Ürəklərdə “Tumurcuq” sevinci yaşanırdı

1293

İlaxır çərşənbədə qara bələnən Quba torpağında baharın gəlişi o qədər də sezilmir. Amma bu yurdun insanları ilə həmsöhbət olanda hiss edirsən ki, artıq ürəklərdə bahar sevinci yaşanır. Biz Qırmızı qəsəbəki 1 saylı tam orta məktəbin həyətinə girən kimi təbiətin yazqabağı şıltaqlığını unutduq və məktəblilərin şən səslərinin də qovuşduğu səmimi bir mühitə düşdük. Hiss etdik ki, keçiriləcək görüşə hamıdan çox “Tumurcuq”un balaca oxucuları, ömrün tumurcuq çağlarını yaşayan balalar sevinirlər.
Məktəbin direktoru və müəllimlər bizi köhnə dostlar kimi qarşıladılar…
“Tumurcuq” balalarımızla birgə addımlayır”
Direktor, təcrübəli pedaqoq Yavuşva Simanduyev tədbirin Novruz günlərində keçirilməsini diqqətə çatdırıraq, qarşıdan gələn bayram münasibətlə hamını təbrik etdi. Daha sonra o, dedi: “Tumurcuq” mətbuat aləminə düz 20 il əvvəl qədəm qoyub. O illərdə uşaq mətbuatında bir boşluq yaranmışdı. Bu mənada, “Tumurcuq” həmin boşluğu özünün bütün dəyərləri ilə dolduran bir qəzet oldu. Hətta mən deyərdim ki, “Tumurcuq” həmin illərdə uşaqların imdadına çatdı. Bir fakt deyim: “Tumurcuq” ölkəmizdə latın qrafikalı ilk qəzetdir. O illərdə isə qəzet və jurnallar, kitablar hələ də kirill əlifbası ilə nəşr olunurdu. Yəni , onda “Tumurcuq” bu sahədə uşaqlara yardımçı oldu. Artıq 20 ildir ki, bu qəzet balalarımızla birgə addımlayır və ümid edirəm ki, addımlamaqda davam edəcək. Çünki “Tumurcuq” məktəblilərin dünyagörüşünün formalaşmasında, onların sabahımız üçün gərəkli insan kimi yetişməsində, başqa sözlə, vətən daşı olmalarında özünəməxsus rol oynayır. Elə bu səbəbdən o, balalarımızın ürəyinə yol tapa bilib. Bizim məktəb də neçə illərdir ki, “Tumurcuq”la əməkdaşlıq edir və bu əməkdaşlıqdan həmişə faydalanır. Yeri gəlmişkən, onu da deyim ki, mən bir məktəb direktoru, bir valideyn kimi “Tumurcuq” qəzetini sevə-sevə oxuyuram”.
“Sizin hər biriniz “Tumurcuq”sunuz”
“Tumurcuq” qəzetinin redaktoru Səməd Məlikzadə öz çıxışını uşaqlara müraciətlə başladı: “Balalarım, sizin hər biriniz elə “tumurcuq”sunuz. Qəzetin adı da elə sizin adınızdır”. Daha sonra ölkəmizdə uşaq mətbuatının formalaşmasından söz açan Səməd müəllim dedi: “Azərbaycan uşaq mətbuatının təqribən 110 yaşı var. “Dəbistan”, “Rəhbər”, “Məktəb” dərgiləri uşaq mətbuatımızın qaranquşları olublar. Həmin mətbuat orqanlarının yaşamasında o dövrün görkəmli ziyalılarının böyük əməyi olub. Sovet dövründə nəşr edilən “Azərbaycan pioneri” (“Savalan”) qəzeti, “Göyərçin”, “Günəş” junalları da yeni nəslin gərəkli insan kimi yetişmələri üçün gərəkli işlər görüblər. “Tumurcuq” qəzeti ilk sayı ilə görüşünüzə 1996-cı ilin martda gəlib. Mən bu fikirdəyəm ki, mart ilin ən xoşbəxt ayıdır. Çünki bu ayda təbiət oyanır, ağaclar tumurcuqlayır, çiçəklər açılır, dünya pərvəriş tapır, insanlar əkin-biçinə hazırlığa başlayır. Hər kəsin ürəyində arzular aşıb daşır… Bax, belə məqamda “Tumurcuq”un birinci sayı işıq üzü görüb. Elə ilk saylarından da uşaqların və ziyalılarımızın rəğbətini qazanıb. Yeri gəlmişkən, deyim ki, ulu öndərimiz Heydər Əliyev qəzetimizin fəaliyyəti ilə tanış olarkən bu sözləri deyib: “Tumrucuq” uşaqlar üçün zəngin və dəyərli mənbədir”. Xalq şairi Bəxtiyar Vahabzadə qəzetimizin 100-cü sayı ilə bağlı belə yazıb : “Tumurcuq” qəzeti nəşrə başlayanda ona xeyir-dua verənlərdən biri mən olmuşam. Ötən illər ərzində “Tumurcuq” saydan-saya inkişaf edərək, gənc nəslin yetişməsində mühüm rol oynaya bildi. Qəzetin dizaynı çox gözəldir. Səhifələri boğucu, yorucu deyil. Yazıların dili səlisdir. Hiss edirsən ki, bu qəzetin yazarları demək istədiklərini az sözlə çatdırmağa çalışır, oxucunu yormaq istəmirlər. Bu, mətbuat üçün çox əhəmiyyətli keyfiyyətdir. İnanıram ki, “Tumurcuq”u oxuyanlar xalqının tarixi dostunu və düşmənini yaxşı tanıyarlar”.
Səməd müəllim sonra məktəblilərə və müəllimlərə “Tumurcuq”u yaşatdıqlarına və sevə-sevə oxuduqlarına görə minnətdarlıq etdi. Çıxışını isə belə yekunlaşdırdı: “Bizi daim yaxşı işləməyə, məsuliyyətli olmağa sövq edən sizin gözəl arzularınız, “Tumurcuq”a olan sevginizdir “. Sonra redaktor, qəzetlə uzun illər səmərəli əməkdaşlıq etdiyinə görə İsaak Xanukov adına 1 saylı tam orta məktəbin şagird və müəllim kollettivinə təşəkkür etdi, təhsil ocağının direktoruna xatirə hədiyyəsi bağışladı. Direktor hədiyyəni rəhbərlik etdiyi kollektivinə verilən dəyər kimi qiymətləndirdi. O, həmçinin bu tədbirin keçirilməsində qəzetin şimal bölgəsi üzrə təmsilçisi Amil Tağıyevin, eləcə də Yelena, Amaliya, Sevil, Firəngiz və digər müəllimələrin də rolunu xüsusi qeyd etdi.
Məktəbin tarix müəllimi Tünzalə Osmanova öz çıxışında qeyd etdi ki, “Tumurcuq”u araya- ərsəyə gətirənlər hər cür təriflərə layiqdirlər. Mən də bir müəllimə kimi “Tumurcuq”dan həmişə faydalanıram. Hətta uşaqlardan öncə qəzetin yeni sayını vərəqləməyə çalışıram. Xüsusilə qəzetdə verilən testlər məndə böyük maraq doğurur. Rus, ingilis və türk dillərində olan səhifələr də ürəyimcə olur. Güman edirəm ki, “Tumurcuq”un gələcək sayları daha oxunaqlı və maraqlı olacaq.
“O, “Tumurcuq”u uşaqların əlindən ala bilməyəcək”
Azərbaycan Müəllimlər İnstitutu Quba filialının müəllimi, “Ay işığı” ədəbi məclisinin üzvü Rahib Alpanlı bir pedaqoq kimi “Tumurcuq”dan çox faydalandığını dilə gətirdi: “Bu qəzet həm də müəllim və valideynlər üçün gərəkdir. Məhz “Tumurcuq” bu kimi özəlliklərinə görə digər uşaq qəzet və jurnallarından fərqlənir”. O, bir mətləbə də toxundu: “Bu gün bir faktdir ki, biz texnoloji yeniliklər dövründə yaşayırıq. Hətta bu gün internet uşaqları ağuşuna alıb. Amma, mənim fikrimcə, o, “Tumurcuq”u uşaqların əlindən ala bilməyəcək. Çünki bu qəzet artıq özünün oxucu auditoriyasına sevdirə bilib və sevdirməkdədir”.
“Zaman-Azərbaycan” qəzetinin baş redaktorunun müavini Sərraf Nəzər belə bir tədbirin təşkilinə görə, məktəbin rəhbərliyinə təşəkkürünü bildirdi. Bu məktəbin uğurlarına sevinən S. Nəzər burada təhsil alan uşaqların əsl vətəndaş kimi yetişmələrində “Tumurcuq”un da payının olması ilə bağlı məmnunluğunu dilə gətirdi. O, bu görüşün unudulmaz bir xatirəyə çevriləcəyinə şübhə etmədiyini də söylədi.
“Tumurcuq”u “Şəfəq” də təbrik etdi
“Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Qasımov dedi ki, qəzet və jurnal bolluğu içərisində seçilmək, çoxminli oxucu kütləsi qazanmaq çox çətindir. Amma “Tumurcuq” 20 ildə bunu bacardı. Mən də 95 yaşlı “Şəfəq” adından “Tumurcuq”un yaradıcı heyətini və onun oxucularını təbrik edirəm.
Qırmızı qəsəbə Ağsaqqalalr Şurasının sədri, Ümumdünya Dağ Yəhudiləri Konqresinin Millətlərarası Münasibətlər Komitəsinin sədri, “Şöhrət” ordenli Boris Simanduyev çıxışına bu sözlərlə yekun vurdu: “Azərbaycan tarixən müxtəlif xalqlar və dinlərə mənsub insanların qarşılıqlı hörmət və tolerant şəkildə birgə yaşadığı məkandır. Artıq bu sahədə vəziyyət dünyaya örnək olacaq səviyyəyə çatıb. Biz bununla fəxr edirik. Yeri gəlmişkən onu da deyim ki, burada boya-başa çatmış hər bir yəhudinin harada olmasından asılı olmayaraq “Mən Azərbaycanlıyam” deməsi bir ənənəyə çevrilib. Bu istiqamətdə mətbuat orqanlarının da fəaliyyəti təqdirəlayiqdir. O ki qaldı “Tumurcuq”a”. Mən də bu qəzetlə maraqlanıram. Və bu qəzet həqiqətən də uşaqların milli-mənəvi ruhda böyümələrində önəmli rol oynayır. Odur ki, qəzetin yaradıcı kollektivinə yeni uğurlar diləyirəm”.
Qırmızı qəsəbə Bələdiyyəsinin sədri Yadadayeva Yafo qəzetin İsaak Xanukov adına 1 saylı tam orta məktəblə əməkdaşlığını yüksək dəyərlənirdi.
Yeri gəlmişkən, qeyd edək ki, İsaak Xanukov adına 1 saylı tam orta məktəbdə 262 şagird (onların arasında azərbaycanlılar, ləzgilər, türklər, ruslar və digər millətlərin nümayandələri var) təhsil alır. Uşaqların təlim-tərbiyəsi ilə 43 nəfər müəllim məşğul olur. Məktəbinin direktoru Yavuşva Simanduyevin verdiyi məlumata görə, burada dərslər həm azərbaycan, həm də rus dilərində keçirilir. Yəhudi şagirdlərin doğma ivrit dilində təhsil almaları üçün də şərait yaradılıb.
Ürəklər də oxuyurdu…
Tədbirin bədii hissəsi də yaddaqalan oldu. IX sinif şagirdi Arzu Rüstəmovanın söylədiyi Raşbil Şamayevin “Azərbaycan” şeir alqışlarlarla qarşılandı. Mark Simanduyevin skripkada ifa etdiyi Qara Qarayevin “Valsı”ı tədbir iştirakçılarını duyğulandırdı. İkinci sinif şagirdi Röya Sultanovanın (pianoda), IV sinfi şagirdi Murad Məmmədovun (tarda), eləcə də VI sinif şagirdi Seyidpəri Məmmədovanın və II sinif şagirdlərinin rəqsləri zalda xoş ovqatı və alqışları artırdı. Bacı-qardaşın – Nurəddin (III sinif) və Mehin Qasımovların (hazırlıq sinfi) ifa etdikləri “Can, can, can Azərbaycan” mahnısı hamını onlara qoşulmağa sövq etdi. Şagirdlərdən Nurəddin Qasımov və Nurcahan Babayeva da duyğulu şeirlərinə görə alqışlandılar.
Tədbir çərçivəsində məktəbdə uşaqların əl işlərindən ibarət sərgi də təşkil olunmuşdu. Qubaya həsr olunmuş sərgidə çoxlu rəsm əsərləri nümayiş etdirilirdi.
RegionTV-də səmimi görüş
Həmin gün “Tumurcuq”un əməkdaşları Xaçmaz şəhərində RegionTV-nin “Gün başladı” səhər proqramının qonağı oldular. Söhbət zamanı qeyd edildi ki, “Tumurcuq”un böyük oxucu rəğbəti qazanmasının başlıca səbəbi uşaq və yeniyetmələrin istək və düşüncələrinin qəzetdə geniş əksini tapması, tariximizin, milli- mənəvi dəyərlərimizin geniş təbliğidir.
Proqram bitdikdən sonra “Tumurcuq”un əməkdaşları ilə telekanalın yaradıcı heyəti arasında səmimi görüş oldu. Baş direktor Məhsim Məhsimov və baş redaktor Vəli Turan kollektivin uğurları və axtarışları barədə qonaqlara məlumar verdilər. Axırda vətənpərvərlik mövzusunda son həftələrdə lentə alımış yeni marşa baxış keçirildi.

Qvami Məhəbbətoğlu, Amil Tağıyev