Ümid Xoşqədəmə qalıb

640

Bir neçə gün öncə “Azərbaycanda yüksək səviyyəli futbolçu tapmaq çətindir” adlı bir yazı diqqətimi cəlb etdi. Səhv etmirəmsə, yazı AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun fikirləri əsasında yazılmışdı. Sözün düzü, sərlövhədə verilmiş bu fikir məni o qədər əsəbiləşdirdi ki, bir müddət özümə gələ bilmədim. Üstəlik, həmin yazı ilə bağlı heç bir futbol mütəxəssisinin reaksiyasının olmaması əsəblərimi lap tarıma çəkdi. Odur ki, bu sahədəki sükutu pozmaq qərarına gəldim. İndi mən soruşuram: axı biz nə vaxt yüksək səviyyəli futbolçu yetişdirməklə məşğul olmuşuq? Bəlkə, məşğul olmuşuq, xəbərimiz yoxdur. Amma olsaydı, yəqin, bundan məlumatımız olardı.

Yenə sual verirəm: mənə ölkəmizdə fəaliyyət göstərən bir komandanın rəsmisini göstərin ki, o, hansısa bir ucqar rayonda, kənddə, yaxud məhəllədə futbolçu axtarışına çıxıb, bununla bağlı öz fikirlərini mətbuatla bölüşüb, varmı beləsi? Yoxsa, belə bir axtarışı onlar özlərinə sığışdırmırlar? Halbuki bu, onların ümdə vəzifələrindən biri olmalıdır. Nədən axı biz futbolçu axtarışı üçün çırmanmırıq? Əgər çırmansaydıq, bu gün 11 deyil, 101 futbolçu meydanda olardı. Mənə elə gəlir ki, bu missiyanı artıq axtarışlar sahəsində kifayət qədər uğurlar əldə etmiş “Səni axtarıram” layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızına həvalə etməyin vaxtı çatıb. Zənnimcə, məhz o, bu sahədə də yeniliklərə imza ata bilər. Və bununla klub rəsmilərini müəyyən mənada utandıra bilər. (Ola bilsin ki, kimsə bu fikrimi bir zarafat kimi başa düşər. Amma mən ciddi deyirəm.)

Digər tərəfdən, uşaq futboluna qayğı göstərmişikmi? Xeyr? Bir tanışım demişkən, 10-15 il bundan əvvəl ağac əkməli idik ki, bu gün onun barını görək də. Əkmədik axı. Biz futbola yuxarıdan başladıq. Odur ki, bu sahədə hələ də iməkləyərik. Belə getsə, hələ ayaq tuta bilməyəcəyik. Baxın, görün, uşaq futbolu ilə məşğul olan məşqçinin maaşına. (Bu barədə ətraflı danışıb vaxtınızı almaq istəmirəm). Belə olan halda onların hansı keyfiyyətli işindən söhbət gedə bilər?

Həmin yazıda bir məqam da var. Qeyd olunur ki, bizdə əhalinin yalnız 0,1 hissəsi rəsmən futbolçu kimi qeydiyyatdan keçib, Almaniyada isə əhalinin 11 faizi… “Almaniyanın əhalisinin sayını nəzərə alsaq, ölkədə 11 milyona yaxın insan futbolla məşğul olur. Deməli, hər milyondan bir futbolçu çıxsa, güclü heyət formalaşdırmaq olar. Elə bir milyondan bir futbolçunun çıxmasıdır ki, Almaniya bu gün dünya çempionudur”. Onda belə çıxır ki, əhalisinin sayı barmaqla sayılan ölkələrin heç futbol komandası olmalı deyil. Çinki əhalisinin sayı buna imkan vermir. Belə də bir məntiq olarmı?

Bəli, bu gün hamı nəzərini xaricə dikib. Yəni iş bir qədər çətinə düşən kimi, klublarımızın rəhbərləri xaricdən oyunçu gətirməyə üstünlük verirlər. Eşitdiyimə görə, bu alış-verişdə kifayət qədər qazananlar da olur. Zənnimcə, məhz bu amil onların yerli futbolçu “ovuna” çıxmamalarında mühüm rol oynayır. Bir sözlə, belə legioner gəlişi də futbolumuzun inkişafını zəiflədir. Yeri gəlmişkən, bu gün klublarımıza elə legionerlər cəlb olunub ki, onlar öz oyunları ilə bizim oyunçulardan əsla fəqlənmirlər. Oyunlarına baxanda bu qənaətə gəlmək olur ki, onları yalnız təklif olunan məbləğ düşündürür. Təbii ki, bu da yerli oyunçulara psixi təsir edir.

Yerli futbolçulardan söz düşmüşkən, hərdən mənə elə gəlir ki, komandaların baş məşqçiləri futbolçuları məşq prosesinə cəlb etməkdə sanki çətinlik çəkirlər. Yəni onların nazı ilə oturub dururlar. Bu isə son anda oyunlara öz təsirini göstərir. Son turların oyunlarına baxmaqla da bu qənaətə gəlmək mümkündür. Belə oyunlara baxanda adamın başında istər-istəməz belə bir sual dolaşır: görəsən, bunlar oyunlara qədər nə işlə məşğul olurlar? Daşmı daşıyırlar, kərpicmi kəsirlər? Niyə onlar belə yorğun görünürlər? Mən biləni, əllərindən də avtoşluqdan başqa bir iş gəlmir ki?

Həmin yazıda azarkeşlər, başqa sözlə desək, on ikinci oyunçu da topa tutulub. Onların oyunlara biganəliyi ön plana çəkilib. Bəli, bu gün bu və digər oyunda onların sayı barmaqla sayılası qədər olur. Əgər futbolçular oyun göstərmirlərsə, azarkeşlərin əsəbləri ilə oynayırsa, onlar nə etməlidirlər? Elə bütün oyun boyunca semeçkamı çırtlamalıdırlar? Cənablar, sizə elə gəlmirmi ki, futbolumuzda bu kimi biganəliklərə rəvac verənləri çırtlamağın vaxtı yetişib?

QVAMİ MƏHƏBBƏTOĞLU