Ulu Öndər qayıdışı ilə dövlətçilik tariximizin şanlı səhifəsini yazdı

110

 

15 iyun – Milli Qurtuluş günü ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı ilə  birgə video konfrans keçirilib.

Konfransı şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov  açaraq qeyd edib ki, 15 iyun- Milli Qurtuluş Günü  Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir: ”1993-cü ilin iyun ayının əvvəlindən başlayaraq ölkəmizdə baş  verənləri  təhlil etməklə hər birimiz bu qənaətə gəlirik ki, 1993-cü ilin 15 iyun  tarixi Azərbaycan xalqı və dövlətçiliyi üçün həqiqətən də qurtuluş tarixidir. Mən bu əlamətdar gün münasibətilə Sizləri və Sizin timsalınızda bütün mingəçevirliləri təbrik edir, hər birinizə uzun ömür, cansağlığı arzulayıram.

Məlumdur ki, çətin günlərdə, həlledici  məqamlarda öz xalqını üzləşdiyi çətinliklərdən xilas etmək yalnız böyük və qüdrətli şəxsiyyətlərin çiyninə düşür. Xalqın taleyində belə şəxsiyyətlərə ehtiyac olan anda həmin şəxsiyyətlərin həyata keçirdiyi missiya onu  xalqın lideri, onun xilaskarı edir. 1993-cü ilin iyununda Azərbaycanda yaranan ictimai-siyasi şərait, yəni vətəndaş müharibəsi,  ərazicə parcalanma, xaos, anarxiya şəraiti xalqı bu vəziyyətdən xilas etməyə qadir olan lider zərurəti yaratdı. Belə bir xilaskarlıq missiyasını öz üzərinə götürən, həyatını təhlükələrə məruz qoyan ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya qayıtdı, iyunun  15-də Ali Sovetin sədri seçildi, bununla da daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı”.

O daha sonra deyib: “Qısa müddətdə həyata keçirilən səriştəli siyasətlə ümummilli liderimiz H.Əliyev doğma Azərbaycanımızı məhv olmaqdan, xalqı isə düçar olduğu bəlalardan xilas etdi.  1993-cü ilin iyun ayının 15-də qayıdışı ilə o tariximizin yeni bir mərhələsini – quruculuq, inkişaf və yüksəliş dövrünün əsasını qoydu, dövlətçilik tariximizin şanlı səhifəsini yazdı. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərinin unutmur və 15 iyun- Milli Qurtuluş gününü hər il yüksək əhval-ruhiyə ilə qeyd edilir. Lakin bu il pandemiya ilə əlaqədar bu tədbiri video-konfrans şəklində keçiririk”.

Bu gün YAP şəhər təşkilatı ilə birgə təşkil olunan “Ümummilli lider Heydər Əliyev – milli qurtuluşumuzun müəllifidir” mövzusunda   video konfrans da  həmin tarixi günə həsr edilib. Milli Qurtuluş gününə həsr olunmuş video konfrasda başçı   məruzəçilərə  söz verib. YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusifov, Mingəçevir Dövlət Universitetinin müəllimi, Şəhər Veteranlar Təşkilatı  İdarə heyətinin üzvü Mirzə Cavadov, 12 saylı  tam orta məktəbin direktoru Sevda İsmayılova, Mingəçevir Dövlət Universitetinin dekanı, tarix üzrə  fəlsəfə doktoru Nizami Zeynalov ulu öndər Heydər Əliyevin Vətən qarşısındakı xidmətlərindən söz açıblar.

 

Video konfransa İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yekun vuraraq qeyd edib ki, bu günkü video konfransda Ulu Öndərin xalqımız və müstəqil dövlətimiz qarşısında göstərdiyi xilaskarlıq missiyası haqqında çox ətraflı və mənalı məruzələrinizə görə  çıxış edənlərə təşəkkürümü bildirirəm: “Hər birimiz ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında əvəzsiz, nəhəng xidmətlərini, bu tarixi şəxsiyyətin rəhbərliyi ilə əsası qoyulan işlərin bu gün onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən dəqiqliklə davam etdirilməsini və bu siyasətin nəticəsində cox böyük uğurların əldə olunmasının şahidiyik. Tam əminik ki, bu uğurlar davamlı olacaq, biz müstəqil dövlətimizin yeni-yeni zəfərlərini və qələbələrini görəcəyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız  şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi.                   2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu, 44 gün  davam edən müharibədə 8 rayonumuz tamamilə azad olundu, 3  rayonun bir hissəsi işğalçılardan təmizləndi. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə  bərpa işləri aparılır.

Bütün bunlar bir daha göstərir ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini xilas edən, qoruyan, möhkəmləndirən, əbədi, dönməz və sarsılmaz edən qüdrətli, müdrik bir  tarixi şəxsiyyətdir və o daima dövlətçilik tariximizdə və xalqımızın qəlbində yaşayacaqdır.”

Esmira Hidayətova, Mingəçevir