Ukrayna təcavüzü dəf etməyə hazırlaşır

575

Ukrayna hökuməti ölkənin şərq vilayəti Donetskə – ruspərəst üsyançılarla döyüş mövqelərinə əlavə hərbi qüvvələr cəlb edib. Buna səbəb kimi Rusiyanın hazırda üsyançıların əlində olan regiona hərbi texnika – tanklar və ağır artilleriya yeritməsi göstərilir.

Bir müddət əvvəl NATO və ATƏT rəsmiləri də belə bir faktı təsdiqləmişdilər. Rəsmi Moskva isə iddiaları əsassız hesab edir.

Öz növbəsində Ukraynanın müdafiə naziri Stepan Poltorak cəbhədəki vəziyyətlə bağlı açıqlama verib.

Ukraynanın müdafiə naziri Stepan Poltorak: “Terrorçu qruplaşmanın əli altında daha çox hərbi gücün toplaşdığını müşahidə edirik. Onların bütün hərəkətlərini və mövqelərini izləyir və hər hansı bir addım atmalarını gözləyirik. Hücumlara qarşı hazır olmalıyıq. Hazırda bizim nəzarətimiz altında olmayan ərazilərdə hücumlarına qarşı əvvəlcədən tədbir olaraq mövqe dəyişiklikləri edirik”.

Hökumət iclasında, eyni zamanda, Baş Nazir Arseniy Yatsenyuk da çıxış edib. Nazir qeyd edib ki, hazırda döyüş bölgəsində humnitar vəziyyət acınacaqlıdır. Yatsenyuk üsyançıların bölgə əhalisinə göndərilən yardımların ələ keçirilərək talandığını deyib.

Bu arada isə BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın qurumdakı daimi nümayəndəsi Yuri Sergey bildirib ki, Rusiya Ukrayna ilə sərhədə 200 tank, 1600 avtomobil, 640 artilleriya qurğusu, 191 təyyarə və 121 vertolyot cəmləyib.

Amerika hökuməti də özünümüdafiə tədbirləri görməsinə görə Ukraynaya haqq qazandırıb.

“Biz atəşkəs razılaşmasının davam etdirilməsini istəyərdik. Lakin Rusiyanın Minskdə əldə olunan razılaşmasının şərtlərini pozduğunu görürük. Belə olan halda isə, Ukraynanın öz ərazilərini müdafiə etməsi üçün tam hüququ çatır.” – deyə ABŞ dövlət departamentinin mətbuat katibi Cen Psaki qeyd edib.

ATƏT rəsmiləri son iki ayda Donetskdə gedən döyüşlər zamanı 100-dən çox ukraynalı, qarşı tərəfdən isə, naməlum sayda üsyançı öldürüldüyünü məruzə ediblər.

Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk isə bir neçə gün əvvəl bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı açıq təcavüz variantına baxır. Onun sözlərinə görə, son bir neçə gündə Donbas hövzəsində zərbə taktik qruplarının formalaşmasının tamamlanması müşahidə olunur. Hərbi ekspert qeyd edir ki, zərbə taktik qruplar, onların tərkibi, strukturu və keçirdiyi tədbirlərin xarakteri Rusiya qoşununun və separatçıların hazırda praktik olaraq tamamilə hücuma hazır olduğunu deməyə əsas verir.

Hərbi ekspert daha əvvəl Donbas hövzəsində 15 min Rusiya muzdlusu və 12 min yerli döyüşçüdən ibarət 4 zərbə qruplaşması formalaşdırıldığı barədə xəbər verib. Hərbi ekspertin sözlərinə görə, həmin zərbə qruplaşmaları Luqansk, Qorlovka-Donetsk, Volnovaxsk-Telmanovsk və  Novoazovskdır. Zərbə qruplaşmalarının istifadəsində olan hərbi texnika və silah arsenalı da kifayət qədər böyükdür.  D. Tımçuk qeyd edir ki, 110-115 tank, 250-280 ədəd BMP, BTR və MT-LB zirehli döyüş maşınları, 80-100 ədəd müxtəlif artilleriya sistemləri, təxminən 500 ədəd hərbi avtomobil nəqliyyatı zərbə qruplaşmalarının istifadəsindədir.

D. Tımçuk Rusiyanın həmçinin Ukrayna ilə dövlət sərhədinə qoşun birləşmələrini yerləşdirməkdə davam etdiyini qeyd edib. Onun bir neçə gün bundan əvvəl irəli sürdüyü iddia da kifayət qədər qorxucudur. D.Tımçuk bildirib ki, Rusiya Ukrayna ilə sərhəddə 6 ədəd “İsgəndər” tipli operativ-taktiki kompleksi, Donbasda isə “S-300” zenit-raket kompleksləri yerləşdirib. Hərbi ekspert həmçinin bildirib ki, Alçevsk, Staxanov və Pervomaysk rayonlarına Rusiya muzdluları və zirehli texnikasının, o cümlədən  mexanikləşdirilmiş “Kabus” briqadasının hərəkəti qeydə alınıb və Krasnodon rayonuna artilleriya sistemləri göndərilib.

Qeyd edək ki, rəsmi Kiyevdən başqa beynəlxalq təşkilatlar da Rusiyanın Donbas hövzəsində, eləcə də Ukrayna ilə sərhəddə hərbi hərəkətləri ilə bağlı narahatlığını ifadə ediblər. Srağagün Avropada NATO Silahlı Qüvvələri birləşmələrinin baş komandanı Filip Bridlav Rusiya tankları, artilleriya sistemləri və şəxsi heyətinin son iki gün ərzində Şərqi Ukraynanın ərazisinə daxil olduğunu bildirib. ATƏT də dünən Donbas hövzəsində fərqləndirici nişanları olmayan 43 hərbi yük maşınının qeydə alındığını açıqlayıb. Məlumata görə, kolon separatçıların nəzarət etdiyi Donetsk şəhərinə hərəkət edirdi. Kolonda beş ağır qaubitsa və beş reaktiv yaylım atəş sistemi qeydə alınıb.