Unudacaqsan, unudulacaqsan…

0
659

“Unudulacaq bütün sevdalar!” Yaşıl köynəyini sevdiyim Vaqif Bayatlı deyib bunu. Görüb-götürüb deyib! Kimlər unudulmadı ki?! Unudulmaqdan qorxanlar, unudulmamaq üçün çırpınanlar tarixin dalğaları arasında görünməz oldular. Adı unudulmuş, qarşısına ildə bir dəfə də olsun çiçək gəlməyən heykəllər sahibsiz məzar kimi qalır meydanlarda, parklarda. Bir gün də gəlib yerini boş görürsən. Boş deyəndə ki, sadəcə, yerində ləklər düzəldib çiçək əkiblər. Heykəllərlə çiçəkləri düşünürsən. Kim deyir ki, heykəllər çiçəklərdən daha uzunömürlü olur? – Mən inanmıram. Bütün heykəllər qısırdır, bütün çiçəklərsə doğub-törəyir. Bütün heykəllərə baxanda sevinmirlər, bəzən söyürlər də, amma bütün çiçəklərə baxanda adamın ürəyi açılır.

***
Gözünün yaşına baxmaq olmur. İçin-için ağlayır, ağladıqca da yumaq kimi çözələnir, yaşıl ağlayır, yəni gözünün altına çəkdiyi yaşıl rəng yanağı boyunca süzülüb gedir. Aparıcı da elə bil ki, onun ürəyinin yarasını deşməyə fürsət gəzir, daha çox kövrəltmək, daha bərk ağlatmaq istəyir. Gözündən dodağına qədər çəkdiyi bütün rənglər ağzının kənarındakı qırışlarda bir-birinə qarışıb adını bilmədiyimiz rəng alınıb. Hiss olunur ki, daha özünü idarə eləmək də istəmir, elə əlinə fürsət düşmüşkən, millətin gözü qarşısında bütün keçmişini, itirdiklərini, qaçırdığı imkanları bircə dəfəliyə ağlayıb ürəyini boşaltmaq, rahat olmaq istəyir. Daha arzusu qalmayıb, tək istədiyi, heç olmasa, Əməkdar artist adı ilə ölməkdir. Onun bu halı elə aparıcının da ürəyindəndir, niyə olmasın axı, verilişi gül kimi gedir, baxan ayrıla bilmir. Bir zamanların məşhur ünvanı indi onun qarşısında oturub bütün dərdlərini sayıb-tökür, insanın ən yaxınına söyləməyə çəkindiklərini onunla paylaşır. Bu mənzərəyə baxa-baxa bir daha əmin oluram ki, dünyada təsəlli verməkdən asan şey yoxdur.
***
Unudulacaq bütün sevdalar. Heç bilirsinizmi, sevda sözünün öz bətnində bir qəm var, kədər var, şiddətdən, ifrat ehtirasdan əmələ gələn qaralıq var, qaranlıq var, həsrət var… Sevda dediyin ümidsiz sevgidir, ölü doğulmuş körpə kimidir.
Şöhrət sevdasına tutulmaq da ağır xəstəliklərdən sayılır. Şöhrət – altında oturduğun bulud kölgəsi, uçurum başında asılıb xilas olmaq istədiyin buz salı kimidir. Bulud keçəcək, buz əriyəcək və sən o acı həqiqətlə göz-gözə qalacaqsan. Şöhrət – dünyanın üzünə yapışmaq cəhdidir. Bəlkə də bir müddət baş tutur da, amma bir gün bu fırlanan dünya üzünə yapışmışları kainatın hansı döngəsindəsə bir boşluğa buraxıb yoluna davam edir.
***
Bir vaxtlar sovet ideyası deyilən məntiqsiz bir nəzəriyyə və o nəzəriyyə üzərində qurulmuş ədalətsiz bir dünya vardı. Yıxıldı, xaraba qaldı, dünya hər yıxılanda da neçə-neçə məşhurları altında əzib yoxa çıxarır. Dünya tez-bazar yır-yığış elədikcə bəzən heç yaxşını pisdən ayırmadan böyük bir tarix dilimini məzara gömürlər.
Bir vaxtlar ədəbiyyatımızda məlum bir siyahı vardı, politbüro üzvlərinin siyahısı kimi bu siyahı da hələm-hələm dəyişməzdi. İndi o siyahıda yer alanların çoxu çoxdan unudulub. Özü də o siyahı o qədər möhkəm, o qədər pozulmaz hesab olunurdu ki, sözün hər mənasında şair olan Musa Yaqub “Həmişə adıma növbə çatanda, bir söz eşitmişəm: Və başqaları” deyib gileylənməkdən başqa çarə tapmamışdı. Dünya dəyişdi, hər şey ələndi, yeni siyahılar meydana çıxdı. Bu dəfə də Musa müəllimin adını siyahının başına yazmaq istədilər, amma şair ürəyinə boylanıb gördü ki, daha heç bir siyahıya adının yazılmasını istəmir.
***
Qəbiristanda dolaşıram. Adam boyundan hündür, hər üzünə şəkillər döyülmüş qara mərmərlər sıralanıb gedir. Şəkillərdəki, daha doğrusu, o daşların altında yatan adamların şəkillərinə tamaşa eləyirəm. Biri əlini çənəsinə qoyub şəkil çəkdirib: biri əlini belinə qoyub; biri kresloda oturub, ayağını ayağının üstünə atıb; biri gözlərini qıyıb kameraya baxıb ki, düşüncəli görünsün; bir başqası döyüş vəziyyəti alıb, yəqin idmançı olub; biri qələmlə kağıza nəsə yazır; biri donuq sifətlə elə dübbədüz baxır… Olum-ölüm tarixlərindən aşağıda “övladlarından yadigar”, ya da bənzər kimdənsə xatirə olduğu yazılıb. Elə şəkillər var ki, baş paltara uyğun gəlmir. O saat bilinir ki, sonradan montaj olunmuş işdir. Ölü yiyəsi ölüsünü urvata mindirmək istəyib. Bir zamanlar üstündə saç-baş yolublar, göz yaşı töküblər, indi toz basıb. Təzə qərənfillər illərdir bura uğramır, sintetik güllərin rəngi bozarıb. Qəbirlər var ki, üstü çardaqlı, novdanlı heykəlli… Bir evin pulu tökülüb bura. Qəbiristan xidmətçisi deyir ki, qırx ildən sonra bütün qəbirlər unudulur, o yaşda nadir qəbirlər var ki, üstünə gəlib-gedirlər.
Unudulacaq bütün sevdalar, unudulacaq bütün bu məzardakılar kimi. Hər şey uzaq bir söhbətin kövrək personajı qədər qalacaq yaddaşımızda. Türkiyəli qardaşlardan eşitdiyim bir söz cingildəyir qulaqlarımda: “Məzarlıqlar vaz keçilməz insanlarla doludur.”
***
Yaşı yetmişi keçib, izdivac proqramına gəlib ki, evlənsin. Deyir ki, birinci xanımı ilə əlli il birlikdə yaşayıb, üç övlad böyüdüb, ev-eşik ediblər. Üç ildir ki, xanımı dünyadan köçüb, təklikdən qurtarmaq üçün bura üz tutub. Xanımını hər zaman çox sevdiyini, hər işdə onun fikrini öyrəndiyini, aralarında bircə dəfə də olsun, dava-şava olmadığını deyir. Amma üç il keçməmiş hər şeyi unudub, həyatında yeni bir səhifə açmaq qərarına gəlib. Haqqıdır, kim nə deyə bilər? Amma istər-istəməz düşünürsən ki, cəmisi bu qədərmi? Eşitmişəm ki, bəzi qadınlar ərinin əvvəlki xanımını xatırlamasını belə istəmirlər, sanki onu ölmüş insana belə qısqanırlar.
Unudulacaq bütün sevdalar. Əslinə qalanda unudulmaq sevdaların qismətindədir. Sevda dediyin unudulmaq üçündür.
***
İnsanlar unudulmaqdan niyə qorxurlar görəsən? Unudulmaq o qədərmi dəhşətli şeydir. Bəlkə elə ən yaxşısı tez unudulmaqdır. Bəlkə unudulmaq, yaddaşlardan silinmək bu dünyadan tərtəmiz yır-yığış edib getməkdir. Bəlkə xatırlananların nəyisə burda qalır hələ?
Babam “Fatihə” oxuyandan sonra əllərini açıb dua edər, duasında da deyərdi ki, bu surənin oxunmasından hasil olan savabı başda sevimli Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) olmaqla … beləcə saya-saya gedərdi. O saydıqlarının içərisində bir ünvan hər zaman diqqətimi çəkər, kövrəldərdi məni. Deyərdi ki, “nəsli kəsilmiş, yuvaları dağılmış, adları unudulmuş və “yoxmu oxunan dualardan bizə də pay göndərən?” deyən müsəlman canların ruhlarına bağışlayıram.”
Onda bu incə mətləbin fərqinə vara bilmirdim, amma artıq babamın yaşına yaxınlaşdıqca o deyimin nə qədər uca əxlaqdan, xoş niyyətdən süzülüb gəldiyini bütün təfərrüatı ilə görürmüş kimi oluram.
***
“Səni unutmaram” demə, unudarsan. Adımı, təvəllüdümü, gözlərimin rəngini, söylədiyim sözləri… hər şeyi, hər şeyi unudacaqsan. Unudacaqsan, unudulacaqsan. Biz unutmaq, unudulmaq üçün varıq bu dünyanın yaddaşında. Bu dünya bizi yaddaşından, gərəksiz kağızı cibindən çıxarıb atdığı kimi atacaq.
Unudulacaq bütün sevdalar. Unudulacaq tarixin yaddaşına yük olan ünvanlar, unudulacaq gördüyünüz nə varsa…
Unudulacaq, hər şey unudulacaq. Kimlər unudulmadı ki…
Rahat ol, özünü yaddaşlardan topla, bəlkə də, tam olmağın, bütöv olmağın yolu yaddaşlardan yığılmaq və bütöv halda unudulmaqdır. Unudulmaq istəmirsənsə, UNUTMAYANı tanı, UNUTMAYANı unutma!
Hər şey bu qədər sadə, bu qədər bəsit.
Unudulacaq bütün sevdalar, unudacağıq, sən məni, mən səni. Vəssalam.

Əli Çərkəzoğlu