Ukrayna və Böyük Britaniya memorandum imzalayacaqlar

538
Ukrayna və Böyük Britaniya müdafiə sahəsində əməkdaşlıq haqqında memorandum imzalamağı planlaşdırırlar.
 Bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak bəyan edib. “Biz iki ölkə arasında əməkdaşlığın məntiqi davamı olan memorandumun üzərində inadla işləyirik”, – deyə S. Poltorak bildirib. Müdafiə naziri fevralın 9-da Böyük Britaniya müdafiə nazirliyinin beynəlxalq təhlükəsizlik Departamentinin müdiri Nik Qerr ilə görüşüb. Britaniya rəsmisi ölkəsi tərəfindən Ukraynaya hər cür dəstəyin veriləcəyini vurğulayıb.

Ukrayna ordusu Mariupol ətrafında hücuma başlayıb

Ukrayna Milli Qvardiyasının bölmələri Donetsk vilayətinin Mariupol şəhəri ətrafında hücum əməliyyatına başlayıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov hazırda Mariupoldadır. “Milli Qvardiyanın bölmələri düşmənin müdafiəsini yararaq hücuma keçiblər”, – deyə Şuranın rəsmi açıqlamasında bildirilib. Əməliyyatda iştirak edən “Azov” alayının “Facebook” səhifəsində artıq Pavlopol, Kominternevo və Şirokino kəndlərinin azad edildiyi xəbər verilib. Ukrayna daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak hazırda Saxanka və Oktyabr kəndlərinin azad edilməsi uğrunda döyüşlər getdiyini deyib: “Hazırda bizim əsgərlər Saxanka və Oktyabr kəndləri uğrunda amansız döyüşlər aparır. Toqquşmalarda terrorçuların xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Cənub cəbhəsində qarşıdurma davam edir”. Ali Radanın üzvü Dmitri Linko isə Mariupol ətrafında hücuma keçən Ukrayna əsgərləri arasında ölən və yaralananlar olduğunu açıqlayıb. O, qarşı tərəfin itkilərinin daha çox olduğunu vurğulayaraq dəqiq rəqəm söyləməyin hələlik mümkün olmadığını bildirib.

Qeyd edək ki, mühüm strateji əhəmiyyətə malik Mariupol şəhəri separatçıların hədəfində olan əsas nöqtələrdən biridir. Ukrayna tərəfi hazırda cəbhə xəttini şəhərdən mümkün qədər uzaqlaşdırmağa çalışır.

Separatçılar Kramatorsk şəhərinə “Tornado” ilə zərbə endiriblər

Ukraynanın Donetsk vilayətinin cəbhə xəttindən kənarda yerləşən Kramatorsk şəhərinə separatçılar tərəfindən zərbə endirilib. Ukrayna Antiterror Mərkəzi bu gün yerli vaxtla saat 12:30-da Kramatorsk aeroportuna “Tornado” reaktiv atəş sistemi vasitəsilə zərbə endirildiyini bildirib. Ətraf binalar da zərər çəkib. Atəşin separatçıların nəzarətindəki Qorlovka şəhərindən açıldığı bildirilir. Donetsk vilayət administrasiyası atəş nəticəsində 3 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb. Xəbəri Ukrayna Prezidenti Pyotr Poroşenko da təsdiqləyib. Dövlət başçısı qeyd edib ki, Kramatorsk şəhərində yerləşən antiterror baş qərargahı “Tornado” ilə vurulub. Hərbçilər və dinc sakinlər arasında ölənlər və yaralananlar var. Qeyd edək ki, 165 mindən çox əhalisi olan Kramatorsk şəhəri qonşu Slavyansk şəhəri ilə birlikdə ötən il iyul ayının əvvəlində Ukrayna ordusu tərəfindən azad edilib. Hazırda şəhər cəbhə xəttindən uzaqda yerləşir.

“Son bir həftə ərzində Ukraynada 263 dinc sakin həlak olub”

Ukraynanın şərqində silahlı münaqişə nəticəsində azı 5 486 nəfər həlak olub, 12 972 nəfər xəsarət alıb. Bu barədə BMT-nin humanitar məsələlər idarəsinin məruzəsində bildirilir. “Son bir həftə ərzində hərbi əməliyyat zonasında 263 dinc sakin həlak olub, 700-ə yaxın insan yaralanıb”, – deyə hesabatda bildirilir. BMT-nin hesablamalarına görə, münaqişə başladığı dövrdən 978  mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb. Qeyd edək ki, Ukraynada münaqişə zonasında 5 milyondan çox insan yaşayır.