Ümid imtahanı…

74

 

Həyat yolumda böyük rolu olan

həmkəndlimiz, həmkarım Neman Qədirbəylinin simasında

sənəti ilə ucalıb qocalan bütün müəllimlərə

ithaf olunur.

 

 

Hər bir insanın həyatına əhəmiyyətli dərəcədə təkan verən hadisə və ya insanlar olur. Bu yazıda bugünkü həyatımda mühüm rol oynamış insanlardan biri, yaşı yetmişi haqlamış, həmkəndlimiz hörmətli Neman müəllimdən söz açmağa çalışacağam.

Mənim universitetə hazırlaşmağım ötən əsrin 70-ci illərinə təsadüf edib. Orta məktəbi əla qiymətlərlə bitirdiyimə baxmayaraq, bir tərəfdən, o dövrdə universitetdə təhsil alan bəzilərinin dedikəlrindən və elarası söz-söhbətlərdən belə qənaətə gəlmişdim ki, universitet mənlik deyil. Digər yandan da, tanıdığım, haqqında oxuduğum məşhur insanların həyat tarixçələri ali təhsilə aparan yolumda yaşıl işıq yandırırdı. Artıq sənədləri təqdim etmək vaxtı yaxınlaşırdı. Tərəddüdlərdən yaxa qurtarmaq üçün indiki Dillər Universitetinin axırıncı kursunda oxuyan kəndlimiz Nemən Qədirbəyligilin evinə getdim. Atası Əli dayı rəhmətə getmiş, anası Şəfi xalanın himayəsində yaşayırdılar Neman müəllim və bacı-qardaşları. Böyük bir ailənin ağırlığını çox erkən çiyinlərində daşımalı olmuş Şəfi xala da şirindil, deyib-gülən qadın idi. Məni çoxdan bəri yolunu gözlədikləri əziz bir qonaq kimi qarşıladılar. Neman müəllimə gəlişimin məqsədini bildirdim. O, əvvəlcə bir çay içməyi təklif etdi. Söhbət əsnasında o dövrün qəbul imtahanlarına necə hazırlaşmağım, inşa mövzularından icmallar- “şparqalka”larımla maraqlandı. Tarix, Azərbaycan dili fənlərindən vəziyyətimlə tanış olub, keçdi əsas mətləbə – ingilis dilinə. O, ingilis dili müəllimi olmaq istədiyimi çoxdan bilirdi. Qış tətillərində digər tələbə yoldaşları ilə məktəbimizə gəlib, praktika adı ilə bizlərə dərs deyərdilər. Neman müəllim özündəki kitablardan mətnlər oxudub tərcümə etdirdi, qrammatik mövzulardan bir neçə suallar da verdi. İmtahanın əsas şərtlərindən olan sərbəst mövzulardan bir neçəsini təklif edib dinlədi və gülərək, indi də qulağımda səslənən bu sözləri dedi: – Ay kişi, sən artıq universitetə qəbul olmusan. Vallah, doğru sözümdür. Qalan müddətdə də kəm-kəsirlərini düzəlt, Allah qoysa, axırıncı kursu səninlə bir universitetdə oxuyacağam.

Tərimi belə silməyə utandığım bu imtahan yerdən göyə qaldırdı məni.

Elə bildim, dünyanı mənə bağışladılar. Bu sözlər daha çox əllərini açıb gecə-gündüz dua edən anam üçün əhəmiyyətli idi. Məni ali təhsilli görmək onun üçün həyatın mənası idi… Neman müəllimin dediklərini çatdıranda anam yerə-göyə sığmadı, ona bol-bol dular etdi.

***

Ümid, enerji mənbəyi, çox güclü özünə inam vasitəsidir. Bundan sonra qalan müddət ərzində daha arxayın mütaliə etdiyimdən yaddaşım da maqnitləşib məni cəsarətləndirdi. İmtahanları uğurla verib universitetə (SSRİ-nin 50 illiyi adına Xatici Dillər İnstitutuna) daxil oldum və 44 ildir ki, rəhmətlik Ulu Öndər H. Əliyev müdrikliyinin şah əsərlərindən olan bu ali təhsil müəsisəsinin ilk məzunlarından biri kimi pedaqoji fəaliyyətimi davam etdirirəm.

***

Müəllimin sözü, nümunəsi, nəsihəti həmişə insanlığın inkişafına təkan vermişdir. Bu müqəddəs missiyada mənim də nə qədər payım var, zaman və yetirmələrim bilir, ancaq Neman müəllimə ürəyimdə ümid məşəli yandıran -“Ay kişi, sən artıq universitetə qəbul olmusan. Vallah, doğru sözümdür…” – sözlərinə görə həmişə minnətdaram. Ümidvaram ki, düz iyirmi il bundan əvvəl, 50 yaşı münasibəti ilə yazdığım bu sətirlər də Neman müəllimin ürəyincə olar:

Utandırır ağ saçın yaşı, Neman müəllim,

Yüz yaşa bir əlli də daşı, Neman müəllim.

 

Küsdürmədin dar günü deyib: – ’’Niyə gəlmisən?’’

Dodaq büzüb, çatmayıb qaşı, Neman müəllim?

 

Hörmətini soruşsaq, səs verəcək lehinə,

Kəndimizin kəsəyi, daşı, Neman müəllim.

 

Şirin sözün, söhbətin ağızlara dad verir,

Məclislərin bəzəyi, başı, Neman müəllim.

 

Rahib Sizdən dərs alır, ağarsa da saqqalı,

Bilməz insan qədrini naşı,  Neman müəllim.

 

“Kimsə deyib ki, yaxşı müəllim zəif şagirdi yaxşı, yaxşı şagirdi isə əlaçı edir. Bir epizodda deyildiyi kimi:

Artıq üç məktəbdən qovulmuş şagird gətirilmişdi məktəbə. Bir müəllim sinfə gəldi, yeni şagirdə baxdı və düşündü:

– O məktəbdən ancaq belələri çıxar…

İkinci müəllim gəlib yeni şagirdi görüb, qəzəblə dedi:

– Bircə sən əskik idin…

Üçüncü müəllim sinfə gəldi:

– Yeni şagirdimiz varmı? – deyib sevindi. Şagirdə yaxınlaşdı, əlini sıxdı, gözlərinin içinə baxdı, gülümsədi və dedi:

– Salam! Mən səni gözləyirdim!” (Rahib Alpanlı “Məktəbin ürəyi” s.122 Bakı 2017)

Əsl müəllim ümid məşəlidir. Həm yaxşı oxuyan, həm də zəif şagird bu məşəlin işığı ilə xoşbəxt gələcəyə aparan yolda inamla addımlamağı bacarmalıdır.

Neman müəllim hal-hazırda kəndimizdə yaşamasa da, onunla sıx əlaqə saxlayır, bu qədim yurdun keçmişi, idiki inkişaf səviyyəsi, üzləşdiyi problemlərlə yaxından maraqlanır, gənclərə ziyalı və ağsaqqal kimi öz məsləhət və tövsiyələrini verir.

Beynəlxalq müəllimlər günü münasibətilə Neman müəllimin simasında bütün müəllimləri təbrik edir, onlara cansağlığı, öz şərəfli işlərində uğurlar arzulayırıq.

 

Rahib Alpanlı (Sədullayev),

ADPU Quba filialının baş müəllimi,

qabaqcıl təhsil işçisi