“Ukraynanın şərqindəki münaqişə müvəqqəti hal deyil, qlobal təhdiddir”

”Rusiyanın Ukraynanın şərqində yaratdığı münaqişə müvəqqəti hal deyil, qlobal xarakter daşıyır”. 
Bunu NATO-nun Avropadakı müttəfiq qüvvələrinin baş komandanı, amerikalı general Filipp Bridlav ABŞ Nümayəndələr Palatasında keçirilən dinləmələrdən sonra bildirib. F. Bridlav deyib ki, ötən illə müqayisədə Avropa tamamilə fərqli və daha mürəkkəb təhlükəsizlik problemi ilə üzləşib. Onun fikrincə, bu, regional deyil, müvəqqəti xarakter daşımayan dayanıqlı qlobal təhdiddir. General bəyan edib ki, Rusiya ağır artilleriyasının və hərbi texnikasının Ukrayna sərhədini keçməsinə dair əsaslı sübutlar var. O, Rusiyanın tanklar, zirehli maşınlar və digər hərbi texnika növləri də daxil olmaqla, ümumilikdə 1000 (min) ədəddən çox hərbi texnikanı Ukraynaya yeritdiyini açıqlayıb: “Bu qüvvələr cəbhədə Ukrayna ordusuna qarşı istifadə edilir. Bizim münaqişə zonasında gördüklərimiz Rusiyanın revanşizmidir və o, beynəlxalq qayda və normalara uyğun davranmır. Onun fəaliyyəti qonşu ölkələrdə destabilizasiya yaradır və əvvəl dediyim kimi, qlobal təsirə malikdir”.

 

Ukrayna ağır silahları təmas xəttindən geri çəkməyə başlayıb

Ukrayna tərəfi bu gündən etibarən ağır silahları Donbassdakı təmas xəttindən geri çəkməyə başladığını açıqlayıb. “İnterfaks-Ukraina”nın xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 12 fevral tarixli Minsk razılaşmalarına uyğun olaraq 100 millimetrlik silah sistemlərinin təmas xəttindən geri çəkilməsinə başlandığını bildirib: “Ağır silahların çəkilməsinə yönələn bu ilk addım ATƏT-in monitorinqi altında həyata keçiriləcək”. Baş Qərargahdan o da əlavə olunub ki, separatçılar hücuma cəhd göstərsələr, Kiyev ağır silahların geri çəkilməsi qrafikinə dəyişiklik edəcək.

 

”Ukrayna tərəfinin atəşkəs şərtlərini real saymırıq”

”Ukrayna tərəfinin atəşkəs şərtlərini real saymırıq”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Gülünc tələblər irəlü sürülür. Bu tələblər Kiyevin mövqeyinə tam cavab verir. Onlar bəyan edirlər ki, ağır silahları o halda geri çəkəcəklər ki, 1-2 gün bir dənə belə atəş olmasın. Biz isə gözəl anlayırıq ki, ideal atəşkəs rejimləri mövcud deyil”, – deyə o vurğulayıb.

 

Dollar qondarma Luqansk Respublikasının rəsmi valyutası oldu

Qondarma Luqansk Xalq Respublikası rəhbərliyi ölkədə multivalyuta sisteminə keçdiklərini elan edib. Luqansk İnformasiya Mərkəzinin xəbərinə görə, qondarma respublikanın lideri sakinlərlə görüşündə bildirib ki, ölkədə rubl, qrivna və dollar rəsmi pul vahidi olacaq. Bundan başqa, onlar üçün rahat olacaq digər valyutalara da müraciət edə biləcəklərini vurğulayıb. Onun sözlərinə görə, belə bir addımın atılmasına səbəb Ukraynanın söz verməsinə rəğmən, hələ də iqtisadi blokadanı aradan qaldırmamasıdır.

 

”Belarus Ukraynaya elektrik enerjisi ixrac etməyə hazırdır”

Belarus 2015-ci ildə elektrik enerji ixracını iki dəfə artırmaq, həmçinin qonşu Ukraynaya enerji ixrac etməyə başlamaq niyyətindədir və buna hazırdır. Belarusun energetika naziri Vladimir Potupçik fevralın 26-da keçirdiyi mətbuat konfransında, həmçinin bəyan edib ki, bütün işlər planlaşdırılan kimi davam etsə, 2015-ci ildə Belarusun elektrik enerjisi ixracı 2014-cü ildəki 500 milyon kilovat-saatdan 1 milyard kilovat-saata qaldırıla bilər. Xatırladaq ki, hazırda Ukrayna elektrik enerjisinin çox böyük hissəsini Rusiyadan idxal edir.

 

Rusiyanın valyuta ehtiyatları bir həftədə daha 3,7 milyard dollar azalıb

Rusiya Federasiyasının qızıl-valyuta ehtiyatları azalmağa davam edir.  “Lenta.ru” saytının verdiyi məlumata görə, Rusiyanın qızıl-valyuta ehtiyatları 13-20 fevral tarixlərində daha 3,7 milyard dollar məbləğində əriyib və 364,6 milyard dollara enib. Bu, 2007-ci ilin aprelindən bəri ən aşağı göstəricidir.