“Unutmaq olmur”

507

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq Uşaq Gənclər İnkişaf Mərkəzində maraqlı ədəbi-bədii kompozisiya keçirilib. Mərkəzin Dram dərnəyinin rəhbəri Ülviyyə Kərimovanın açılış nitqindən sonra dərnəyin rəhbəri Ülviyyə Kərimovanın ssenarisi əsasında ərsəyə gəlmiş “Unutmaq olmur” adlı tamaşa nümayiş olunub. Tamaşada Qanlı Yanvar faciəsinin qurbanlarından olan Fərizənin ruhu ilə İlhamın anasının söhbətləri öz əksini tapır. Fərizə gözüyaşlı anaya İlhamın ruhunun nararat olduğunu, şəhidlərimizin işğal altında qalan torpaqlarımızın həsrətini çəkdiyini xəbər verir. Qəhrəmanlıq yönümündə bitən kompozisiyada müstəqilliyimizin ilk qurbanlarının dilindən düşmən tapdağı altında qalan yurd-yuvalarımızın azad olunma arzuları, istəkləri tamaşaçılara çatdırılır. Ədəbi-bədii kompozisiyanın hazırlanmasında mərkəzin Vokal və Musiqisevərlər dərnəklərinin rəhbərləri Əsmər Heydərova və Elşad Abbasov da iştirak edib.

 

Tədbirdə mərkəzin direktoru Ədalət Quliyeva, 15 saylı uşaq  bağçanın direktoru Bəşarət Mabudova, 3 saylı məktəbin direktoru Kəmalə Tahirova və digər çıxış edənlər həmin o müdhiş qanlı 20 yanvar faciəsinin dəhşətlərini ürək ağrısı ilə bir daha dilə gətiriblər. Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini deyən çıxışçılar bu faciənin gənc nəslə çatdırılması, eləcə də ona siyasi-hüquqi qiymət verilməsi ilə bağlı geniş təbliğat işlərinin aparılmasının zəruriliyini qeyd ediblər.

Orta məktəb şagirdlərinin ifasında 20 yanvar faciəsinin  şəhidlərinə aid hazırlanmış şeirlər, kiçik tamaşalar nümayiş olunub.

Esmira Hidayətova, Mingəçevir