Unudulmuş tikmə növünə yeni nəfəs verən xanım

0
403

Unudulmuş qədim sənət nümunələrindən biri olan sanama tikiş növü ilə 2 ildən artıqdır ki, Mingəçevirdən olan gənc bir xanım – Sonaxanım Əzizova məşğul olur. Bu günlərdə Sonaxanımla həmsöhbət olduq. Bildirdiyinə görə, bu tikiş növünə özünün marağı olub. O, uşaq vaxtı bu işi nənəsindən  öyrəndiyini  deyir. Lakin nənəsi ona bu işin asan olmadığını bildirsə də, gənc xanım fikirindən dönməyib. Tələbə vaxtı otaq yoldaşının bu tikmə növü ilə məşğul olması onun bu sahəyə marağını daha da artırıb: ”Başqa  sahədə iş qursam  da, ali təhsil aldığım sahədən uzaqlaşmaq fikrində olmamışam. Filologiya sevdiyim sahədir. Ailə qurmağım institutu yeni bitirdiyim vaxta düşdü deyə, öz ixtisasım üzrə işləyə bilmədim. Sonra da övladım oldu və ona vaxt ayırmalı idim. Körpəlik dövrlərində də işləməyim alınmazdı.  Növbəti ildə müəllimlərin işə qəbul imtahanında iştirak etməyə hazırlaşıram. Öz ixtisasım üzrə magistr təhsili də almaq fikrim də var”.

Daha sonra müsahibimiz “Sanama collection”ı qurmaq ideyasının yaranmasından danışdı: “Mən iki il (2016-2018) evdə tort və şirniyyat sifarişləri qəbul edib, hazırlamışam. Çünki ixtisasım üzrə işləmək imkanım yox idi, amma nə isə etmək istəyirdim və bu, o zaman üçün ən ideal variant idi. Oğlum yavaş-yavaş böyüyürdü və mən bu işi çox davam etdirə bilməyəcəkdim. Çünki çətin olması ilə birgə, həm də çox məsuliyyətli iş idi. Bu zaman özümü “işsiz” gördüm. Odur ki, düşündüm. Axı mən  “sanama” tikmə növünü bilirəm. Bu sahə üzrə nəsə edə bilərəm.  Odur ki, getdim ləvazimatlar axtardım və tikməyə başladım. Beləliklə, 2018-ci ilin iyun ayında “Sanama collection” quruldu”.

Sonaxanım bildirdi ki, gördüyü bütün işlərdə həyat yoldaşı Elnur bəy də  ona dəstək göstərib: “Sadəcə özüm bir işlə məşğul olmaq istəyirdim. Biz fərqli sahələrdən, işlərdən rahat şəkildə pul qazana bilərik. Lakin bir sənətlə məşğul olarkən, ilk ağıla gələn şey pul qazanmaq olmamalıdır. Əgər belə düşüncə olursa, həmin insan sənətkar olmaz. İxtisasım da elədir. Müəllim də pul qazanmaq arzusunda olmamalıdır. Müəllimin arzusu insan qazanmaq və yetişdirmək olmalıdır”.

Müsahibimiz öz işlərinin təqdimatı üçün “Sanama” adını seçməsinin səbəblərindən də danışdı: “Müxtəlif tikmə növləri var. Təkalduz, güləbətin, saya tikmə, xovlu tikmə, sanama tikmə və s. “Sanama tikmə” “xaçşəkilli tikmə” və ya “krest tikiş” də adlanır. “Sanama tikmə”nin də növləri vardır. Sadə xaç, yarı xaç, uzunsov xaç, düyü xaçı və s. “Sanama” bizim dildə həm də saymaq mənasının verir. Biz də bu tikiş növündə parçanın üzərindəki xanaları sayırıq. “Sanama collection” adını ona görə seçmişəm ki, həm öz milli sözümüz olsun, həm də hər hansı xarici dildə tələffüzü asan olsun. “Collection” sözü də ingilis dilində kolleksiya deməkdir və iki söz birlikdə Azərbaycan milli tikmə növləri və ya əl işləri kolleksiyası deməkdir. Bu sahədə çox böyük planların var”.

Sonaxanım deyir ki, bu  tikmə növünün adı çox adama tanış gəlmir: “Bunun səbəbi bir az da başqadır. Çünki bu adı həmişə rusca “krestik”, “krest tikiş” ya da “vışivka” deyə səsləndiriblər. Məhz mən bu adı “Sanama” olaraq tanıtmağa çalışdım və bu istiqamətdə fəaliyyətim davam edir. Bu cəhətdən Mehriban Xəlilzadənin də rolunu qeyd etmək istərdim. O, müxtəlif tikmə növlərimizin həm bərpası, həm təbliği, həm də inkişaf etdirilməsi ilə məşğul olur. Onlardan biri də “sanama”dır. Ümumiyyətlə, əvvəllər bu sahə ilə məşğul olan xanımlara rast gəlmirdim. İndi ətrafımdan çox az sayda bu sənətlə  məşğul olan xanımlar var. Hamısı da məndən sonra başlayıblar. Öyrənmək üçün də müraciət edirlər, suallarını verirlər. Əlimdən gələn köməyi əsirgəmirəm”.

Müsahibimiz deyir ki, bu tikmə növü səbir tələb edən sənətdir: “Səbir və əmək tələb edir. Mən deyərdim ki, bütün sənətlər səbir və əmək tələb edir. Elə buna görə də, gözəl alınır. Bir müəllimim demişdi ki, qədim zamanlarda psixoloji problemlər az olurmuş. Ona görə ki, insanlar əlavə məşğuliyyət kimi, sənət növləri ilə məşğul olarmışlar. Bu da insanı səbirli və dözümlü edirmiş. Məsələn, mənə bir panonu hazırlamaq üçün bir həftə vaxt lazım olur. Ancaq vaxtım olsa, iki günə də bitirə bilərəm”. Sonaxanım onu da bildirdi ki, ötən il Bakı şəhərində “Sanama collection” təşkilatçılığı ilə “Zərif toxunuş”-2 adlı əl işləri sərgisi də keçirilib.

Müsahibimizin sözlərinə görə, bu sərginin keçirilməsində məqsəd, evdə əl işləri ilə məşğul olan xanımların bir addım irəli atması və unudulmuş sənət növlərimizi yenidən canlandırmaq idi: “Birincidə gördüyümüz maraq, aldığımız enerji növbəti sərgiləri təşkil etmək üçün bir stimul oldu. Beləliklə, bundan sonra əl işlərindən ibarət sərgilər davamlı olacaq”.

 Qeyd edək ki, Sonaxanım Əzizova 1992-ci ildə Lənkəran şəhərində anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında filologiya fakültəsində  Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alıb.

Esmira Hidayətova, Mingəçevir