Ukrayna üzərində vurulan təyyarə ilə bağlı qalmaqal böyüyür

499

İyulun 17-də Ukrayna səmasında vurulan, Amsterdam-Kuala Lumpur marşrutu ilə hərəkət edən və içərisində 298 sərnişinin olduğu Malayziyaya məxsus “Boeing-777” təyyarəsinin düşdüyü ərazidə 181 nəfərin meyiti tapılıb. Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Xidmətdən bildiriblər ki, axtarış xilasetmə işləri Donetsk vilayətinin Rassıpnoye və Qrabovo yaşayış məntəqələri arasında aparılır. Bu məqsədlə 95 nəfər və 18 ədəd texnika cəlb edilib, lakin silahlı separatçılar aparılan işlərə mane olur.

Bu arada isə “Malaysia Airlines” şirkəti təyyarədə olan sərnişinlərin siyahısını açıqlayıb. Malayziya hökuməti təyyarədə 173 nəfər hollandiyalının, 44 nəfər malayziyalının, 24 nəfər avstraliyalının, 12 nəfər indoneziyalının və 9 nəfər britaniyalının olduğunu bəyan edib. 20 nəfərin vətəndaşlığı hələlik müəyyənləşməyib.

Ümumillikdə təyyarədə ekipaj üzvləri də daxil olmaqla, 285 nəfər olub.

Ukrayna tərəfi sərnişin təyyarəsinin ölkənin şərqində fəaliyyət göstərən silahlı terrorçular tərəfindən “Buk” zenit-raket kompleksi ilə vurulduğunu bildirir. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) hadisədən sonra terrorçular arasındakı telefon danışıqlarının audioyazısını açıqlayıb. Audioyazıda “Bes” ləqəbli terrorçu İqor Bezler təyyarənin vurulması haqda öz kuratoru, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) polkovniki Vasili Nikolayeviç Geraninə məlumat verir: “Elə indicə təyyarə vurduq. “Miner”in qrupu vurub. Yenakiyevo tərəfə düşüb”.

Təyyarənin qalıqlarına baxışdan sonra terrorçular sərnişin təyyarəsi vurduqlarını başa düşüblər. Bunu “Mayor” və “Qrek” təxəllüslü terrorçuların telefon danışığından bilmək olur. “Qrek”in təyyarədə silah olub-olmadığı haqda sualına “Mayor” belə cavab verir: “Heç nə yoxdur. Mülki əşyalar, tibbi ləvazimatlar, dəsmallar, tualet kağızları…”

Bir qədər sonra terrorçulardan biri Don kazaklarının atamanı Nikolay Kozitsinlə danışır. Kozitsin deyir: “Sneijnoye-Torez rayonunda vurulan təyyarə barədə… Bu, sərnişin təyyarəsi imiş. Qrabovo tərəfə düşüb, orada çoxlu meyitlər, qadın və uşaq meyitləri var. Kazaklar indi oraya baxış keçirir”.

Terrorçunun “Malayziya təyyarəsi Ukraynada nə edirdi” sualına Kozitsin belə cavab verir: “Deməli, casusları daşıyırmış”.

Sərnişin təyyarəsinin vurulması bütün dünyada çox geniş əks-səda doğurub. Ağ Ev fəlakətin səbəblərinin araşdırılmasına yardım etməyə hazır olduğunu açıqlayıb. “ABŞ aparılacaq beynəlxalq təhqiqata təcili şəkildə yardım etməyə, Federal Təhqiqatlar Bürosu və Nəqliyyatda Milli Təhlükəsizlik üzrə İdarənin resurslarını da bu məqsəd üçün cəlb etməyə hazırdır”, – deyə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib. C. Ernest təyyarənin qalıqlarının hadisə yerində toxunulmaz qalmasının önəmini vurğulayaraq sübutların saxtalaşdırıla biləcəyi haqda xəbərdarlıq edib: “Rusiya separatçılara silah, texnika və kadr hazırlığı sahəsində dəstək verir. Bu olay Rusiyanın Ukraynada gərginliyin azaldılması üçün təcili addımlar atmasının zəruriliyi haqda bizim çağırışlarımızın aktuallığını təsdiqləyir”. Olayda 27 vətəndaşını itirən Avstraliya isə konkret olaraq Rusiyanı ittiham edib. BMT baş katibi Pan Gi Mun isə hərtərəfli və şəffaf təhqiqatın aparılmasının vacib olduğunu deyib.