Ürəkdələn islahatlar…

635

Sözün düzü, bu yazı barədə düşünərkən ona “Ürəkaçan islahat” adı vermək fikrində idim. Lakin yazı yarıya çatanda həmin başlığı bir kənara tulladım.

Bunun səbəbini yazının sonunda deyəcəyəm. Bir də belə qərara gəlməyimdə nə vaxtsa oxuduğummu, eşitdiyimmi bir əhvalat da öz sözünü dedi. Həmin əhvalatı sizə də nəql etmək istəyirəm. Deməli, belə: sovet dönəmində bir jurnalist bütün norma və tapşırıqları vaxtında yerinə yetirməkda ad çıxarmış bir zavoddan məqalə hazırlamaq qərarına gəlir. Həmin jurnalist zavoda gələnədək yazacağı məqaləsinə “Saat kimi işləyən zavod” adı vermək fikrinə düşür. Lakin zavodun giriş qapısından keçəndə birdən divardakı saata gözü sataşır. Görür ki, zavodun saatı 5 dəqiqə geri qalır. Elə bu səbəbdən jurnalist yazısına başqa bir sərlövhə verməli olur. Hə, indi keçək mətləbə…

Bəli, Dövlət Neft Şirkətində aparılan struktur islahatları indi “Azəriqaz” İstehsalat Birliyində davam etdirilir. Belə ki, Birliyin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı və Yasamal qaz istismarı sahələri yenidən təşkil edilərək, onların bazasında hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti təşkil edilir. Bəri başdan onu da deyim ki, uğurlu, faydalı olsun! Yəqin, tətbiq ediləcək yenilik bu sahədəki bütün dürlü problemləri həll edəcək. Elmi dildə desək, idarəetmə mexanizminin təkmilləşdirilməsi və struktur bölmələrin fəaliyyətinin səmərəliliyini artıracaq. Yoxsa, belə bir addım atılmazdı. Özü də bu sözləri mən kinayə ilə demirəm ha… Odur ki, heç belə şeyi ağlınıza gətirməyin. Sizi bilmirəm, mən buna çox inanıram. Elə bu inamla da yazımı davam etdirirəm.

Hə, onu deyirdim axı… Amma mənə elə gəlir ki, bu yeniliyin bir əmması var ki, elə bu barədə var-gəl etmək istəyirəm. Bu yenilik, şübhəsiz ki, neçə-neçə işçinin işindən azad olunması – ixtisarı ilə də yekunlaşacaq. Bilənlər bilir, bilməyənlər də bilsinlər ki, “ixtisar” kəlməsi dilimizdə “qısaltmaq, azaltmaq, işdən azad etmək” mənasındadır. Məncə, bunu hər kəs bilir. Sizi bilmirəm, mənim bu ixtisar sözündən əsla xoşum gəlmir. İndi həyatımızın, demək olar ki, hər yerində ixtisarlar gedir. Amma yenə deyirəm, əksər ixtisarlar heç də ürəyimcə deyil. Onlar barədə ətraflı danışıb sizi yormaq fikrində deyiləm. Bir də qorxuram ki, yazdıqlarımı ixtisara salıb, üstündən sükutla keçəsiniz. Təbii ki, bu, sizin hüququnuzdur. Bəri başdan deyim ki, əksər islahatların arxasında ixtisar gizlənir. Daha doğrusu, artıq “islahat” “ixtisar”ın sinoniminə (mənaca başqa sözlə bir, yaxud ona çox yaxın, deyilişcə (səslənmə cəhətdən) isə müxtəlif olan söz) çevrilib. Bunu görmək, dərk etmək üçün heç də uzağa getmək, yaxud cild-cild kitabaları vərəqləmək lazım deyil. Elə son illərin islahatlarını bir balaca araşdırsanız, hər şey sizə aydın olacaq. Bu mənada elə “Azəriqaz” İstehsalat Birliyində həyata keçirilən islahatlar da bundan xali olmayacaq. Daha mən bilmirəm, orada neçə nəfər bu islahatın qurbanı olacaq. Amma dərk etdiyim budur ki, 12 idarənin işçilərini yeni təşkil olunacaq iki departamendə yerləşdirmək heç də asan olmayacaq. Bu isə o deməkdir ki, ixtisarlar qaçılmazdır. Yəni bu islahatda da ixtisar nəğməsi oxunacaq. Elə bu səbəbdən həmin qurumların işçilərinin əksəriyyəti təşviş içindədir.

Amma öz aramızdır, son illər həyata keçirilən əksər islahatlarda belə bir nəğmə oxunur. Odur ki, bu və ya digər qurumdan ixtisara düşənlərin üz tuta biləcəkləri qapı da qalmayıb. Elə isə qapı bağlayacaq belə islahatlarla biz hara gedirik? Hə, indi bildinizmi niyə sərlövhəni dəyişdim?

Qvami Məhəbbətoğlu