Ukrayna və Türkiyə Rusiyaya qarşı yeni ittifaq yaradırlar

523

Beynəlxalq aləmdə baş verən son hadisələr, o cümlədən Rusiyanın Ukrayna və Türkiyə ilə münasibətlərinin kəskinləşməsi Kremlə qarşı yeni iqtisadi, siyasi və hərbi ittifaqların yaradılması ilə müşayiət edilməkdədir. Bu baxımdan Moldovanın, Gürcüstanın və Pribaltika respublikalarının ardınca Rusiyadan gələn potensial təhlükə qarşısında qalan Ukrayna və Türkiyə arasında iqtisadi, siyasi və hərbi yaxınlaşma meyilləri özünü aydın şəkildə büruzə verməkdədir. Bunu Ukrayna Prezidenti Pyotr Poroşenkonun Türkiyəyə son səfəri də bir daha sübut etdi. Türkiyədə olduqca yüksək səviyyədə qarşılanan Poroşenko iki ölkə arasındakı münasibətlərin qısa müddətdə bütün sahələri əhatə etdiyini və bunun nəinki siyasi və iqtisadi, həm də hərbi-strateji tərəfdaşlığa çevrilməkdə olduğunu xüsusi vurğulayıb. O deyib ki, beynəlxalq aləmdə baş verən hadisələr və hər iki ölkəyə yaxın xaricdən gələn təhlükə Ukrayna və Türkiyənin yaxınlaşmasını, onlar arasında hərtərəfli əlaqələrin daha da dərinləşdirilməsini qaçılmaz zərurətə çevirib. Poroşenko: “Ukrayna xarici təhlükədən özünü sığortalamaq, işğal edilmiş torpaqları geri qaytarmaq, ərazi bütövlüyünün bərpasını təmin etmək üçün özünə dost hesab etdiyi bütün ölkələrlə yalnız iqtisadi, siyasi deyil, həm də hərbi-strateji sahədə əməkdaşlığı ən geniş şəkildə inkişaf etdirmək niyyətindədir. Bu müstəvidə də Türkiyəyə ən yaxın iqtisadi, siyasi hərbi-strateji tərəfdaşımız kimi baxırıq”,-deyib.
Öz növbəsində, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə əlaqələrin genişləndirilməsini ölkəsinin xarici siyasətində mühüm yer tutduğunu söyləyib. O deyib ki, Ukrayna ilə hərtərəfli əlaqələrin dərinləşdirilməsi hazırda bölgədə əmələ gələn tarixi, siyasi və hərbi, iqtisadi vəziyyətdən əmələ gəlib və bu amil tərəfləri bir-birilərinin hərbi-strateji tərəfdaşına çevirir. Bu müstəvidə də Türkiyə ilə Ukrayna arasında bütün sahələrdə mövqelərin üst-üstə düşdüyü xüsusi qeyd edilib. Belə bir fikir vurğulanıb ki, Türkiyə və Ukrayna ərazi bütövlüyünün təmini, o cümlədən Suriyada baş verən hadisələrə münasibətdə bir-birilərini dəstəkləyirlər.
Təbii ki, Poroşenkonun Türkiyədə keçirdiyi görüşlərin mərkəzində Rusiya tərəfindən işğal edilən Krımı, həmçinin faktiki olaraq hazırda separatçılar adı altında Kremlin hərbi nəzarəti altında olan Donbas və qondarma Luqansk respublikası ilə bağlı məsələlər də əsas müzakirə hədəfində olub.
Belə ki, Kreml tərəfindən işğal edilmiş Krım, həmçinin Rusiya tərəfindən de-fakto hərbi yolla ələ keçirilən Donbas və qondarma Luqanskla bağlı məsələ iki ölkə prezidentləri arasında keçirilən təkbətək görüşlərdə, həm də Ukrayna-Türkiyə ikitərəfli Strateji Əməkdaşlıq Şurasının iclasında əsas müzakirə obyektlərindən biri olub. Tərəflər qeyd ediblər ki, Rusiyanın Krımı ilhaq etməsi beynəlxalq hüquq normalarına ziddir və Krım azad edilməli, Rusiya Luqansk və Donbas separatçılarına verdiyi hərbi, siyasi, iqtsadi və hərbi-texniki dəstəyi dayandırmalıdır. Krımla bağlı məsələnin iki ölkə danışıqlarında əsas müzakirə obyekti olduğunu Poroşenkonun Türkiyəyə səfərinin yekunları ilə bağlı verdiyi müsahibəsində dedikləri də bir daha sübut edib. Belə ki, mətbuat konfransında Ukrayna Prezidenti: “Türkiyə və Ukrayna Krımın yenidən Ukraynanın tərkibinə qaytarılması və işğal edilmiş ərazilərin azad edilməsi məsələsində beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlıq edəcəklər. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”,-deyib.
Öz növbəsində Ərdoğan da Krımın Ukraynanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayaraq: “Biz Krımın Rusiya tərəfindən işğalını tanımırıq. Krım azad edilməli və dərhal Ukraynaya qaytarılmalıdır”,-deyib.
Hər iki prezident mətbuat konfransında Krımın Rusiya işğalındana azad edilməsi üçün müvafiq addımlar atacaqlarını qeyd ediblər. Tərəflər Krımın Rusiya işğalından azad edilməsi üçün beynəlxalq müstəvidə əsas hazırlanmasının vacibliyini qeyd ediblər. Xatırladaq ki, məhz bu əsasda da Avropa parlamentində qəbul edilən son qətnamədə Krımın qaytarılması məqsədi ilə Cenevrə+ formatında ABŞ, Avropa Birliyi nümayəndələrinin iştirakı ilə Rusiya-Ukrayna görüşlərinin keçirilməsi təklif edilib.

İqtisadi və hərbi sahədə inteqrasiya güclənəcək
Ukrayna Prezidenti Pyotr Poroşenkonun Türkiyəyə səfəri çərçivəsində yalnız Krım və Yaxın Şərq problemləri deyil, həm də iqtisadi sahədə hərtərəfli əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan danışıqlar keçirilib.
Bu müstəvidə də iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın ən yüksək səviyyədə inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Tərəflər arasında yaxın iki ildə ticarət səviyyəsinin 10 milyard dollara çatdırılması barədə razılıq əldə edilib. Buna paralel olaraq, iki ölkə arasında Azad Ticarət Zonası (ATZ) yaradılnası barədə qərar qəbul edilib. Xatırladaq ki, ötən il Türkiyə ilə Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 4,3 milyard dollar olub.
Təbii ki, indiki vəziyyətdə bu olduqca azdır və ticarət dövriyyəsinin genişləndirilməsi üçün vacibdir. Digər tərəfdən də, Türkiyə ilə Ukrayna arasında ticarət əlaqələrinin genişləndirilməsini zəruri edən amillər də var. Belə ki, hər iki ölkə məlum səbəblər üzündən Rusiya bazarını itiriblər. Ukraynaya Rusiyadan gətirilən malların və eyni zamanda bu ölkədən Rusiyaya ixrac edilən malların yerini doldurmaq olduqca vacibdir. Türkiyəyə də Rusiya bazarına göndərdiyi kənd təsərrüfatı, yüngül sənaye və digər məhsullar üçün Ukraynada bazar tapmaq lazım gəlir. Bu da iki ölkə arasında ticari əlaqələrin genişləndirilməsi sahəsində yeni perspektivlər açmaqdadır. Belə bir fikir vurğulanır ki, Türkiyə Ukraynadan sənaye malları alacaq, Ukraynaya isə kənd təsərrüfatı məhsulları ixrac edəcək. Əlbəttə, Türkiyə ilə Ukrayna arasında hərbi, texniki sahədə də əməkdaşlıq inkişaf etdiriləcək. Bu baxımdan Türkiyədə Ukraynanın yardımı ilə müxtəliftəyinatlı hərbi texnika istehsal edəcək hərbi zavodların inşası nəzərdə tutulub.
Qeyd edək ki, son aylarda Türkiyə ilə Ukrayna arasında siyasi, hərbi, iqtisadi ələqələrin intensivləşməsi xüsusilə diqqəti cəlb edir. Belə ki hələ 3 həftə əvvəl Türkiyə Baş Naziri Əhməd Davudoğlu Ukraynaya səfər etmişdi. Səfər zamanı hərbi sahə də daxil olmaqla iki ölkə arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsi barədə razılığa gəlinmişdi.
Təsadüfi deyil ki, Ali Radanın Pyotr Poroşenko blokundan olan deputatı Aleksandr Çernenko məsələ ilə bağlı: “Biz Türkiyə ilə hərbi əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq. Bu çərçivədə də birgə hərbi təlimlərin keçirilməsi, iki ölkə arasında hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulub”,-deyib.
Ukraynalı deputatın bu sözlərindən az sonra Poroşenkonun Türkiyəyə səfəri ərəfəsində Türkiyə və Ukrayna hərbi dəniz qüvvələrinin Aralıq dənizində birgə hərbi təlimləri keçirildi. Hərbi dəniz təlimlərinə paralel olaraq, yaxın aylarda Türkiyə və Ukrayna arasında quruda da analoji təlimlərin keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, bir neçə ay öncə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksandr Turçinovun Ankarada türkiyəli həmkarı Seyfullah Hacımüftüoğlu ilə görüşündə də terrorçuluqla mübarizədə səylərin birləşdirilməsi və hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə olunmuşdu.
Tərəflər o vaxt həmçinin terrorçuluğu dəstəkləyən ölkələrə və qanunsuz miqrasiyaya qarşı mübarizədə birgə səy göstərməyə, habelə güc strukturlarının fəaliyyətinin əlaqələndirilməsinə dair razılığa gəliblər.
Turçinovun sözlərinə görə, Ukrayna və Türkiyə siyasi-diplomatik, hərbi-texniki və iqtisadi resursların birləşdirilməsi üçün unikal imkan əldə ediblər. O bunun Qara dəniz bölgəsində güc balansının pozulmasının qarşısını almaq üçün yaxşı fürsət olduğunu vurğulayıb: “Bizim ölkələr səmərəli regional təhlükəsizlik sisteminin yaradılmasında aparıcı rol oynamalıdırlar”.
Ankara Ukraynanın mümkün qədər tez müddətdə iqtisadi yüksəlişində maraqlıdır və bu ölkəyə 50 milyon dollar həcmində güzəştli kredit ayırıb. İki ölkə arasında Azad Ticarət Zonasının yaradılması haqqında saziş layihəsi hazırlanır. Gələcəkdə Ukraynanın iqtisadi inkişafından Türkiyə də faydalanacaq, xüsusən turizm sahəsində. Maddi rifah halı yaxşılaşacaq ukraynalılar turizm mövsümlərində daha çox Türkiyəyə üz tutacaqlar ki, bu da Türkiyə turizm sənayesi üçün əlavə bazar deməkdir.
Təhlükəsizlik sahəsində Türkiyə və Ukraynaya qarşı yönəlmiş ortaq təhdidin haradan qaynaqlandığı bəllidir. Rusiyanın Abxaziyadan sonra Krımı da ələ keçirərək Qara dənizdə öz akvatoriyasını genişləndirməsi Ukrayna və Türkiyəni (həm də NATO-nu) bu təhlükəyə qarşı balanslaşdırma tədbirləri görmək məcburiyyəti qarşısında qoyub.
İki ölkəni birləşdirən ən önəmli faktor isə Krım və Krım türkləri (tatarları) problemidir. Krım tatarları Ukrayna ilə Türkiyə arasında təbii və çox möhkəm körpüdür. Ukrayna Prezidentinin müşaviri Mustafa Cəmiloğlunun Türkiyəyə hər səfərində Prezident Ərdoğan və Baş Nazir Davudoğlu ilə hər hansı rəsmiyyətə ehtiyac olmadan sərbəst şəkildə görüşməsi təkcə onun şəxsiyyəti ilə əlaqəli bir məsələ deyil, bu, həm də Türkiyə dövlətinin Krım məsələsinə münasibətinin göstəricisidir. Krımın Rusiya tərəfindən ilhaqı ən azı Ukrayna qədər Türkiyə üçün də qəbuledilməzdir.

Əziz Mustafa