Ülviyyə Əliyeva: “Ərə getmək yadımıza düşmür”

707

“Space” telekanalında yayımlanan əyləncəli “Zəhmətkeş ulduzlar” verilişinin çəkiliş qrupu növbəti dəfə Mingəçevirə gəlib. Yeniavaz.com xəbər verir ki, paytaxtdan gələn el-oba arasında gözəl skirkaçı kimi tanınan Respublikanın Əməkdar artisti Səlim Abbasov, “Space” kanalında yayımlanan “Toy olmayacaq” verilişinin aparıcısı Şəbnəm Həsənova, öz düzlu, məzəli rolları ilə hamının sevimlisi olan verilişin aparıcısı Ülviyyə Əliyeva və verilişin rejissoru Xamis Ağcayev bir gün səhərdən axşamadək bölgənin görməli yerlərini, istedadlı, bacarıqlı insanlarını lentə alıblar. Onlar kənd Mingəçevirin tanınmış ziyalı nəslindən olan bir ailənin – Şıxməmməd Məmmədovun qonağı olublar. Onlar işləyib, oxuyub və oynamaqla mingəçevirlilərə xoş anlar yaşadıblar.
Rejissor Xamis Ağcayev artıq 6 ildir ki, bu verilişin yayımlandığını bildirib: “May ayının 1-də bu verilişin 6 yaşı tamam olacaq. Bu veriliş yaranandan rejissoru mən olmuşam. 5 ildən artıqdır ki, Azərbaycanın bütün bölgələrində, hətta xarici ölkələrdə də olmuşuq. Məqsədimiz Azərbaycanımızın adət-ənənələrini, maraqlı insanlar, bölgələrimizin tarixini çəkib bütün dünyaya tanıtmaqdır. Hətta ulduzlarımızın çalıb, oxumaqdan başqa digər qabiliyyətlərini də tamaşaçılara göstərməkdir. Yəni həmişə efirlərdən bəzəkli-düzəkli görünən ulduzlarımızın adi həyatda öz iş bacarıqları veriliş vasitəsi ilə nümayiş olunur”.
Verilişin aparıcısı Ülviyyə xanım Yeniavaz.com saytına bildirib ki, ta qədimdən ata-babalarımız qonağı necə qarşılayıbsa, bu gündə bu ənənə davam edir: “Getdiyimiz bölgələrdə çox yaxşı qarşılanırıq. Çalışırıq ki, bizə göstərilən bu etimadı doğruldaq. Maraqlı verilişlər ərsəyə gətirək”.
“Azərbaycanın çox bölgələrində olmusunuz, sizə evlilik təklifi edənlər olubmu?” sualımıza Ülviyyə xanımın cavabı belə oldu: “Bu sualı hələ mənə verən olmamışdı (gülür). Bir-iki dəfə başımıza belə bir hadisə gəlib, rejissorumuzun telefonuna mənimlə ailə həyatı qurmaq istəyənlər arzularını bildiriblər. Qardaş kimi rejissorumuz vasitəsi ilə elçiliyimi ediblər. Çox sağ olsunlar, hər birinə böyük hörmətim var. Artıq vaxtdır, yəni mən müəyyən yaşa qədər “ağ atlı şahzadəni” gözləyirdimsə, yəqin o şahzadə uzaq yol fəth etdiyinə görə at ölüb piyada gəlir. Qismət. Yəqin o da olar. Onu da deyim ki, heç ərə getməyə vaxtımız da yoxdur. Bütün günü çəkilişlərdə – o qədər yoruluruq ki, heç evlənmək, ərə getmək yadımıza düşmür”.
Əməkdar artist Səlim Abbasov və aparıcı Şəbnəm xanım da öz təəssüratlarını bizimlə bölüşdülər. Mingəçevirlilər tərəfindən isti münasibətlə qarşılaşdıqlarını, burada uzun müddət görmədikləri qrup yoldaşları ilə görüşdüklərini bildirdilər.
Daha sonra onlar qonağı olduqları ev sahibinin həyətində yorulanadək işlədilər, oxudular, yaddaqalan bir gün yaşadılar”.
Zəhmətkeşlər Mingəçevir kəndində qonaqpərvərliyi ilə tanınan, kənd ağsaqqalı 80 yaşlı İsrafil Məmmədovun həyətində ağacların dibini belləyib, inəklərini sağıb, toyuq-cücələrinə dən töküblər, samovar çayı dəmləyərək, kənd sakinləri ilə bir süfrə başında əyləşiblər. “Zəhmətkeş ulduzlar” budəfəki səfərlərindən çox mənnun qaldıqlarını bildiriblər.
Esmira Hidayətova, Mingəçevir