“Uorlikin və ya Andriyenin dəyişdirilməsi xüsusi əhəmiyyət daşımır”

394

Qarabağ münaqişəsinin dalana dirəndiyi bir vaxtda problemin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT Minsk qrupuna həmsədr ölkələr arasında bir canlanma hiss edilməkdədir. Bu baxımdan ötən gün məlum olub ki, ATƏT Minsk qrupuna həmsədr ölkələrdən biri olan Fransa qurumdakı təmsilçisini yenisi ilə əvəz etmək qərarına gəlib. Belə ki, Fransa 2014-cü ildən ATƏT Minsk qrupunda təmsilçisi vəzifəsində çalışan Pyer Andriyeni Stefan Viskonti ilə əvəz edib. Bunun ardınca ABŞ-ın ATƏT Minsk qrupundakı təmsilçisi Ceyms Uorlık tutduğu vəzifəsindən istefa verdiyini bəyan edib. Əgər Fransanın Minsk qrupundakı öz təmsilçisini yenisi ilə əvəz etməsi adi rotasiya qaydasında həyata keçirilibsə, təcrübəli diplomat olan Uorlikin öz vəzifəsindən istefa verməsi çoxsaylı ehtimalların gündəmə gəlməsinə səbəb olub. İş orasındadır ki, Uorlik Qarabağ münaqişəsinin həllində Obama administrasiyasının siyasətini olduqca dəqiq yerinə yetirən bir siyasətçi hesab edilir. Onun münaqişənin həllində mövcud status-kvonun qorunub saxlanılmasına xidmət edən açıqlamaları isə Azərbaycanda kəskin etirazlarla qarşılanırdı. Belə ki, Uorlik son vaxtlar münaqişənin həllində tərəflərin kompromisə hazır olmadığını vurğulamaqla problemin dalana dirənməsində tərəfləri günahlandırmağa cəhd etmişdi. Təbii ki, onun vasitəçilik missiyasına sığmayan və problemin həll edilməməsində günahı vasitəçi ölkələrdə deyil, münaqişə edən tərəflərdə axtarması Bakıda sərt reaksiyalara səbəb olmuşdu. Ona görə də Azərbaycanda Uorlikin vəzifəsindən istefa verməsindən sonra münaqişənin həllində ABŞ tərəfindən çevik siyasət yeridiləcəyinə ümid edirlər. Hər halda Trampın prezidentliyi dövründə Qarabağ münaqişəsinin həllində hansısa canlanmanın ola biləcəyi indidən hiss edilir. Üstəlik Trampın azərbaycanlı tanınmış iş adamlarından biri ilə isti münasibətlərinin olduğunu da nəzərə alsaq, onda Ağ Evin Qarabağ münaqişəsinin həllində hansısa cəhdlərə baş vura biləcəyi ehtimalı məntiqi baxımdan ağlabatan hesab edilir.
Tramp şəxsi münasibətlərini dövlət siyasətindən üstün tutmayacaq
Amma belə ümidlər özünü doğrultmaya da bilər. Xatırladaq ki, Putin prezident seçildiyi dövrlərdə də azərbaycanlı məşhur iş adamının onunla dostluq münasibətləri olduğu və bu müstəvidə də Kremlin yeni sahibinin Qarabağ münaqişəsinin həllində bu dostluq amilini nəzərə alacağı söylənilirdi. Lakin Putin şəxsi dostluq münasibətlərini deyil, Rusiyanın bölgədəki hərbi-strateji maraqlarını qoruyub saxlanılmasını və Ermənistanla daha sıx müttəfiq əlaqələrinin yaradılmasını önə çıxardı. Məsələnin bu tərəfinə diqqəti cəlb edən politoloq, millət vəkili Rasim Musabəyovun sözlərinə görə, Trampın prezidentliyi dövründə onun şəxsi münasibətlərini dövlət siyasətindən üstün tutacağı inandırıcı görünmür. Politoloq bununla belə Trampın prezidentliyi dövründə Qarabağ münaqişəsinin həllində hansısa canlanmanın ola biləcəyini istisna etmədiyini söylədi. Konkret olaraq həmsədr ölkələrin qurumdakı nümayəndələrini dəyişdirməsinə gəlincə, Rasim Musabəyov bunun vaxtaşırı baş verdiyini xatırladıb: “Həmsədr ölkələrin nümayəndələri münaqişənin həllində öz dövlətlərinin siyasətini həyata keçirirlər. Bu baxımdan Uorlikin və ya Andriyenin dəyişdirilməsi xüsusi əhəmiyyət daşımır. Amma o da aydındır ki, münaqişənin həlli yalnız ABŞ-dan asılı deyil, hər üç həmsədr ölkənin bu məsələdə ortaq məxrəcə gəlməsindən asılıdır”.
Əziz Mustafa