Ulu Yaradanın işıqlı bəndəsi

623
Onu hələ tələbəlik illərindən tanıyırdım. Təhsillə yanaşı Azərbaycan Televiziyasında müxbir kimi çalışırdım. Tez-tez foyedə, müxtəlif verilişlərin aparıcısı olduğu studiyalarda görüşərdik. Adamı ovsunlayan natiqlik məharəti, məlahətli, şirin səsi efirə yaraşıq verən çöhrəsi hamını heyran qoyardı, Nurəngiz Qulubəyovanın…
Onun qeyri-adiliyi, sadəliyi, yüksək mədəniyyəti, heyrətamiz kamilliyi xatirələr işığında daha aydın, daha ecazkar görünür. İnsanları mehriban çöhrəli duyanda, gözlərdə sevinc işartıları görəndə özünü baharlı bir aləmdə hiss edib, Nurəngiz Gün.  Dünyanı gözəllik xilas edəcək kredosuyla yaşayıb-yaradıb. Onun həyat amalı, həyat qayəsi bu olub:

Nazim Hikməti çox sevib, M.Ə.Sabiri, M.Cəlili, Məmməd Arazı da…  Onlara həsr etdiyi şeirlər narahat qəlbin çırpıntılarından kövrək hisslərin vəhdətindən xəbər verir:

…Vətən, hey… İndi sən, Nazimin

Yüz min əllə toxunduğu

Aynalı culara pərqimlənibsən.

Hikmət oğlu Nazim balandır, vətən, daşlı yolları ölçüb, hey gedib gələn!

Və yaxud Mədinə Gülgünə həsr etdiyi “Daha çağırma” şeiri poetik lövhələrlə gözümüz önündə canlanır:

Torpaq məni tez basacaq bağrına,

Basmayacaq hicranıma, ağrıma

O yerlərə ayaq bassan, çağırma

Ovliya Gülgünüm, gülüm, çağırma.

Nurəngiz Gün həm də incə qəlbli şairə idi. Vətənə, anaya məhəbbət, sədaqət, təvazökarlıq hissləri Nurəngiz Gün yaradıcılığının ana xəttini təşkil edir. İstedadlı yazarın şeirlərini vərəqlədikcə onun həyat çətinliklərinə mətanətlə sinə gəlməsi, həyat mərhələləri poetik çalarları ilə göz önünə gəlir:

Düşündüm:

Gecə -gündüz

a özgə xoşbəxtliyinə narahatlanan

a paxıllığından partlayan!

A bircə baş, ikicə ayaq yoldaş!

Mən öz yükümü zorla çəkirəm

Sən özgə yükünü gəzdirirsən nə sayaq, yoldaş?!

Nurəngiz Günün “Yol gedirəm” kitabına toplanan şeirlər öz aktuallığını, zəmanəmizin gündəlik qayğılarını əks etdirir. Bu cəhətdən “Ehtiyat” şeiri daha səciyyəvidir.

Vay səni, vay, qəvi ehtiyat!

Səninlə yaşamaqdan can boğazdadır.

Yediyim, içdiyim lap zəhər dadır

Əgər kişi olsaydım, sən də arvadım

Səni tutub boğardım

Bacarmazsam, heç olmazsa, boşayardım.

Heyf! Nə mən kişiyəm, nə də sən arvad.

Səni nə boşamaq olur, nə boşlamaq

Nə hır qanırsan, nə zır, nə də ki, bir zad söhbəti

Qərəz qanımıza bir zəlisən, ehtiyat ha ehtiyat!

Tanınmış şair, millət vəkili Sabir Rüstəmxanlı Nurəngiz Günün kitabına ünvanladığı ön sözdə deyir: “Gənclik illərimizdə ürəyə yatan səsi, aydın tələffüzü, ölçülü-biçili rəftarıyla  Azərbaycan Televiziyasının yaraşığı olan, peşəkarlıq səriştəsiylə yanaşı gözəlliyilə də tamaşaçıların sevimlisinə çevrilən Nurəngiz Qulubəyova adlı xanımın ədəbi yaradıcılıqla məşğul olduğunu bilmirdik. O özü hər gün evlərimizə əziz qonaq kimi gələn şahəsər, tanrının şeiriyyət nümunəsi idi…. O vaxtdan illər keçib. Nurəngiz xanım televiziyadan ayrıldı, amma ədəbiyyatdan ayrılmadı. Getdikcə səsi daha gür eşidilməyə başladı, özü az, sözü çox göründü. Indiyədək şairənin bir neçə kitabı nəşr edilib. “Yazıçı” nəşriyyatında baş redaktor işlədiyim illərdə buraxdığımız “Ağ qanadlar” və “Günəşə dua” şeir və poema kitablarının yaxşı xatırlayıram…”  Nurəngiz Gün daha çox öz mənəvi yalqızlığını, pərişan duyğularını ifadə etmək üçün yazır, ətrafda dinləyən var – yoxdur, fərqinə varmadan özü üçün oxuyur. Buna görə də şeirləri daha çox bir ürəyin təkdeyiminə – monoloquna bənzəyir. Şeirlərindəki ağrı insan ömrü və həyatın mənası haqda düşüncələrdən doğur.

İstedadlı qələm ustası Nurəngiz Gün əbədiyyət dünyasına qovuşsa da, onun yadigarları gözəl Jaləmiz, Ahu-Müjganımız var, bir də bizə qoyub getdiyi şair ömrünün mənasını reallığı ilə  ifadə edən həsrət dolu əsərləri…

Rahat uyu, ruhun şad olsun, bacım!

 

Şövkət Hüseynova Filologiya elmləri namizədi, H.B.Zərdabi mükafatı laureatı