“Ümidimizi ona bağlamışıq ki, bəlkə bizə nə isə kömək edərlər”

578

3 dekabr – Beynəlxalq Əlillər Günü ərəfəsində dil və eşitmə qüsuru olan əillərlə görüşüb onların problemləri ilə maraqlandıq. Onlarla ünsiyyət qurmaqda bizə Mingəçevir Şəhər Rayonlararası Lallar-Karlar Cəmiyyəti sədri surdoloq Elman Abbasov müəllim kömək etdi. Elman müəllimin sözlərinə görə, Mingəçevirdə hazırda 291 nəfər lal-kar qeydiyyatdadır. Bəs bu kateqoriyadan olan insanlara diqqət və qayğı hansı səviyyədədir? Müsahibimiz bildirdi ki, lal-karlar fiziki qüvvəsi olduğu üçün 3 qrup əlil sayılırlar: “Amma bu, lalların arasında 1 və 2-ci qrup əlillər də var. 3-cü qrupdan olan əlillərin vəziyyəti çox acınacaqlıdır. 3-cü qruplar 55 manat pensiya alırlar. Bu pensiya ilə həmin ailələr çox çətin vəziyyətdə dolanırlar. Biz də bir cəmiyyət olaraq çalışırıq ki, bu insanlara əlimizdən gələn köməyi göstərək. Onu da qeyd edim ki, lal-kar olan əlillər işsiz olsalar da onların özlərinə görə məşğuliyyətləri var. Onların yaxşı əl qabiliyyəti olur. Bu vəziyyətdə onları heç bir yerə işə götürməyəcəklər deyə sənət öyrənməyi üstün tuturlar. Belə bacarığı olan əlilləri biz sənət ustalarının (dərzilərin, pinəçilərin) yanına şəyird kimi düzəldirik ki, heç olmasa, gündəlik evlərinə çörək pulu apara bilsinlər. Belələrindən biri də Mehdi Məmmədov və Nurlan Abbasovdur. Mingəçevirdə 40 ildən artıq pinəçilik edən Nazim ustanın yanında çalışırlar”.

Mehdi əl hərəkətləri, mimika və jestlərlə bizimlə ünsiyyət qurmağa çalışdı. Lal dili bilən Elman müəllim onun dediklərini bizə anlatdı. Bildirdi ki, Mehdi hələ uşaqlıqdan ailəsinə yük olmaq istəməyib: “Atam-anam olsa da mən evlənəndən sonra onlara yük olmaq istəmədim. Çalışdım ki, ailəmi özüm dolandırım. İndi 3 oğlum var. Onlardan biri zabitlik məktəbində oxuyur. Amma digər iki oğlum da oxumaq istəyir, mən onlara deyirəm ki, pul yoxdur, sizi oxuda bilmərəm. Ayda 55 manat pensiya alıram. Çox azdır pensiyamız, biz bu pulla dolana bilmirik. Evimizi qışda isidə bilmirik. Qaz pulunu ödəyə bilmirəm. Evdə soyuqdan donuruq. Biz istəyirik ki, bizə verilən aylıq pensiya artırılsın. Boş bikar dayana bilmərəm, 3 övladımı böyütməliyəm. Əlil olsamda əllərim, ayaqlarım var. Burada pinəçilik edirəm, heç olmasa evə gündəlik çörəkpulu apara bilirəm. Heç kimə möhtac deyiləm. Amma indi pinəçilikdə də o qədər qazanc yoxdur. Bizdə lal kişilərin əksəriyyəti işləmir. Əsəblərimiz çox gərgin olur. Aldığımız 55 manatla bazara necə gedək? Ərzaqların qiyməti qalxıb. Dolanışığımız çox acınacaqlıdır. Dekabırın 3-ü Beynəlxalq Əlillər Günüdür, ümidimizi ona bağlamışıq ki, bəlkə bizə nə isə kömək edərlər”.

Elman müəllim onların əksəriyyətinin müxtəlif sahələr üzrə usta olduqlarını vurğuladı.Lakin onlar iş yeri tapmaqda çətinlik çəkirlər: “Mən də onların dilini bilən bir adam kimi problemlərini lazımı qurumlara çatdırmaqla öz köməyimi göstərirəm. Cəmiyyətimiz 1973-cü ildən fəaliyyət göstərir. Çox təəssüflə qeyd edim ki, bu zümrədən olan insanların sayı artmaqda davam edir. 2012-ci ildə üzvlərimizin sayı 227 nəfər idisə, bu gün 291 nəfərdir. Çox təəssüflə onu da qeyd edim ki, lal ailələrinin lal qızları təhsildən kənarda qalıb. Vaxtında ailə bununla bağlı cəmiyyətə müraciət etməyib və sonda da vəziyyət bu gün gərginləşib.

Elman müəllim onu da qeyd etdi ki, eşitməsi zəif uşaqlar üçün əyani vəsaitlər də qıtdır: “Qüsurlu uşaqların deffektoloq, loqaredlər sarıdan da bəxti gətirməyib. Əvvəllər belə müəllimlər Moskva və Sankt-Peterburqda hazırlanırdı. Artıq ADPU-da bu ixtisaslar üzrə kadrların hazırlanmasına başlanıb. Ancaq bu fakültəni bitirənlər də sonradan ixtisaslarını dəyişib, başqa peşəyə yiyələnirlər”.

Əlavə edək ki, özəl kanalların heç biri fiziki cəhətdən qüsurlu insanların ehtiyacını nəzərə almır. Azərbaycanda fəaliyyət göstərən telekanallar surdo-tərcüməçilərə ehtiyac görmürlər. Məlumatlara görə, Azərbaycan Dövlət Pedoqoji Universitetinin “İbtidai təhsilin pedoqogikası və psixologiyası” fakültəsində surdo-tərcümə fənni tədris olunsa da, mütəxəssis hazırlığı aparılmır. Bu, o deməkdir ki, respublikada surdo-tərcüməçi hazırlayan tədris müəssisəsi yoxdur.

Esmira Hidayətova, Mingəçevir