Ukrayna müharibə elan edə bilər

532
Ukraynanın Baş naziri Arseniy Yatsenyuk, Rusiyanın cümə günü Minskdə imzalanan atəşkəs razılaşmasını pozması halında Ukraynanın döyüş vəziyyətini elan etmək məcburiyyətində qala biləcəyini bildirib.
Yatsenyuk televiziya kanalına verdiyi müsahibədə Ukraynanın döyüş istəmədiyini vurğulayaraq, keçən həftə imzalanan və Qərb ölkələri tərəfindən dəstəklənən atəşkəsin də bundan əvvəlki atəşkəs kimi olacağı təqdirdə Ukraynanın müharibə elan etməkdən başqa çarəsi qalmayacağını bildirib.

Baş nazir Yatsenyuk döyüş elan olunmasının hazırki vəziyyətdə həm mənfi, həm də müsbət cəhətləri olduğunu bildirib.

”Müharibə elan etməyin əsas üstünlüklərindən biri budur ki, ölkədə bütün sektorlar döyüş səbəbiylə işlək vəziyyətə gətirilir. Yəni bu müharibədir. Onsuz da bizdə müharibə davam edir. Bəli elan edilməmiş, amma müharibədir”.

Digər tərəfdən Yasenyuk müharibə elanının böhranın diplomatik həlli yolunu bağlayacağını və bu vəziyyətdə belə bir qərarın qərb ölkələri tərəfindən dəstəklənməyəcəyini əlavə edib.

 

Ukrayna ərazisindəki Rusiya qoşunlarının 70 faizi ölkədən çıxarılıb

Bunu Ukrayna Prezidenti Petro Poroşenko Nazirlər Kabinetinin iclasında bildirib. O  deyib ki, Rusiya qoşunlarının böyük hissəsi sərhədin Rusiya tərəfinə geri çəkilib: “Kəşfiyyatın son məlumatlarına əsasən Rusiya qoşunlarının 70 faizi ölkədən çıxarılıb”.

P. Poroşenko hesab edir ki, bu fakt sülh prosesinin yaxşı perspektivə malik olduğunu düşünməyə əsas verir. O, Minsk razılaşmalarının Ukrayna ərazilərinin qoparılmasını və yaxud federallaşmanı nəzərdə tutmadığını vurğulayıb: “İmzalanan protokolda hansısa federasiyadan, ayrılmadan söhbət getmir və gedə bilməz”.

Xatırladaq ki, sentyabrın 5-də Minskdə keçirilən danışıqlarda Ukrayna ilə separatçılar arasında atəşkəs protokolu imzalanıb.

Ayrı-ayrı rayonlarının statusu haqqında qanun layihəsi hazırlanıb

Gələn həftə Donbass bölgəsinin ayrı-ayrı rayonlarının statusu haqqında qanun layihəsi Ali Radaya təqdim ediləcək.

Bunu Ukrayna Prezidenti Petro Poroşenko Nazirlər Kabinetinin iclasında deyib. O bildirib ki, qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın adları sənəddə əksini tapmayıb.

Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında yerli idarəetmənin müvəqqəti qaydaları haqqında qanun layihəsi bu rayonların Ukrayna dövləti tərkibində statusunu müəyyən edir. P. Poroşenko gələn həftə layihəni parlamentə təqdim edəcəklərini açıqlayıb: “Bu layihə həmin rayonların Ukraynanı suverenliyi altına sülh yolu ilə qayıtmasını təmin edir. Mən xahiş edirəm ki, bu qanun layihəsinə dəstək verilsin və biz sülh prosesini pozmayaq. Güman ki, növbədənkənar seçkilərdə Donetsk və Luqansk sakinlərinin seçəcəyi deputatlar bizi məmnun etməyəcək. Lakin siyasətin seçki bülletenləri ilə müəyyənləşdirilməsi avtomat və “Qrad” atəşləri ilə müəyyən edilməsindən daha yaxşı deyilmi? Bu yolun alternativi yoxdur”.

P. Poroşenko onu da qeyd edib ki, Ukrayna Rusiya təhlükəsi şəraitində yaşamağa alışmalıdır: “Təəssüf ki, bu, uzunmüddətli hərbi təhlükədir və hazırkı böhran aradan qalxsa belə, bu təhlükə keçməyəcək. Ona görə də belə şəraitdə yaşamağa öyrəşməliyik. Bizim strateji planlaşdırmamızın üfüqləri aylar və illəri yox, onillikləri əhatə edir”.

Bu arada isə Ukrayna Milli Teleradio Şurası Rusiyanın 15 telekanalının ölkə ərazisində  yayımına qadağa qoyub. Qadağa aşağıdakı telekanallara tətbiq edilib: “Perviy kanal. Vsemirnaya set”, “RTR-Planeta”, “NTV Mir”, “Rossiya 24”, TVCI, “Rossiya 1”, NTV, TNT, “Peterburq 5”, “Zvezda”, “REN TV”, “RBK TV”, “LifeNews”, “ Russia Today” və “İstoriya”.

Bundan əvvəl Ukrayna Milli Teleradio Şurası Rusiya xüsusi xidmət orqanlarının və xüsusi təyinatlılarının fəaliyyətinə həsr olunmuş film və seriallara qadağa qoyacağını elan etmişdi.

“İlovaysk ətrafında azı 200 hərbçimiz həlak olub”

Donetsk vilayətinin İlovaysk şəhəri ətrafında baş verən döyüşlər və Ukrayna qüvvələrinin mühasirəyə düşməsi nəticəsində azı 200 Ukrayna hərbçisi həlak olub.

Bunu Ukraynanın baş prokuroru Vitali Yarema açıqlayıb. O bildirib ki, bu hadisə ilə bağlı istintaq aparan hərbi prokurorlar Ukrayna Silahlı Qüvvələrinin ali komandanlığını dindirir: “Hazırda Dnepropetrovskda hərbi prokurorlar çalışır. Onlar Silahlı Qüvvələrin Baş Qərargah rəisi Mujenkonu, Cənub operativ komandanlığının komandanı Litvini və ordunun ali zabit heyətinin dindirir”.

Xatırladaq ki, avqustun sonlarında Donetsk şəhərinin mühasirəsini başa çatdırmaq məqsədilə strateji əhəmiyyətli İlovaysk şəhərinə daxil olan Ukrayna ordusunun və könüllü batalyonlarının bölmələri daha sonra ölkə ərazisinə daxil olan Rusiya qoşunları tərəfindən mühasirəyə alınıblar. Ukrayna qüvvələri şəhər ətrafında baş verən şiddətli döyüşlərdə və mühasirəni yararaq çıxarkən ağır itkilərə məruz qalıblar. Bu faciə ilə əlaqədar hərbi prokurorluqda cinayət işi açılıb.