Ukrayna-Rusiya sərhədi yaxınlığında şiddətli döyüşlər davam edir

Ukrayna-Rusiya sərhədi yaxınlığında Ukrayna ordu hissələri ilə separatçılar arasındakı döyüşdə qanunsuz silahlı dəstələrin 40 üzvü öldürülüb. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti rəsmi açıqlama yayıb. 
Açıqlamada bildirilir ki, Snejnoye yaşayış məntəqəsinin cənubundakı yolda Ukrayna hərbi helikopterləri Rusiya ərazisindən daxil olan avtomobil karvanına zərbələr endirib: “Helikopterlərin zərbələrindən sonra əraziyə hava desantı endirilib və düşmənin darmadağın olunması başa çatdırılıb. Terrorçular 12 avtomobil və 40-dan çox adam itiriblər. Onlar külli miqdarda Rusiya mənşəli silah və sursat, o cümlədən “PZRK”, tank əleyhinə və atıcı silahlar gətirirdi”.

Bundan başqa, Ukrayna hərbçiləri Donetsk vilayətinin Rusiya sərhədi yaxınlığında yerləşən Stepanovka yaşayış məntəqəsi ətrafında separatçı-terrorçu qruplaşmaya aid 2 tank, 2 “BTR” və üzərində iri çaplı pulemyot quraşdırılmış 2 KAMAZ avtomobilini məhv ediblər.

İri miqyaslı əməliyyat Ukrayna-Rusiya sərhədinin nəzarətsiz qalmış istiqamətlərini bağlamaq məqsədilə keçirilir. Ukrayna daxil işlər nazirinin müşaviri Anton Geraşşenko şənbə gününə qədər sərhədin nəzarətə götürüləcəyini bəyan edib: “Silahlı Qüvvələr Milli Qvardiyanın dəstəyi ilə dövlət sərhədi boyunca cənubdan şimala və şimaldan cənuba marş keçirib. Məqsəd sərhəd xəttinin terrorçuların arasıkəsilməz hücumları nəticəsində təəssüf ki, açıq qalmış hissəsini bağlamaqdır. Hesab edirəm ki, dövlət sərhədi  tam bağlanacaq. Bütün yollar hərbi texnika tərəfindən atəş altında saxlanılacaq, Ukrayna ərazisinə soxulmağa cəhd göstərən silahlılar məhv ediləcək”.

Bu arada isə Ukraynanın şərqində yaşanan gərgin vəziyyətlə əlaqədar Avropa ilə Rusiya arasında qarşılıq ittihamlar səngimək bilmir. Ötən gün Avropa Komissiyasının prezidenti Jose Manuel Barrozu növbəti dəfə Rusiyanı zorakılıqları dəstəkləməməyə çağırıb. Gürcüstanda səfərdə olan Avropa rəsmi qeyd edib ki, Rusiya Ukraynaya müdaxilə etmək üçün şərqi Ukraynadakı yerli rəhbərliyin səlahiyyətindən sui-istifadə etməməlidir.

“Cənab Poroşenko ölkənin şərqində davam edən silahlı qarşıdurmalarla əlaqədar mənə dərin narahatlığını bildirib. Eyni zamanda, Rusiya tanklarının Ukrayna sərhədlərini pozması müşahidə olunub. Rusiya bu kimi hərbi əməliyyatlardan çəkinməlidir”.

 

Donetsk və Luqanskda antiterror

əməliyyatları keçirilir

Nikolayevski briqadasının əsgərləri Rusiya ilə sərhəd ərazidə atəşə tutulublar. Atəş nəticəsində əsgərlər arasında ölənlər var. Atışma nəticəsində əsgərlərdən iki nəfərin öldüyü, daha 21 nəfərin isə yaralandığı bildirilir.

Kirovqrad şəhərinin xüsusi təyinatlılarının 3-cü kəşfiyyat alayı da separatçıların hücumuna məruz qalıb. Kəşfiyyatçılar Rusiya ilə sərhəd məntəqəsini möhkəmləndirərkən qəfil hücuma məruz qalıblar. Slavyansk yaxınlığında Rusiya ilə Ukrayna sərhədində hələ də döyüşlərin getdiyi bildirilir.

Rusiyadan Ukraynaya daxil olan 2 tank vurulub, döyüşlərdə 4 Ukrayna hərbçisi həlak olub.