Unudulmaz təqdimat

36

Xəbər verildiyi kimi, iyunun 4-də E. Bayramov adına Alpan kənd tam orta məktəbində Alpan yazarları ilə görüş çərçivəsində mənim “Alpan etüdləri” kitabımın təqdimatı keçirilib. Bu barədə şəxsiyyətinə və fəaliyyətinə hörmət bəslədiyim İlkin Balayev geniş bir yazı ilə çıxış etdiyinə görə həmin tədbirin bütün təfərrüatları üzərində dayanmaq istəmirəm. Sadəcə, bəzi mətləblərə toxunmaq istəyirəm.
Bəri başdan deyim ki, bu təqdimat digər kitablarımın təqdimatından daha unudulmaz ştrixlərlə yaddaşıma həkk olundu. Bəlkə də bu, təqdimatın kəndimizdə, dogma məktəbimizdə keçirilməsindən irəli gəlir. Nə gizlədim. Özümü ziyalılarımız, bir zamanlar orta təhsil aldığım məktəbimiz, dünyalarını dəyişmiş müəllimlərimizin ruhları qarşısında imtahan verən bir şagird kimi hiss edirdim. Şübhəsiz, səsimdəki titrəyiş, nitqimdəki pərakəndəlik elə bundan irəli gəlirdi. Sözün düzü, “Alpan etüdləri”m barədə deyilən xoş sözlər belə məni bu ülvi hisslərdən xilas edə bilmədi. Halbuki “Alpan etüdləri”nin ərsəyə gəlməsində öz şəxsi vəsaitini əsirgəməyən “Tərəqqi” medallı Əməkdar həkim Cabir Məmmədov, “Şəfəq” qəzetinn baş redaktoru, Əməkdar jurnalist Qəhrəman Qasımov, Rayon təhsil şöbəsinin şöbə müdiri Namik Hümbətov, Quba tarixinin ilk müfəssəl tədqiqatçısı Zabit Babayev, hazırda təqaüddə olan müəllimlər, eyni zamanda kitabın yolgöstərənləri – Neman Qədirbəyli, Fərhad Babayev, Zöhrə Qasımova, Maarif Əmkişiyev, Nizami Muradov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arixitektora Komitəsinin şöbə müdiri Fəxri Aydəmir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Firəngiz Sabirqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Cabir Albantürk, sovet dönəmindən bir sıra məsul vəzifələrdən çalışmış Səlahəddin Bayramov, eləcə də uzun müddət sovxozda, sonradan kənd bələdiyyəsində işləmiş Rasim Şahmuradov, şəxsiyyətinə və fəaliyyətinə hörmət bəslədiyim İlkin Balayev, istefada olan mayor Cami Rəsulov, şəhid atası Muxtar Murtuzov, məktəbin müəllimləri – Vəliqulu Adıgözəlov, Arif Balaqadaşov “Alpan etüdləri” ilə bağlı çox maraqlı fikirlərini səsləndirdilər. Onların hər birinin tənqidi qeydlərini də səmimi qəbul etdim. Yeri gəlmişkən, onu da bildirim ki, Milli Məclisin deputatı Anatoli Rafailov, Quba rayon Ağsaqqallar Şurasının sədri, “Tərəqqi” medallı İldırım Məmmədov da tədbirə öz təbriklərini göndərmişdilər.

Hə, yəqin fikir verdiniz. Mən tədbrin təşkilatçısı E. Bayramov adına Alpan kənd tam orta məktəbinin direktoru Mehparə Vahid qızı Rüstəmovanın adını çəkmədim. Bunu saymazlıq kimi qəbul etməyin. Çünki məramım başqadır. Onu sadəcə, ayrıca qeyd etmək istədim. Şübhəsiz, bu tədbirin yaddaşıma əbədi həkk olunmasında onun yüksək təşkilatçılığı öz sözünü dedi. Yeri gəlmişkən, qeyd edim ki, son illər məktəbimiz bu xanımın sayəsində təhsil sahəsində uğurlu addımlar atmaqdadır.
Həmin təqdimat çərçivəsində Mehparə xanımla həmsöhbət olarkən bir daha əmin oldum ki, o, bu tendensiyanı daha yüksək səviyyədə davam etdirəcək. Odur ki, mən öz çıxışımda onun pedaqoji işgüzarlığını xüsusu vurğuladım. Hətta onu 1971-1977-ci illərdə pedaqoji fəaliyyəti və idarəçiliyi ilə Alpan kənd orta məktəbinin nüfuzunu qaldırmış, xatirələrimizdə yaşayan professor Ələkbər Qubatovla (Allah rəhmət eləsin) müqayisə etdim.
Növbəti tədbirlərdə görüşənədək!!!!
Qvami Məhəbbətoğlu