Ukraynada xüsusi hərbi əməliyyat davam edir

66

Ukraynada hərbi vəziyyət gərgin olaraq qalır. Dünən BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçeletin Cenevrədəki ofisinin yaydığı məlumata görə, Rusiyanın Ukraynaya qarşı xüsusi hərbi əməliyyatı nəticəsində 536 nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb. Həlak olanların 7-si uşaqdır. Məlumatı “Newsru. ukraina” verib.

Ukraynanın Müdafiə Nazirliyindən bildirilib ki, Rusiya aviasiyasının Vasilkov və Brovarıya hava hücumu zamanı Ukrayna qırıcılarının pilotları iki rus təyyarəsini vurublar: “S-300” zenit-raket diviziyaları isə üç təyyarəni məhv edib. Beləliklə, düşmənin 5 təyyarəsi zərərsizləşdirilib. Onlar “Su-30” və “Su-35” təyyarələridir. Eyni zamanda, “Buk M-1” zenit-raket kompleksi ilə Kiyev yaxınlığında düşmənin helikopteri vurulub.

Məlumata görə, Ukraynanın “Su-25” hücum təyyarələri Kiyev və Jitomir vilayətlərində düşmənin zirehli texnika və canlı qüvvəsinə raket və bomba zərbələri endirib. Çerniqov və Berdyansk yaxınlığında da Rusiyanın tank və digər motor karvanlarına dörd dağıdıcı bomba zərbəsi endirilib. “Bayraktar TB2” pilotsuz uçuş aparatları da xüsusi fəaliyyət göstərib.

Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində Rusiya Ordusunun atəşi nəticəsində hərbi hissə dağıdılıb. Nəticədə 70 ukraynalı döyüşçünün həlak olduğu bildirilir. Sumı Regional Dövlət Administrasiyasının sədri Dmitri Jivotski deyib: “Xerson şəhəri Rusiya qoşunları tərəfindən mühasirəyə alınıb. Bütün istiqamətlərdə çoxlu Rusiya hərbçisi, hərbi texnikası var, onlar şəhərin çıxışında postlar qurublar. Rusiya piyada qoşunları şərq tərəfdən şəhərə daxil olaraq irəliləyir”.

Dünən Ukrayna Prezidenti Volodimir Zelenski əhaliyə videomüraciətində Belarusla sərhəddə Rusiya nümayəndələri ilə aparılmış danışıqlara toxunaraq bəyan edib ki, hələlik Ukraynaya lazım olan heç bir nəticə yoxdur. Ukrayna və Rusiya arasında danışıqların birinci raundu baş tutub. Hələlik əldə etmək istədiyimiz nəticə yoxdur”.

Onun sözlərinə görə, Kiyev öz nümayəndə heyətinin qayıtmasından sonra Rusiya ilə danışıqların nəticəsini təhlil edəcək və ikinci raundla bağlı qərar verəcək.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya isə Ukraynaya qarşı apardıqları hərbi əməliyyatın BMT Konvensiyasının 51-ci maddəsinə uyğun olaraq həyata keçirildiyini və NATO-nun Ukraynaya yardım etməməli olduğunu bildirib.

Nebenzya BMT Baş Assambleyasının Nyu-Yorkdakı mənzil-qərargahında keçirilmiş Ukrayna ilə bağlı fövqəladə sessiyadakı çıxışında deyib ki, Ukraynaya silah yardımı utancverici və əsassızdır: “Bunu düşmənçilik hərəkəti kimi qəbul edəcəyik. Təhlükəsizlik zəmanəti istədik və tələblərimiz yerinə yetirilmədi”.

O, Ukraynanın bu prosesdə Qərb dövlətləri tərəfindən təxribata məruz qaldığını deyib: “Hazırkı düşmənçiliyi biz deyil, ukraynalılar Donbas sakinlərinə qarşı başladıb”. Rusiya nümayəndəsi, eyni zamanda, rus əsgərlərini gözdən salmaq üçün mətbuatda müharibə getdiyini və bununla bağlı milyonlarla saxta xəbərlər yayıldığını iddia edib.

Amma Qərb Kiyevə yardımını davam etdirmək niyyətindədir. Dünən Bolqarıstan, Polşa və Slovakiya Ukraynaya 70 hərbi təyyarə verəcəklərini bildiriblər. Məlumatı Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti verib. Avstraliyanın Baş naziri Skott Morrison bəyan edib ki, Ukraynaya 75 milyon dollar yardım ayrılacaq. Tayvan isə Kiyevə 27 ton tibbi preparat göndərəcək.

“Xalq qəzeti”