Ukrayna Rusiyaya meydan oxuyur

441

Rusiyanın Krımı işğal edərək Ukraynanın cənub-şərqində separatizmi körükləməsi  Kiyevi buna cavab olaraq öz təhlükəsizliyini müdafiə etmək üçün cavab tədbirlərinə əl atmağa məcbur edir. Bu müstəvidə də dünən Ukraynanın Baş Naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin iclasında bildirib ki, ölkənin daxili və xarici siyasəti ilə bağlı yeni qanun qəbul ediləcək. Yatsenyuk  Ukraynanın neytral statusunun ləğv ediləcəyini söyləyib. O deyib ki, ölkənin ərazi bütövlüyü və suverenliyi üçün təhlükənin artması Ukraynanın bloklara qoşulmama siyasətinə yenidən baxmasını zərurət kimi ortaya çıxarıb.

“Vaxtilə ruslara rüşvət kimi qəbul edilən bu qanun (“bloklara qoşulmama”) ləğv olunmalıdır. Ukrayna daxili və xarici siyasi xəttlə bağlı yeni qanunlar qəbul edəcək, habelə ölkənin neytral statusu ləğv olunacaq. Ukrayna ordusu NATO standartlarına uyğunlaşdırılmalıdır”, – deyə o vurğulayıb.

 A. Yatsenyuk hökumətin Ukrayna-NATO tədbirlər planını təsdiqləyəcəyini də bildirib.

Bununla da Yatsenyuk Ukraynanın öz təhlükəsizliyini təmin etmək məqsədi ilə NATO hərbi bloku ilə əməkdaşlığı genişləndirəcəyi niyyətində olduğunu gizlətməyib. Ukraynanın neytral ölkə statusunu ləğv etməyə hazırlaşması ilə bağlı məsələyə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov: “Hazırkı vəziyyətdə öz təhlükəsizliyini müdafiə etmək üçün belə bir addımın atılması Ukrayna üçün olduqca zəruridir. Neytral statusun ləğv edilməsi Ukraynaya NATO ilə əməkdaşlığı daha da genişləndirməyə və gələcəkdə bu təşkilata üzv olmağa imkan verə bilər. Mən bunu təqdir edirəm”, -dedi.

 Hərbi ekspert, ehtiyatda olan polis polkovniki, beynəlxalq hüquq üzrə fəlsəfə elmləri doktoru Qabil Zamanlı: “Bloklara qoşulmama statusunun ləğv edilməsi Ukraynaya NATO ilə hərtərəfli inteqrasiyaya imkan verəcək. Bunun da Ukraynaya Rusiyadan gələn hərbi təcavüz təhlükəsinin qarşısının qismən alınmasında önəmli rol oynayacağı şübhə doğurmur. Bütün hallarda Ukraynanın neytral statusunun ləğv edilməsi istiqamətində atılacaq addımlar bu ölkənin təhlükəsizliyini möhkəmləndirəcək”,-dedi.

 Əziz Mustafa