Uğursuzluq da mədh olunarmış

Ermənistanın yeni baş naziri Nikol Paşinyan NATO-nun Brüsseldə keçirilən Zirvə toplantısına qonaq kimi üz tutdu. Getdi ki, Dağlıq Qarabağla bağlı öz sayıqlamalarına haqq qazandırsın, Avropa İttifaqı ilə müstəqil əlaqələr qursun, amma…

Bəri başdan deyək ki, Nikol Paşinyan işğalçı ölkənin baş naziri kimi Brüsselə ilk səfərində gül-çiçəklə qarşılanacağını, başa keçiriləcəyini, bir sözlə, diqqət mərkəzində olacağını zənn edirdi. Avropa liderləri isə kücədən hakimiyyətə gəlmiş, qısa zaman kəsiyində öz avantürist çıxışları ilə tanınmış Nikol Paşinyana əsla məhəl qoymadılar. Bununla da ona və apardığı siyasətə heç bir rəğbət bəsləmədiklərini əyani şəkildə nümayiş etdirdilər. Bunu həm də onların Ermənistana münasibətləri kimi dəyərləndirmək olar. Təbii ki, bu, Paşinyanı məyus etdi. Lakin o, bu məyusluğu büruzə verməməyə çalışdı.

Nikol Paşinyan Brüssel səfərində Rusiyanın forpostu olmadığını və rəsmi Moskvanın sərt baxışları altında Qərb qurumlarına inteqrasiya siyasəti yeritdiyini ortaya qoymaq istədi. Qərb Paşinyanın bu hiyləgərliyinə də uymadı. Digər tərəfdən də o, bu addımı ilə Ermənistanın havadarı sayılan Rusiyaya meydan oxudu. Çünki Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının tamhüquqlu üzvü olan bir dövlətin NATO-ya üz tutması başa düşülən deyil. Odur ki, Rusiyanın ona şıllaq atanın başını tumarlayacağı inandırıcı görünmür. Axı rəsmi Moskva özündən asılı olanların səhvini bağışlamır.

Nikol Paşinyan Dağlıq Qarabağ problemi ilə danışıqlar prosesində separatçı rejimin iştirak etməsinin vacibliyini dəfələrlə demişdi. O, bu fikrini Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerinlə görüşdə də dilə gətirdi. Amma Mogerin açıq şəkildə bəyan etdi ki, danışıqlar prosesi heç bir şərt qoyulmadan davam etdirilməlidir. Bununla da Dağlıq Qarabağ məsələsində beynəlxalq qurumlarla razılaşmaq istəməyən Nikol Paşinyan  növbəti zərbə almış oldu.

Üstəlik, Avropa İttifaqı ona səxavət kisəsini də açmadı. Belə ki, Nikol Paşinyan  öz mövqeyini möhkəmləndirmək üçün Ermənistanda yeni seçkilər keçirmək məqsədilə Avropa İttifaqından 70-80 milyon avro almaq istədi. Bu dilənçiyə bildirdilər ki, qurumun buna imkanı yoxdur.

Bir sözlə, istər Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində, istərsə də NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bötüvlüyünə birmənalı dəstək ifadə olundu. Hətta Ermənistanın NATO-nun yekun sənədinə xalqların öz müəqddəratını təyin etmə prinsipini daxil etmək cəhdi də boşa çıxdı. Təbii ki, bütün bunlar Azərbaycanın kifayət qədər qəti və prinsipial şəkildə öz mövqeyini ortaya qoyması, Ermənistanı Avropa arenasında da nokauta salması  sayəsində baş tutdu. Nəticədə Paşinyan Qərbdən əli ətəyindən uzun qayıtdı.

Bütün bunlar bir daha sübut etdi ki, artıq dünya Ermənistanın nazı ilə oynamaqdan bezib. Odur ki, beynəlxalq qurumlar ona öz yerini göstərməyə başlayıblar. Bütün bunlara rəğmən, Ermənistan mətbuatı və ermənipərəst dairələr Nikol Paşinyanın apardığı siyasəti vəsf edirlər. Məsələn, https://ru.1in.am saytı yazır ki, guya bu səfər Ermənistanla Qərb arasındakı tərəfdaşlıq sahəsində yeni bir səhifə açacaq. Digər saytlar isə bu “görüşü” Ermənistandakı məxməri inqilabın inikası kimi dəyərləndiriblər. Kays Minasyan adlı bir politoloq isə Brüsseldə avropalı liderlərin Paşinyanla görüşə “can atmalarını”ndan həvəslə söz açıb.

Təbii ki, bütün bunlar Nikol Paşinyanın uğursuz siyasətini pərdələmək və sadə erməni xalqının başının altına yastıq qoymaqdan başqa bir şey deyil. Unutmayaq ki, bir zamanlar Ermənistanın kütləvi informasiya vasitələri ölkəni uçuruma yuvarlayan sabiq prezidentlərı – Serj Sarkisyanı, eləcə də Robert Koçaryanı beləcə mədh edirdilər.

 Qvami Məhəbbətoğlu, “İki sahil”