Ulduzların hobbiləri

508

Ulduz futbolçular heç də həmişə oynadıqları futbolla diqqət mərkəzində qalmırlar. Azarkeşlərə onların futboldankənar — şəxsi həyatları da çox maraqlıdır. Kim boş vaxtını necə keçirir, nə işlə məşğul olur, kimlə oturub-durur, kimi sevir və s. Futbolçu da insandır və təbii ki, onun həyatı təkcə futboldan ibarət deyil. Onların hər birinin sevimli məşğuliyyəti var. Bu yazıda İngiltərə Premyer Liqasında vaxtilə çıxış etmiş ulduz futbolçuların hobbilərindən söhbət açacağıq.

Kriştianu Ronaldo — Sən demə, Ronaldo yaxşı futbolçu olduğu qədər də istedadlı müğənnidir. Boş vaxtlarında mahnı oxumağa xüsusi yer ayıran portuqaliyalı ulduzun güclü olmasa da, məlahətli səsi var. Həm də Kriştianu gözəl musiqi duyumuna malikdir. Buna sübut kimi onun ifa etdiyi və internetdə də geniş yayılmış “Amore Mio” mahnısını dinləmək kifayətdir.

Yuri Jirkov — Böyük Vətən müharibəsi ilə bağlı əşyaları yığmağı xoşlayır. Bir neçə il əvvəl Rusiya mətbuatına verdiyi müsahibəsində Yura hobbisi haqda belə deyib: “Bir dəfə bir tanışımın evində olarkən, onun Böyük Vətən müharibəsinə aid əşyalardan ibarət kolleksiyası ilə tanış oldum. Çox xoşuma gəldi və qərara aldım ki, mən də bu işlə məşğul olsam, pis olmaz. Kalininqrad yaxınlığında tikdirdiyim evdə kiçik muzey yaratmaq istəyirəm. Artıq bəzi əşyalar toplaya bilmişəm. Bura hərbi forma, medallar, tapança daxildir. Bəzilərini almışam, bəzilərini hədiyyə ediblər. Hələlik kolleksiyamın ən qiymətli əşyası Kalininqrad yaxınlığında aparılan qazıntılar zamanı tapılan avtomatdır. Həyat yoldaşım hədiyyə edib”.

Anatoli Timoşuk — Jirkovdan fərqli olaraq, kolleksiya yığmağa xeyli əvvəldən başlayıb. Onun hobbisi qədim ikonaları toplamaqdır. Kolleksiyasında ən qədim ikonanın 500-ə yaxın yaşı var. “İkona yığmaqla həm asudə vaxtlarımı boşuna sərf etmirəm, həm də Ukraynanın tarixinə nəsə bir xeyir vermək istəyirəm. İndiyə kimi xeyli qiymətli əşyalar toplaya bilmişəm və onlar etibarlı yerdə saxlanılır”, deyə, Timoşuk bildirib.

Andrey Şevçenko və Teo Uolkott — Timoşukun həmyerlisi Şeva və ingilis futbolunun gənc ulduzu Uolkott isə boş vaxtlarını qolf oynamaqla keçirirlər. Andreydə bu iş futbol qədər yaxşı alınmasa da, onun babat qolf oynaması çoxlarına məlumdur. Hətta Ukrayna Qolf Federasiyasının prezidenti Şevçenkonun göstərdiyi oyundan çox məmnun qaldığını bildirmişdi. Yeri gəlmişkən, futbola vidalaşdıqdan sonra Andrey qolf üzrə dünya çempionatında iştirak etmək istəyində də olmuşdu.

Petr Çex — Çexiya millisinin və “Çelsi”nin qapıçısı poliqlotluqla məşğuldur. Yəni əcnəbi dilləri öyrənməklə. Hobbisinin ona hər yerdə kömək olduğunu deyən Çex artıq bir neçə dildə normal danışdığını söyləyib: “Etiraf edim ki, əcnəbi dilləri öyrənməkdən zövq alıram. Hansısa bir ölkəyə gedəndə insanlarla asanlıqla ünsiyyət qura bilirəm. İngilis və fransız dillərində sərbəst danışıram. Məktəbdə alman dilini öyrənmişəm. Daha sonra isə slovak, rus, portuqal, italyan və çox az yapon dilini bilirəm. Rus dilini öyrənməkdə mənə “Çelsi”dəki keçmiş komanda yoldaşım Aleksey Smertin yardımçı olub. İtalyan dili müəllimim isə Kudiçini idi.” Bundan başqa Çex zərb alətlərində ifa etməyi də xoşlayır. Hətta o, özünün də üzvü olduğu rok-qrup yaratmağa da imkan tapıb.

Robin van Persi — Boş vaxtlarını stol ətrafında keçirir. Yeyib-içmir, sadəcə, tennis oynayır. Robbi keçmiş komandası olan “Arsenal”ın heyətində ən yaxşı futbolçu olmaqla yanaşı, həm də ən yaxşı stolüstü tennisçi idi.

Manuel Almuniya — Bu il karyerasını başa vuran ispaniyalı sabiq qolkiperin də maraqlı hobbisi var. Boş vaxtlarında yazıçılıqla məşğul olur. Özü də elə-belə hekayələr yox, uşaqlar üçün nağıllar düzüb-qoşur. Amma nədənsə, Manuel bu nağılların yayılmasını istəmir. Yoxsa, indiyə kimi bir neçə kitab çap etdirə bilərdi.

Markus Haneman — ABŞ-ın “Sietl Saunders” komandasının formasını geyinən digər qapıçı asudə vaxtını fermada əkin-biçin və toyuq-cücə saxlamaqla keçirir. Bu, hələ harasıdır? Markus əməlli-başlı çilingərdir. Köhnə və xarab avtomobillərin təmirini əla bacarır. “Demək olar ki, bütün futbolçular istəyirlər ki, onların ən son model avtomobilləri olsun. Amma belə şeylər məni qəti maraqlandırmır. Mən özüm yaratdığım avtomobili sürmək arzusundayam”,- deyə, Haneman müsahibələrinin birində söyləyib.

Nolberto Solano — Uzun müddət İngiltərə Premyer Liqasında futbol həyatı yaşamış perulu musiqini sevir. Amma Kriştianu Ronaldodan fərqli olaraq, mahnı yox, trubada ifa etməyi xoşlayır. Hazırda yenicə məşqçilik həyatına başlayan Nolberto sals üslubuna üstünlük verir. Qeyd edək ki, sals Latın Amerikası ölkələrində geniş yayılmış musiqi janrıdır.

Miçel Salqado — Yaxın keçmişin tanınmış ispan futbolçusu və “Real”ın sabiq müdafiəçisi boş vaxtlarında sörfinqlə məşğul olur. Əyləncəsi haqda futbolçu bir dəfə belə deyib: “Sörfinq — təkcə idman yox, həm də yaşamaq üslubudur. Əslən Qalisiyadanam, dənizə çox yaxınıq. Əvvəllər çimərliklərdə sörfinqlə məşğul olanlara həsədlə baxırdım. Əgər sörfinqlə uşaq vaxtı məşğul olsaydım, yəqin ki, futbolçu kimi tanınmayacaqdım. Artıq bir neçə ölkənin çimərliklərində, o cümlədən Mərakeş, Portuqaliya, İngiltərədə sevimli hobbimlə məşğul olmuşam”.

Andrey Arşavin — Rus ulduz modelyerliklə də məşğul imiş. Özü də peşəkar müstəvidə. Andryuşa Sankt-Peterburqun Texnologiya və Dizayn Universitetinin məzunudur. Onun 15 yaşınadək oğlanlar üçün hazırladığı kolleksiya artıq bir neçə il əvvəl nümayiş olunub.

Tomas Rositski — Musiqi ilə “nəfəs alan” daha bir futbolçu Arşavinlə “Arsenal”da çiyin-çiyinə oynamış Tomas Rositskidir. Gitarada mükəmməl ifa edən çex futbolçu “metallika” üslubu daha çox sevir.

Rio Ferdinand — “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinandın hobbisi də musiqi ilə bağlıdır. “Hip-hop” stilində musiqi bəstələməyi sevən futbolçunun səsyazma studiyası var və tez-tez bu janrın ulduzları ilə müsahibələr təşkil etməyi xoşlayır.

Morits Folts — “Münhen 1860”ın müdafiəçisi Morits Folts mətbəxi çox sevir. Kulinariya sahəsində çox istedadlıdır və dadlı təamlar bişirməyi bacarır. İngiltərədə oynadığı vaxtlar hər oyundan əvvəl özünün bişirdiyi tortları yoldaşlarına hədiyyə etməsi onu komandanın sevimlilərindən etmişdi. Üstəlik, həmin tortların üzərindəki rəqib komandanın emblemini də Morits özü hazırlayırdı. Deyəcəksiniz ki, Morits o qədər də tanınmış futbolçu deyil və onun bu siyahıya salınması yersizdir. Qeyd edək ki, alman futbolçu vurduğu bircə zərbə ilə İngiltərənin futbol tarixinə adını yazdıra bilib. Həmin zərbədən sonra İngiltərə çempionatları tarixində vurulan 15 mininci qol qeydə alınmışdı.

Daniel Agger — Bu yay “Liverpul”dan ayrılan danimarkalı mərkəz müdafiəçisi tatuirovkanı çox xoşlayır. Amma digər futbolçulardan fərqli olaraq, Daniel bu tatuları bədəninə özü həkk edir. Artıq Aggerin xeyli müştəriləri də var. Yəqin ki, futbolçu müştərilərinə pulsuz xidmət göstərir. Çünki “qəpik-quruş” nəyinə lazımdır? Təki əyləncə olsun.

Sergey Rebrov — Ukrayna futbolunun əfsanəsinin hobbisi isə radiocihazların təmiri və quraşdırılmasıdır. Buna elm dildə “radiosevənlər” də deyirlər. Nəzərə alsaq ki, məşhur müğənni Kliff Riçard və İspaniya kralı 1-ci Xuan Karlosun da hobbisi budur, onda Seryoja heç də pis kampaniyaya düşməyib.

Maykl Ouen — İngiltərə futbolunun “sönmüş” ulduzunun hobbisi çoxdur. Onlardan ən maraqlısı at yarışlarıdır. Maykl at çapmağı çox xoşlayır və boş vaxtlarını dördayaqlı dostları ilə keçirir. Yeri gəlmişkən, “Mançester Yunayted”də oynadığı vaxtlar Ueyn Runi və Aleks Ferqusson ona yoldaşlıq edirlərmiş.