Ukrayna və İraqda yeni dünya böhranı yaşanır

683
Gələn ay I Dünya müharibəsinin başlanmasının 100 ili tamam olacaq. 
 Bu müharibə bəşəriyyətə ölüm və dağıntılar gətirərək beynəlxalq aləmdə böyük siyasi dəyişikliklərə gətirib çıxararaq, iki imperiyanın, Osmanlı və çar Rusiyasının varlığına son qoydu. Nəticədə dünyanın siyasi xəritəsində yeni dövlətlər meydana çıxdı. I Dünya müharibəsindən sonra çar Rusiyasının yerində yaranan SSRİ-yə Leninin ölümündən sonra İosif Stalinin, məğlub olan Almaniyaya isə Adolf Hitlerin rəhbərlik etməsi isə II Dünya müharibəsinin başlamasında katalizator rolunu oynadı. Əslində I Dünya müharibəsindən 100 il ötməsinə baxmayaraq, dünyanın  iri dövlətləri arasında olan siyasi və hərbi qütbləşmələr və onlar arasında dünya ağalığı uğrunda gedən mübarizə günümüzdə də davam etməkdədir. Sadəcə olaraq, bu qütbləşmələrdə yerlər dəyişib. Belə ki, əgər I Dünya müharibəsi zamanı dünya ağalığı uğrunda mübarizə Almaniya, Avstriya-Macarıstan  və onların müttəfiqləri ilə Antanta ( Fransa, İngiltərə, Rusiya) arasında gedirdisə, bu dəfə beynəlxalq aləmdə siyasi vəziyyət dəyişib. Almaniya, belə demək mümkünsə, yeni Antantanın (Fransa, İngiltərə) yanında yer alıb.  ABŞ isə yeni Antantanın əsas hərbi-strateji tərəfdaşına çevrilib. Əks qütbdə isə SSRİ-nin dağılmasından sonra Qərb qarşısında təklənən vəziyyətə düşən, ancaq Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra əvvəlki hərbi, iqtisadi gücünü bərpa etməyə çalışaraq, Avropa üçün yeni təhlükəyə çevrilməkdə olan Rusiya dayanır.

 

Ukrayna Qərb və Şərqin toqquşmalar meydanına çevrildi

II Dünya müharibəsindən sonra SSRİ ilə Qərb arasında başlayan “soyuq” müharibədə sonuncuların qalib gəlməsi ilə Avropa üçün yaranan böyük təhlükə aradan qaldırılmış oldu. Hər halda o vaxt Avropanı idarə edənlər SSRİ-nin dağılmasından sonra onun varisi kimi çıxış edən Rusiyanın bir daha özünün əvvəlki gücünü bərpa edə bilməyəcəyini düşünürdülər. Üstəlik, həmin dövrdə Qərb Yaxın Şərqi hədəfə alaraq və islam düşmənçiliyni körükləmə siyasətinə üstünlük verməyə başladı.  Eyni zamanda Qərbin Moskvanın Çeçenistanda həyata keçirdiyi qırğınlara və keçmiş MDB məkanında imperiyanı yenidən bərpa etmə siyasətinə biganə yanaşması Rusiyanın tədricən güclənməsinə gətirib çıxardı. Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxilə edərək, onun ərazilərinin bir hissəsini işğal eləməsindən sonra belə, Qərb özü üçün nəticə çıxara, Putinin imperiyanı bərpa etmə istiqamətində atdığı addımların Avropa üçün yeni təhlükəyə çevrilməsini anlaya bilmədi.

Necə deyərlər, Qərbin Gürcüstanı Rusiyaya qurban verməsi və o vaxt təcavüzkara münasibətdə vahid mövqedən çıxış edə bilməməsi isə Putinə keçmiş MDB məkanında daha geniş əl-qol açmağa imkan verdi. Nəticədə imperiyanı yenidən bərpa etmə istiqamətində Rusiyanın növbəti hədəfi Ukrayna oldu. Bu müstəvidə də Putin Rusiyasının Krımı işğal etməsi, boks termini ilə desək, Qərbin nokauta düşməsi demək oldu. Nəticədə Qərb həyəcan təbili çalaraq Rusiyadan Avropa üçün gələn yeni təhlükənin qabağını almağa cəhd edir. Bu baxımdan Ukrayna hazırda Qərblə Rusiya arasında gedən toqquşmalar meydanına çevrilib. Rusiya Krımı işğal etməklə kifayətlənməyərək açıq şəkildə Ukraynanı parçalama və məhv etmə siyasətini addım-addım həyata keçirməkdədir. Bunun üçünsə Rusiya Ukraynanın şərqində separatizmi körükləməkdə, onlara silah və maliyyə yardımları göstərməkdədir. Qərb isə, öz növbəsində, Ukraynanı Rusiyanın yeni müdaxiləsindən xilas etmək məqsədi ilə ona hərbi-texniki və maliyyə yardımları göstərməyə başlayıb. Amma hadisələrin gedişi göstərir ki, Qərb bu məsələdə çox gecikib və Ukraynanı Rusiyanın caynağından xilas etmək heç də asan olmayacaq. Halbuki Qərb hələ eks-prezident Yanukoviçin Avropa Birliyi ilə assosiativ saziş imzalanmasının əvəzində istədiyi 16 milyard avronu versəydi, bəlkə də, bu gün regionda qanlı toqquşmalar, separatizm və nəhayət, Krımın işğalı da olmazdı. Ona görə də Qərbin iş-işdən keçəndən sonra Ukraynaya hərbi-texniki və maliyyə yardımları göstərməsi əslində çox gecikmiş addımlardandır. Çünki Qərb Rusiyanın Avropa üçün yeni təhlükəyə çevrilməkdə olduğunu əslində adıçəkilən ölkənin Gürcüstana müdaxiləsi zamanı bilməli və ona qarşı sərt addımlar atmalı idi. Ona görə də əslində bu gün Ukraynada baş verən hadisələrə görə məhz Qərb günahkardır. Məsələnin digər tərəfinə gəlincə, Qərbin Ukraynada Rusiyanın Avropaya doğru irəliləməsinin qabağını ala blməsi və orada möhkəmləndirilmiş sədd yaratması heç də asan olmayacaq. İş orasındadır ki, Rusiya separatçıları kifayət qədər yaxşı silahlandırıb və onları ən müasir silahlarla, o cümlədən zenit-raket kompleksləri ilə təchiz edib.  Separatçılar tərəfində Rusiyadan göndərilən və yaxşı hərbi təlim keçmiş muzdluların döyüşməsini də əlavə edəndə, onda çətin ki, Poroşenko hökuməti yaxın vaxtlarda onlara qarşı döyüşlərdə qələbə qazana və ölkənin ərazi bütövlüyünü təmin edə bilsin.

Hər halda Ukrayna hökumətinin separatçılara qarşı döyüşlərdə ciddi uğurlara nail ola bilməməsi və üstəlik, böyük itkilər verməkdə davam etməsi münaqişənin uzanacağını göstərir. Bu isə o deməkdir ki, Ukrayna hələ uzun müddət Qərblə Rusiya arasında toqquşmalar meydanı olaraq qalmaqda davam edəcək. Bir sözlə, Avropanın gələcək taleyi Ukraynada həll edilir. Təsadüfi deyil ki, NATO baş katibi Rasmussen: “Ukraynada baş verən hadisələr bir daha sübut etdi ki, sivil Avropanın gələcəyi və onun təhlükəsizliyinin təmin edilməsi dünyanın hər hansısa bir nöqtəsində, Asiyada, Afrikada, hətta Yaxın Şərqdə belə deyil, ilk növbədə, Ukraynada həll ediləcək. Avropa Ukraynada siyasi və hərbi imtahana çəkilir. Bu imtahanın nəticələri həm Avropanın, həm də dünyanın bu böhrandan çıxa bilib-bilməyəcəyinə aydınlıq gətirəcək”, – deyib.

 

Yaxın Şərqi də terror

meydanına çevirdilər

Ukraynaya münasibətdə Rusiya ilə Qərb arasında ziddiyyətlərin daha da dərinləşdiyi bir vaxtda Yaxın Şərqin  ən yaralı yerlərindən biri olan İraqda baş verən hadisələr Avropa üçün yeni başağrısına çevrilib. Buna da səbəb özlərini İraq Şam İslam Dövləti (İŞİD) adlandıran silahlı qruplaşmaların İraqda uğurla həyata keçirdikləri hərbi əməliyyatlardır. Bu isə beynəlxalq aləmdə Ukraynanın ardınca ikinci bir siyasi böhranın əmələ gəlməsinə səbəb olub. İŞİD təhlükəsinə qarşı ABŞ başda olmaqla Qərb ölkələri özlərinin ənənəvi düşməni İranla belə ortaq məxrəcə gəlməyə cəhd edirlər. Əslində İŞİD-lə bağlı beynəlxalq aləmdə yaranan yeni siyasi böhranda Qərb ölkələrinn özləri günahkardırlar. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi “soyuq müharibə” başa çatandan sonra Qərb-Şərq düşmənçiliyini müsəlman ölkələri müstəvisinə keçirən və müxtəlf bəhanələrlə Əfqanıstanı və İraqı işğal edən ölkələr, indi bunun acı nəticələrini öz üzərlərində hiss etməyə başlayıblar. Belə ki Liviyada, Suriyada baş verənlər və Qərb  dövlətlərinin Yaxın Şərqi parçalayaraq yerində xırda dövlətlər qurmaq siyasəti onlar tərəfindən terrorçu qrupların silahlandırılmasına gətirib çıxardı. Bu isə bölgədə hər an gözlənilməz hadisələrin meydana çıxmasına şərait yaradıb. İŞİD-in meydana çıxması da məhz Qərbin bölgədə apardığı parçalama siyasəti ilə bağlıdır. Məsələnin bu tərəfinə diqqəti cəlb edən İstanbuldaki Bahçesehir Universiteti Strateji Arasdırmalar Mərkəzinin rəhbəri, terrorizm və Orta Sərq məsələləri üzrə tanınmış ekspert Ərcan Çitlioglu deyir ki, Qərb ölkələri müxtəlif qruplaşmaları silahlandıraraq, onlardan Yaxın Şərqdə öz  məqsədləri üçün istfadə etdilər, ancaq bu zaman onun əks-nəticələr verə biləcəyini nəzərə almadılar. O: “İraqda və Suriyada baş verən hadisələr və bu çərçivədə İŞİD-in İraqdakı əməliyyatları da bunu sübut edir”,- deyib.

Öz növbəsində, İran da İŞİD və digər silahlı birləşəmələrin ABŞ başda olmaqla Qərb ölkələri tərəfindən yaradıldığını dəfələrlə bəyan edib.

Bu silahlı birləşmələr və onlar arasında qızışdırılan qardaş qırğını isə bölgədə yeni xırda dövlətlərin yaradılmasına xidmət edir. Ancaq İŞİD-lə bağlı hadisələr göstərir ki, Yaxın Şərqdə Qərb ölkələri Ukraynada olduğu kimi, yeni siyasi böhranla üzləşiblər. Ukrayna və İraqda əmələ gələn yeni siyasi dünya böhranından çıxmaq isə Qərbə heç də asan başa gəlməyəcək.

Əziz Mustafa