Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirilir

57

Aprelin 17-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Binəqədi, Səbail rayonlarında, Abşeron (I hissə), Astara, Ağcabədi, Oğuz, Saatlı, Şabran, Şamaxı, Siyəzən, Xızı, Zaqatala rayonlarında və Gəncə (Nizami) şəhərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.

İmtahan saat 11:00-da başlanır.

İmtahanının başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

–  Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

–  Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

–   Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 92 imtahan binası, 1650 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 92 ümumi imtahan rəhbəri, 268 imtahan rəhbəri, 2053 nəzarətçi-müəllim, 194 buraxılışı rejimi əməkdaşı (mühafizə), 92 bina nümayəndəsi ayrılıb.

Bu gün keçiriləcək imtahanda 21749 şagirdin iştirakı nəzərdə tutulur.