“Ukraynanı Avropa dövlətinə çevirmək lazımdır”

601
Ukraynada keçirilən parlament seçkilərindən sonra siyasi gərginlik tədricən aradan qalxmağa başlayıb. Bu müstəvidə də Ukraynanın hazırkı Baş Naziri Arseniy Yatsenyuk hökumət başçısı vəzifəsində qalmaq niyyətində olduğunu ifadə edib. Yatsenyuk gələcək koalisiyaya müxalifət bloku istisna olmaqla seçkilərdə iştirak etmiş bütün partiyaların daxil edilməsini vacib sayıb. “Mən yeni koalisiyanı “Avropalı Ukrayna” adlandırmağı təklif edirəm. Bu, Maydanda toplaşan həmin insanların xatirinədir. Ukrayna ilə Avropa birliyi arasında sazişi reallaşdırmaq, Ukraynanı Avropa dövlətinə çevirmək lazımdır. İnsanlar bizdən bunu gözləyirlər”. Bir çox ekspertlər isə Yatsenyukun bu fikirlərindən rəsmi Moskvanın bir o qədər də razı olmayacağını bildirirlər. Ukraynanın keçmiş Baş Naziri Yuliya Timoşenko isə, nəhayət, siyasi proseslərdə bir mövqe tutmaq qərarına gəlib. O, sədrlik etdiyi partiyanın koalision hökumətə qoşulmağa hazır olduğunu bəyan edib. Maraqlısı isə odur ki, Timoşenko dövlət vəzifəsi tutmaq arzusunda olmadığını dilə gətirib.
Bu arada isə Moskva Ukraynanın yeni parlamenti ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. Belə ki, Ukrayna ilə bağlı işçi qrupun toplantısında Dumanın spikeri Sergey Narışkin yeni qurulan parlamentin ölümcül vətəndaş müharibəsinin dayandırılması, böhranın aradan qaldırılması, həmçinin iki ölkə arasında dialoqun bərpa olunmasına öz töhfələrini verəcəyinə ümid etdiklərini deyib.

Rusiya Dumasının Beynəlxaq məsələlər üzrə komitəsinin sədri Aleksey Puşkov isə yeni parlamentə o qədər də xoş olmayan bir ismarış göndərib. O deyib ki, əgər onlar Ukraynanın bərpasına nail olmaq istəyirlərsə, həm Rusiya həm də Avropa Birliyinə qulaq asmalıdırlar.