Unudulmuş musiqi alətlərinə yenidən həyat verən

505

Onlardan musiqişünas alim, sənətşünaslıq doktoru, professor Səadət Abdullayeva, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi Zemfira Səfərova, Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru, mərhum Cahangir Qəhrəmanov, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, prorektor fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə, fizika-riyaziyyat elmləri namizədi Şamil Hacıyev, sənətşünaslıq namizədi Fəttah Xaliqzadə və başqalarının adlarını qeyd etmək lazımdır.

Məcnun Kərimlə muzeyin tanışlığı 1980-ci illərə təsadüf edir. O, məhz bu illərdə muzeylə əməkdaşlığa başlayıb, onun hazırladığı qədim musiqi alətləri nümunələri muzey tərəfindən alınırdı. Məcnun müəllim muzeydə saxlanılan musiqi alətlərinin təmiri və bərpası ilə də məşğul olurdu. Hal-hazırda onun hazırladığı 24 ədəd musiqi aləti muzeydə saxlanılır. Muzeylə bağlı fikirlərini Məcnun müəllim 2003-cü ildə nəşr olunan “Azərbaycan musiqi alətləri” kitabında belə ifadə edib: “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə əlaqəm 80-ci illərdən başlamışdır. Bərpa etdiyim alətlərin ilk nümunələri də bu muzeydə saxlanılır. Qədim musiqi alətlərinin yalnız muzey eksponatları kimi nümayiş etdirilməsi deyil, həm də ansambl şəklində səsləndirilməsi muzeyin direktoru Alla Bayramova ilə mənim çoxdankı arzumuz idi”. Bu arzu 1996-cı ildə ümummilli lider Heydər Əliyevin göstərişi ilə reallaşdı. Belə ki, Heydər Əliyev akademik Yusif Məmmədəliyevin xatirəsinə həsr olunmuş musiqili gecədə ansamblın ifasını yüksək qiymətləndirdi və Məcnun Kərimin yaradıcısı olduğu Qədim Musiqi Alətləri Ansamblına dövlət statusunun verilməsilə bağlı sərəncam imzaladı. O vaxtdan ansambl Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərir. Onun rəhbərlik etdiyi ansambl XIV əsr musiqisini, həmçinin muğamı, Azərbaycan xalq və bəstəkar əsərlərini ifa etməklə milli mədəniyyətimizi ölkəmizdə və beynəlxalq səviyyədə layiqincə təmsil edib.

Azərbaycanda musiqişünaslığın müstəqil sahəsi olan alətşünaslığın (orqanologiya) inkişaf etdirilməsində Məcnun Kərimin müstəsna əməyi olub.

Dünya təcrübəsində unudulmuş musiqi alətlərini yenidən bərpa etmək mövcuddur. Məsələn, 1972-1973-cü illərdə Novqorodda qazıntılar zamanı tapılmış qırıntılar qədim ağac rus musiqi alətlərinin xarici görünüşünü öyrənməyə əsas verib.

M. Kərimin də hər hansı qədim musiqi alətinin hazırlanması prosesini incələnmək imkanı olmayıb. Çünki həmin alətlərin heç qırılmış vəziyyətdə belə, bir nümunəsi günümüzə qədər gəlib çıxmayıb. Bununla belə, Məcnun Kərim rəhbərlik etdiyi Bakı Musiqi Akademiyasının “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasında orta əsrlərdə Azərbaycanda istifadə edilmiş, sonralar unudulmuş 11 müxtəlif musiqi alətini (çəng, bərbət, çəqanə, çoğur, tanbur, səntur, rübab, rud, qopuz, ney, nüshə) bərpa edib və onların müxtəlif surətlərini hazırlayıb.

Diqqətə layiqdir ki, bərpa olunan musiqi alətləri bir qrupa deyil, müxtəlif qruplara: simli-dartımlı, həm mizrabla, həm də mizrabsız ifa olunan, simli-zərb və simli-kamanlı qruplarına aid idi. Bu, Məcnun Kərimin yaradıcı portretinin xüsusiyyəti, onun danılmaz xidmətinin sübutudur. Onun hazırladığı musiqi alətləri dəfələrlə Azərbaycandan kənarda nümayiş etdirilib və mütəxəssislərin gözəl rəylərini alıb: “Azərbaycan Konservatoriyasının  nəzdində qədim Azərbaycan musiqi alətlərinin bərpası üzrə elmi laboratoriyasının müdiri Məcnun Kərimovun orta əsr musiqi alətlərini (rud, çəng, bərbət və s.) yenidən bərpa etməsi doğma mədəniyyətin milli ruhunu, musiqi ənənələrinin dərin köklərinin mahiyyətinə varması ilə fərqlənmişdir. Çox vacibdir ki, usta öz işində geniş ikonoqrafik materiala, ədəbi mənbələrə (Nizami Gəncəvinin, Füzulinin, Qətran Təbrizinin poemaları), orta əsr alim-musiqişünaslarının (Səfiəddin Urməvi, Əbdülqadir Marağai) əlyazma traktatlarına əsaslanmışdır. Məcnun Kərimovun hazırladığı rübab və Şirvan tənburunun səslənməsi çox gözəldir. Tembrin zənginliyi, dinamikanın geniş imkanları və incə fərqlər heyran edir. Biz, M.I.Qlinka adına Musiqi Muzeyinin əməkdaşları istərdik ki, bizim kolleksiyaları bərpa edilmiş orta əsr musiqi alətləri ilə zənginləşdirək və bunun sayəsində Azərbaycan musiqi mədəniyyətinin qədim köklərini göstərək. Musiqi alətləri şöbəsinin müdiri Mileşina N.V.”.

Məcnun Kərim bir neçə dəfə beynəlxalq elmi konfranslarda –  Şotlandiyanın Edinburq, Avstraliyanın Melburn, Qazaxıstanın Almatı şəhərində və başqa ölkələrdə qədim musiqi alətlərinin bərpasına aid elmi məruzələrlə çıxış edib.

Məcnun Kərimin rəhbərliyi ilə ansamblın Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Qətər dövlətində, İordaniya Haşimiləf Krallığında Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Əmman şəhərində, Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Macarıstanın Buqast bölgəsində, Hindistanda Kolkata şəhərində II Beynəlxalq Sufi Festivalında, İzmir şəhərində VIII Millətlərarası Türk Xalq Mədəniyyəti Konqresində, Özbəkistan Respublikasının Daşkənd şəhərində təşkil edilmiş Azərbaycan Respublikasının Milli Sərgisində və başqa ölkələrdə uğurlu konsert proqramları təşkil olunub.

Ansambl ölkəmizdə rəsmi səfərdə olmuş Pakistan, Moldova, Rumıniya, Litva, Tacikistan, İran respublikalarının və başqa ölkə prezidentlərinin iştirak etdiyi, eləcə də respublikamızda keçirilən digər mühüm dövlət tədbirlərində də müvəffəqiyyətlə çıxış edib.

Kollektiv arasında xoş münasibəti, qayğıkeşliyi, işgüzarlığı, məsuliyyətliliyi, tələbkarlığı onu şəxsiyyət və gözəl insan kimi xarakterizə edən cəhətlər idi. Məcnun müəllim həm gözəl dost, həm də həmkar idi. Məcnun Təbriz oğlu Kərimin əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.

 Alla Bayramova

Azərbaycan Musiqi Mədəniyyəti

Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru,

 Əməkdar mədəniyyət işçisi.