Unutmasınlar ki, dəmir yumruq yerindədir

0
35

Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək onun işğal siyasətinə son qoydu. Bu savaş  Ali Baş Komandan İlham Əliyevin şərtləri ilə düşmənin kapitulyasiyası ilə başa çatdı. Bununla da Azərbaycan tarixi ədaləti bərpa etdi.

Ermənistanın belə biabırçı məğlubiyyəti bu ölkədəki mövcud sosial-iqtisadi böhranı daha da dərinləşdiridi, mənəvi-psixoloji durumu sürətlə gərginləşdirdi. Belə ki, hazırda Ermənistan sonu görünməyən tənəzzül dövrünü yaşayır. İqtisadiyyatı tamamilə çökmüş işğalçı ölkənin hökuməti əhalinin sosial vəziyyətini düzəltmək və sosial müdafiə layihələrini həyata keçirmək iqtidarında deyil. Elə bu səbəbdən ölkə əhalisi vəziyyətdən çıxış yolunu yenə də ölkədən qaçmaqda, başqa dövlətlərdə iş axtarmaqda görür. Ermənistan mətbuatı yazır ki, təkcə son günlər dünyada və Ermənistanda hökm sürən koronavirus pandemiyasına baxmayaraq, yüzlərlə insan Ermənistanı tərk edib. Ermənistan prezidenti Armen Sarkisyanın etiraf etdiyi kimi, indi erməni xalqı təkcə dövlətin deyil, millətin böhranını yaşayır. Ölkədə daxili qarşıdurma da pik həddə çatıb. Bütün bunlar azmış kimi Ermənistanda kilsə ilə hökumət arasında münasibətlərin gərginliyi də ortaya çıxıb. Dünən İrəvandakı Yerablur kompleksində bütün ermənilərin Katolikosu II Qaregenin keçirdiyi anım mərasimində erməni hökumət üzvlərindən heç kimin iştirak etməməsi bunun əyani sübutudur..Bir sözlə, müharibədəki məğlubiyyət Ermənistanı elə bir uçuruma yuvarlayıb ki, bu ölkənin bundan sonra  hələ uzun müddət gərginlik və qeyri-müəyyənlik içində olacağı şübhəsizdir. Şübhəsiz, bu gün Ermənistanı bürümüş böhran onun işğalçılıq siyasətinin nəticəsidir.

Ermənistanın hazırkı rəhbərliyi isə yenə müxtəlif “planlar”la əhalininin fikrini ölkədə yaranmış qeyri-müəyyənlikdən yayındırmağa çalışır. Hətta bu məqsədlə yeni “üsullara” əl atır.  Belə ki,  bu günlərdə, daha doğrusu, yanvarın 5-də  Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Xankəndiyə gəlib. Bəri başdan qeyd edək ki, bu qanunsuz səfərlə beynəlxalq hüquq və ən əsası noyabrın 10-da imzalananan üçtərəfli bəyanatı kobud şəkildə pozulub. Doğrudur, rəsmi İrəvan Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə  ermənilərə xas yalanlarla don geyindirməyə çalışır. Amma Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın dediyi kimi,  görünən budur ki,  Ermənistan rəsmiləri bununla  30 il bundan öncə olduğu kimi, hələ də xəyallardan çıxış etdiklərini və bölgədə mövcud olan yeni reallıqdan nəticə çıxarmadıqlarını nümayiş etdirir.

 Şübhəsiz, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bu addımı özbaşına atmayıb. Onu buna Nikol Paşinyan və onun havadarları vadar ediblər. Bu isə Ermənistanın növbəti təxribatından, Azərbaycanı qıcıqlandırmaqdan başqa bir şey deyil. Halbuki heç bir xarici vətəndaş rəsmi Bakının icazəsi olmadan o əraziyə gedə bilməz. Bir də axı Azərbaycan öz dəmir yumruğu ilə bu tipli addımların Ermənistana necə baha başa gəldiyini elə bu günlərdə göstərmədimi?

Bütün bu deyilənlərdən belə nəticəyə gələ bilərik ki, Ermənistan kimi təcavüzkar, işğalçı, terrorçu, vəhşi və barbar bir ölkə ilə qonşu olduğu müddətdə Azərbaycan hər cür təxribata hazır olmalıdır. Bu məqamda Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə  dövlət başçımızın bu sözlərini xatırlatmaq lap yerinə düşər: “Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq.”

Bəli, öz işğalçılıq siyasətinin acılarını yaşayan Ermənistanda vəziyyət olduqca  gərgindir. Onu bu kimi problemlərin məngənəsindən isə nə belə təxribatçı səfərlər, nə də öz havadarlarına güvənərək ərazilərimizdə kəşfiyyat diversiya dəstələri ilə terror və təxribatlar törətmək cəhdləri çıxara bilməyəcək. Əksinə Rusiya prezidenti Vladimir Putinin sözləri ilə də desək, belə addımlar Ermənistan üçün intihar olar. Bu ölkədə yaşanan böhranı, qeyri-müəyyənliyi aradan qaldırmağın yeganə yolu keçmişin səhvlərindən nəticə çıxararaq dünya miqyasında imkişaf etmiş ölkə kimi tanınan və regionda söz sahibi olan Azərbaycanla dinc qonşuluq yoluna qayıtmaqdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”