“Uğursuzluqdan nəticə çıxaranlar həyatda uğur qazanırlar”

801

İstər şəxsi, istərsə də iş həyatında uğura can atmaq insanın əsas qayəsidir. Bu səbəbdəndir ki, hər birimizin müəyyən hədəflərimiz var. Amma müşahidələr göstərir ki, məqsədə aparan yol, heç də həmişə hamar olmur. Həyatımız boyu müxtəlif maneələr, çətinliklər, uğursuzluqlarla üzləşirik. Bu da əksər hallarda ruh düşkünlüyünə, müxtəlif dərəcəli depressiyaların yaşanmasına səbəb olur.

Mövzumuzla bağlı suallarımızı cavablandıran Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov bildirdi ki, ruh düşkünlüyü yeniyetməlik vaxtlarından başlayaraq, ömrün sonuna qədər insan həyatında özünü göstərən prosesdir: “Müasir psixoterapiya və psixologiya elmi sübüt edir ki, hətta uşaq depressiyaları da mövcuddur. Bir çox hallarda depressiya ruh düşkünlüyünə cavab reaksiyası kimi ortaya çıxır”. Müsahibimiz ruh düşkünlüyünün yaranma səbəbləri barəsində də məlumat verdi: “İnsanın həyatdan müəyyən gözləntiləri olur. Bunlar həyatda öz əksini tapmadıqda, müəyyən problemlər ortaya çıxdıqda insanda ruh düşkünlüyü, özünə qapanma, ətrafdan təcrid olma, insanlarla ünsiyyətdən qaçma və s. kimi psixoloji simptomlar özünü büruzə verir”.

 “Ruh düşkünlüyünün yaratmış olduğu törəmə problemlər daha təhlükəlidir”

Müsahibimiz vurğuladı ki, ruh düşkünlüyü yaşayan adama biganə qalmaq olmaz: “Ruh düşkünlüyü öz-özlüyündə qorxulu bir şey deyil. O zaman qorxuludur ki, artıq xroniki hal almaqdadır”. E. Rüstəmov vurğuladı ki, ruh düşkünlüyünün yaratmış olduğu törəmə problemlər daha təhlükəlidir. Onun sözlərinə görə, mütəxəssisləri də sözügedən törəmə problemlər daha çox narahat edir: “Ruh düşkünlüyünün yaratmış olduğu törəmə problemlər əsasən intihara cəhd, alkoqola, narkotik maddələrə qurşanma və sairədir”.

 “Özümüzü psixoloji cəhətdən üzləşə biləcəyimiz hadisələrə hazırlamalıyıq”

“Ruh düşkünlüyündə ailənin və çevrənin rolu böyükdür”,-deyən müsahibimiz fikirlərini belə davam etdirdi: “Çox vaxt ruh düşkünlüyünə keçici hal kimi baxırıq. Amma bu cür halları ciddiyə almaq, onu nəzarətdə saxlamaq lazımdır. Belə ki, əgər hər hansı bir yeniyetmə ruh düşkünlüyü yaşayırsa və valideyni ona biganədirsə, nəticədə həmin şəxs dərslərindən uzaqlaşacaq, özünə qapanacaq, zərərli vərdişlərə qurşanacaq və s.”.

E. Rüstəmov onu da əlavə etdi ki, ruh düşkünlüyü yaşamamaq üçün özümüzü psixoloji cəhətdən gələcəkdə üzləşə biləcəyimiz proseslərə, hadisələrə hazırlamalıyıq: “Həyatımızda cərəyan edən bütün hadisələrə qarşı özümüzü psixoloji cəhətdən hazırlamaq üçün birinci növbədə hədəflərimiz real və əlçatan olmalıdır. Həmçinin məqsədlərimizə nail olmaq üçün lazımi qədər əmək sərf etməliyik, onun məsuliyyətini dərk etməliyik. Belə olduğu təqdirdə, insan hansısa bir uğursuzluğa düçar olduğu zaman nəinki ruh düşkünlüyü yaşayır, əksinə, səylərini daha da artırır və s. Psixoloji hazırlıqlı insan başa düşür ki, istədiyinə nail olmaq üçün daha çox və daha dəqiq çalışmalıdır”.

 “Hazırda gənclər daha çox ruh düşkünlüyü yaşayırlar”

E. Rüstəmovdan öyrəndik ki, hazırda gənclər daha çox ruh düşkünlüyü yaşayırlar: “Gənclərin ruh düşkünlüyü yaşaması iş tapa bilməmələri ilə bağlıdır. İlk baxışdan belə görünür ki, hər kəs iş axtarır, amma heç kim də iş tapa bilmir. Amma reallıq isə tamam başqadır. Hazırda əmək bazarında çox sayda vakant yer var. Buradan da belə qənaətə gəlmək olar ki, hədəflər real olmalıdır və məqsədinə çatmaq üçün lazım olan keyfiyyəti özündə formalaşdırmalısan. Bu keyfiyyətləri özündə formalaşdırmağa tənbəllik edən insanlar nəticədə istədiyinə nail ola bilmir və həmin kəslərdə ruh düşkünlüyü yaranır. Sonda qeyd etmək istəyirəm ki, uğursuzluğa münasibət insanların fərdi psixoloji xüsusiyyətlərindən asılıdır. Belə bir deyim var – “məğlubiyyət yoxdur, mübarizəni dayandırmaq var”. Həyatda ciddi uğur qazanan insanlar çox sayda uğursuzluqlar yaşayan və ondan doğru nəticə çıxaranlardır.

Psixoloq-psixoterapevt Təhminə Çələbi bildirdi ki, həssas insanlarda ruh düşkünlüyü daha çox müşahidə olunur: “Həssas insanlar daha çox romantik olurlar və hər şeyi daha tez ürəklərinə salırlar. Belə şəxslər hər hansı bir uğursuzluqla üzləşdikləri zaman “əlləri yanlarına düşür”. T. Çələbi onu da əlavə etdi ki, ruh düşkünlüyünə sıradan və ötəri hadisə kimi yanaşmaq olmaz. Çünki bizlərə ilk baxışdan adi hal kimi görünən ruh düşkünlüyü çox böyük psixoloji gərginlik olan depressiyanın təməlini qoya bilər: “Ruh düşkünlüyü yaşayan insanların ailəsinin və digər yaxınlarının üzərinə böyük məsuliyyət düşür. Belə ki, ruh düşkünlüyü yaşayan insanları yalqız qoymaq olmaz. Onlar tək qaldığı zaman özlərinə daha çox qapanırlar”. Müsahibimiz onu da əlavə etdi ki, ruh düşkünlüyü gənclərdə olduğu kimi, yaşlı nəslin nümayəndələrində də müşahidə olunur: “Yaşlılar pensiya dövründə daha çox ruh düşkünlüyü yaşayırlar. Onlar hesab edirlər ki, bu yaşdan sonra onlar artıq heç kimə lazım deyillər. Bu zaman yenə onların yaxınlarının üzərinə böyük məsuliyyət düşür. Belə ki, pensiyada olan insanlara ən azından nəvələrini həvalə etməklə, onlarda özlərinə inam hissini aşılamaq mümkündür”.

 “Hər bir situasiyanın müsbət tərəfləri var”

“Situasiyanı dəyişə bilmiriksə, ona olan münasibəti dəyişmək lazımdır”,- deyən T. Çələbi fikirlərini belə davam etdirdi: “Hər bir situasiyanın müsbət tərəfləri var. Həyatımızda bir uğursuzluq baş verdisə, ruhdan düşmək əvəzinə, ondan lazımi dərs çıxarmağa çalışmalıyıq. Əgər biz hər bir uğursuzluğumuzdan dərs ala bilsək, qabaqda bizi gözləyən problemlərə daha hazırlıqlı olarıq”.

Elvin Əliyev