkətimiz Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və dünyaya nümunə göstərilir. Bir çox dövlətlər də təcrübəmizdən yararlanmağa çalışırlar. Onu da deyim ki, Azərbaycan xalqının və dövlətinin tolerantlığa bu qədər həssas və ciddi yanaşması əslində təkcə keçmişinə hörmətindən deyil, həm də sağlam gələcək qurmaq istəyindən irəli gəlir”.

Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi, şair-publisist, tərcüməçi, Azərbaycan Müəllimlər İnstitutu Quba Filialının müəllimi Rahib Sədullayevlə  (O, dövri mətbuatda Rahib Alpanlı imzası ilə çıxış edir) tolerantlıq mövzusunda etdiyimiz söhbətin növbəti hissəsini təqdim edirik.

 

“Müxtəlifliyin birləşməsi güc, qüvvət deməkdir”

– Rahib müəllim, bu gün tolerant münasibət fərqli irqləri, dilləri, dinləri, mədəniyyətləri anlayışla qarşılamaq və onlarla uzlaşma yolları axtarmaq kimi izah olunur. Tolerantlıq daha nələri özündə əxz edir?

– Tolerantlıq başqalarının fikirlərinə hörmətlə yanaşmaq, onları dəyərləndirməyi bacarmaq deməkdir. Albert Eynşteynin dediyi kimi, gündəlik həyat nöqteyi-nəzərindən bildiyimiz həqiqət budur ki, biz başqalarının naminə buradayıq. Tolerantlıq başqa din, dil və mədəniyyətlərin yaşamaq hüququnu səmimiyyətlə qəbul edib, onlara hörmətlə yanaşmaq vərdişinə yiyələnmək deməkdir.

Tolerantlıq baş verən hər şeyi biganə şəkildə seyr etmək, hadisələrin axarına düşüb, səssiz-səmirsiz getmək demək deyil. Tolerantlıq düşüncəli insanlar üçün daha ciddi düşünmək, tədbirli olmaq, problemin optimal həlli üçün səmərəli yollar axtarmaqla məşğul olmaq deməkdir. Yaxın keçmişə nəzər salaq. Erməni separatçıları Sovet rejiminin zəifləməsindən istifadə edərək, illər boyunca hazırladıqları mənfur planlarını həyata keçirmək üçün hər cür vasitəyə əl atdıqları zaman bizim milli “təəssübkeşlərimiz” baş verən hadisələri “malalayır”, xalqı dözümlü olmağa çağırırdılar. İş o yerə çatmışdı ki, ermənilərə separatçı da deməyə çəkinirdik. Hadisələrin sürətlə əleyhimizə inkişaf etdiyinə baxmayaraq, insanların şəxsi istifadəsində olan ov tüfənglərini də əllərindən almışdılar. Bu, tolerantlığın ən rəzil nümunələrindən biridir. Müdafiə nazirimizin bu yaxınlarda tərpənən hər hansı hədəfi məhv etmək haqqında əmri qarşı tərəfə tolerantlığın nə demək olduğunu onların öz dillərində başa salacaq. Başa düşəcəklər ki, başmaq çevirmək bizlərdə ədəb-ərkan, hörmət, qanmazlar üçün isə qorxaqlıq əlamətidir. Azərbaycanın illər boyunca müvafiq beynəlxalq təşkilatların vəzifə borclarını ləyaqətlə yerinə yetirəcəklərinə güvənərək nümayiş etdirdiyi tolerantlıq bu mövzuda ağızdolusu danışanların üzünü qızartmalı, vicdanlarını tərlətməlidir.

– Təbii ki, tolerantlıq bütün tərəflərin mənafeyinə uyğun münasibət və əlaqələr sisteminin qurulmasını tələb edir… Sizcə, bu mümkündürmü?

– Tolerantlıq təkcə siyasi münasibətlər deyil, müxtəlif dinlər, etnik qrupların da əsas fəaliyyət norması olmalıdır. Belə olduqda dünyanın hər yerində baş verən qaçqınlıq, köçkünlük, genosidə son qoyula bilər.

Nə dinlər, nə də mədəniyyətlər arasındakı fərqləri aradan qaldırmaq mümkündür. Lakin bu fərqlərin Allahın yaratdığını dərk edib, onlara hörmət və ehtiramla yanaşmaq, onları gözəllik kimi görmək tamamilə mümkündür. Sözdə orada yaşayan hər kəsin vətəni hesab olunan Amerikada ən çox işlənən sual, deyilənə görə, “Where are you from?”dur, yəni: “Haralısan?”dır. Bu gün qaradərililərə qarşı genişlənməkdə olan ayrı-seçkilik, diskriminasiya o boyda ölkənin nüfuzuna heç də ucalıq vəd etmir. Həyat sübut edir ki, müxtəlifliyin birləşməsi güc, qüvvət deməkdir. Müxtəlif ölçüdə yaradılmış barmaqlar uşağın belə yumruğunda gücə, zərbəyə dönür. Ezopun dediyi kimi, “birləşdikdə ayaqda durur, bölündükdə yıxılırıq.

 

“Sivil dünya iki əli ilə üzünü örtür”

– Çıxış yolu yalnız tolerantlıqdadır? Axı insanlığın onu birləşdirən amilləri daha çoxdur…

– Bəli, bu gün insanlığın onu birləşdirən amilləri daha çoxdur. Bu amilləri öyrənib dəyərləndirsək, tolerantlığın dərdini çəkməyə ehtiyacımız olmaz, çünki bu gün insanlıq səmasını bürüyən qara buludlar ilk baxışda çox adi görünən həmin dəyərlərin tapdanmasının nəticəsidir. Hər bir insan bütün fərqləri ilə birlikdə Uca Yaradanın şah əsəridir. Bu müqəddəs varlığa qarşı istənilən arzuolunmaz münasibət Allahın qəzəbinə səbəb ola bilər. Dinimizdə göstərildiyi kimi, bir insanı öldürmək bütün insanlığı öldürməkdir. “Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs isə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur… (Quran. Maidə -5/32)

Müasir dünyada isə bu, tərsinədir. İsrail kefinin istədiyi vaxt minlərlə fələstinlini məhv edir, gözünə üfürən tapılmır bu sivil dünyada. Yüz il bundan əvvəl uydurma sayda, dövrün ictimai-siyasi vəziyyəti ilə əlaqədar olaraq ölmüş ermənilər üçün “soyqırımı” sözü uydururlar. Qarabağda, Xocalıda qadın, qoca, uşaq demədən öldürülən, ölülərə belə ağlasığmaz hörmətsizlik edən erməniləri görməmək üçün sivil dünya iki əli ilə üzünü örtür, bizdən tolerantlıq tələb edir.

– Bəli, Rahib müəllim, bu gün öz ölkəsində tolerantlıq olmayan ölkələr dünyadan bunu ummaqdadırlar. Sizə elə gəlmirmi bu sahədə də ikili standartlar var?

– Bir daha deyirəm, pafosla deyilən “tolerantlıq” sözünün mənasına fikir verək. Bu ingilis sözünün bir mənası “pis və ya xoşagəlməz bir şeyin baş verməsi və edilməsinə icazə vermək”, digər mənası isə “başqasının duyğularını, davranış və ya inamını qəbul etmək”, daha şirin dillə desə, “yola vermək”dir. Sözlükdəki nümunə cümlədə bunu açıq-aydın ifadə edir: – I don’t like my boss, but I tolerate him (Mən müdirimi xoşlamıram, lakin dözürəm (yola verirəm).

Deməli, problemlərlə üzləşən ölkələrdən tolerantlıq istəyənlər onlara, quraqlıqdan əziyyət çəkən bitkilər kimi, düçar olduqları bəlalarla barışmağı tövsiyə edirlər, əslində. Başqalarından tolerant olmağı tələb etmək su içmək qədər asandır. İllah da bu başqası başda türk olmaqla, müsəlman ola. Ürək ağrısı ilə qeyd etmək lazımdır ki, beynəlxalq münasibətlərin çox sahələrində olduğu kimi, tolerantlığa da ikiüzlülüyü qəbul etdiriblər. Necə deyərlər, qaş düzəltmək yerinə, gözü də çıxarıblar.

Zamanın tələbi isə bambaşqadır. Beynəlxalq münasibətlərdə tolerantlığa da Allah qorxusu ilə yanaşmalıyıq. Sədi Şirazi bu məqamı nə qədər gözəl ifadə etmişdir: “Mən Allahdan qorxuram, bir də Allahdan qorxmayanlardan”. Düz sözə nə deyəsən? Allah məsuliyyət daşıyan insanların ürəyini insaf və Allah qorxusu ilə zinətləndirsin. Amin!

– Rahib müəllim, ölkəmizdəki tolerantlığı necə dəyərləndirərdiniz?

– Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir və bu, ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilib. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün hər cür şərait təmin edilib. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, əsas insan hüquq və azadlıqlarına malikdirlər. Məhz elə bu kimi amillərə görə məmləkətimiz Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və dünyaya nümunə göstərilir. Bir çox dövlətlər də təcrübəmizdən yararlanmağa çalışırlar. Onu da deyim ki, Azərbaycan xalqının və dövlətinin tolerantlığa bu qədər həssas və ciddi yanaşması əslində təkcə keçmişinə hörmətindən deyil, həm də sağlam gələcək qurmaq istəyindən irəli gəlir. Çünki tolerantlıq prinsipləri bərqərar olmayan cəmiyyətdə dinlər və mədəniyyətlərarası dialoqun baş tutması, ən əsası ictimai-siyasi sabitliyin qorunması, sürətli inkişafın təmin olunması mümkün deyil.

 Qvami Məhəbbətoğlu Amil Tağıyev